SOCAR neft şirkətidi...

18:10 09-10-2019 90

Akif Nəsirli

 ...yoxsa əmlak məsələləri komitəsi?

 Sentyabrın 28-də və 30-da Qarabağ əlillərinin SOCAR-ın - Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Mühafizə İdarəsinin əməkdaşları tərəfindən döyülməsi hər bir Azərbaycan vətəndaşını sarsıtdı. Elə bu xüsusda söhbət düşmüşkən bir məsələyə diqqət çəkim ki, bu dövlət şirkətinin adı nə üçün ingiliscə abreviaturada verilir (State Oil Comrany of Azerbaiyan Rerublic - SOCAR)? Ola bilsin ki, bəzi oxucularda sual yaransın ki, qeyd edilən hadisənin neft şirkətinin adına nə dəxli var? Amma fikrimizcə, var, şirkətin adı da kimlərinsə boyuna biçilməsəydi, bəlkə bu hadisə də baş verməzdi. Əlqərəz, qayıdaq mətləbə, ölkədə dövlət dili Azərbaycan dilidirsə, bu şirkət də dövlət şirkətidirsə, şirkətin adı mütləq şəkildə Azərbaycan dilində olmalıdır, onun loqosu da, məhz dövlət dilində başlığa inteqrasiya edilməlidir. Yadınızdadırsa, bir neçə il əvvələ qədər şirkətin adı Azərbaycan dilində abreviaturası ilə məşhurlaşmışdı - ARDNŞ. Lakin sosial şəbəkələrdə şirkətin adını onun prezidenti Abdullayev Rövnəqin adı ilə bağlı hallandırılaraq açıqladılar, bu da şirkət prezidentinin xoşuna gəlmədi. Məhz o səbəbdən də, şirkətin adını ingiliscə abreviaturada səsləndirməyə başladılar. Qanunlara hörmət edilən ölkələrdə heç vaxt yol verilə bilməz ki, dövlət şirkətinin adı onun prezidentinin arzusu ilə dəyişdirilsin, prezidentin bu addan xoşu gəlmirsə, bu ifadəyə dözə bilmirsə, özü istefa verə bilər və bu, fəlakət də sayılmaz, gedib başqa işlə məşğul ola bilər. Təəssüf ki, bizdə hələ bu qaydalar və ona uyğun siyasi mədəniyyət oturuşmayıb! Yəni biz bir şirkət rəhbərinin nazı ilə o qədər oynadıq ki, sonda o, qoçularını Azərbaycan torpaqlarının müdafiəsində sağlamlığını itirmiş, həyatını riskə atmış Qarabağ veteranlarının üstünə göndərdi, onları vəhşicəsinə döydürdü. Bu, məsələnin bir tərəfi.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycan Respublikasında torpaqlar SOCAR-ın istifadəsinə nə üçün verilib və verilir? Sualın cavabı o qədər də çətin deyil, ölkənin neft və qaz çıxarılan, bu xammal resurslarını daşıyan kəmərlərin keçdiyi əraziləri şirkətin balansına keçirirlər ki, hasilat və daşıma işlərini rahat həyata keçirə bilsinlər. Neft şirkəti bu torpaqlarda öz işini başa çatdırdıqdan sonra torpaqlar dövlət balansına qaytarılmalı və uyğun təyinatı üzrə hökumətin qərarı ilə istifadə edilməlidir. Lakin son 25 ildə neft şirkəti qazma-hasilat işləri başa çatmış torpaqları dövlət torpaq fonduna qaytarmır, qeyri-rəsmi olaraq əhalinin məskunlaşması üçün satır. Hətta, bu sahədə torpaqların bazar qiymətləri də mövcuddur. Hazırda təkcə Abşeron iqtisadi rayonunda SOCAR əməkdaşları qeyri-rəsmi olaraq minlərlə hektar ərazini məskunlaşma üçün əhaliyə satıb. Lakin həmin ərazidə yaşamaq əhalinin  sağlamlığı üçün nə qədər uyğun olub-olmadığını heç kim bilmir. Bunu ona görə qeyd edirəm ki, neft hasil edilən ərazilərdə torpaqlar adətən neftlə çirklənir ki, bu da ərazidə şüalanmanı yüksəldir. Belə ərazilərdə yaşamaq isə əhalinin sağlamlığı üçün təhlükəlidir. Yeri gəlmişkən, neft ərazisində ev tikən tanıdığım bir ailənin bütün üzvləri xərçəng xəstəliyinə tutulub, ikisi dünyasını dəyişib, ikisi isə hələ də xəstəliklə mübarizəni davam etdirir.

Neft şirkəti bir tərəfdən qeyri-rəsmi gəlir əldə etməklə varlanır, digər tərəfdən isə satdığı torpaqlarla yanaşı, vətəndaşlarımıza müxtəlif növ şüa xəstəlikləri "hədiyyə edir". Ən dözülməzi isə odur ki, bu bazarlıqlar əsnasında torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığını itirmiş veteranları vəhşicəsinə döyürlər. Bu hal nə birincidir nə də sonuncu, SOCAR müxtəlif təbəqədən olan əhali qrupunu öz qoçularının dəyənəkləri altına salıb. Bu özbaşınalıqlara dövlət səviyyəsində son qoyulmalı, hərəyə öz səlahiyyət çərçivəsi yenidən xatırladılmalıdır.

O ki qaldı SOCAR-ın mühafizə dəstəsinə, bu dəstə əhalini döymək, qeyri-qanuni tikilən evləri sökmək üçün nəzərdə tutulmayıb. Mühafizə dəstəsi əsasən hasilat və daşıma aparılan əraziləri qorumaq üçün nəzərdə tutulub. Onların keşik çəkdiyi ərazilər daim nəzarətdə olmalı və həmin sahələrə kənar şəxslər buraxılmamalıdır. Daha onlar gəlib ruşvətlə neft şirkətinin ərazisində salınan adsız qəsəbənin ortasında kiminsə qeyri-qanuni tikintisini sökə bilməz, bu, Azərbaycan qanunlarına ziddir. Görüntülərdə izlənilən bütün tikililər - evlər və digər binalar hamısı qeyri-qanuni tikilib, heç birinin sənədi yoxdur. Elə isə SOCAR nə üçün qəsəbəni ucdantutma sökmür, gedib qəsəbənin ortasında bir veteranın evini sökür? Çünki veteran tələb olunan rüşvəti verə bilməyib, bunun başqa yozumu yoxdur.

Əgər hər- hansı bir qeyri-qanuni tikinti sökülməlidirsə, bunun üçün məhkəmə qərarı olmalıdır və bu qərarı da məhkəmə icraçıları həyata keçirə bilər. SOCAR-ın Mühafizə İdarəsinin əməkdaşlarının - qoçu dəstəsinin həyata keçirdiyi əməliyyatlar isə tam olaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Bu qanunsuzluğa görə də, məhz şirkətin rəhbəri məsuliyyət daşımalıdır. O isə "qazilər başımızın tacıdır",-deməklə məsuliyyətdən yayınmağa çalışır.