ALİMENT

18:15 09-10-2019 85

Ümumi məlumat:

Valideynlər uşaqlarını saxlamağa borcludur. Onlar yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə, “aliment ödənilməsi barədə saziş” bağlamaq hüququna malikdir.

Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) onlardan məhkəmə qaydasında tutulur.

Aliment şəklində uşağa ödənilən məbləğ uşağa baxan valideynin sərəncamına daxil olur, həmin şəxs tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.

Alimentin miqdarı

Aliment iki qaydada tutulur: ya valideynlərin öz aralarında razılaşdığı şəkildə, ya da məhkəmə qaydasında.

Məhkəmə qaydasında da aliment iki formada tutula bilər:

  1. 1.Sabit pul məbləğində
  2. 2. Əmək haqqına müvafiq nisbətdə

Sabit pul məbləğində alimentin tutulması o deməkdir ki, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) yoxdur, gəliri dəyişkəndir və ya qazancından aliment tutulması mümkün deyil. O zaman məhkəmə hər ay yaşayış minimumuna görə uşağın əvvəlki yaşam tərzinin səviyyəsi saxlanmaqla, aliment kəsir. Bu məbləğ 2019-cu il üçün 160 manat müəyyən edilmişdir.

Əgər aliment borclu valideynin əmək haqqından tutulacaqsa, o zaman miqdarı aşağıdakılara uyğun müəyyən edilir:

1 uşağa görə-dörddə bir hissəsi;

2 uşağa görə-üçdə bir hissəsi;

3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı.

Bütün hallarda bu rəqəmlər  məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də, diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla, azaldıla və artırıla bilər. Bakı şəhərində minimum aliment məbləği qanuna uyğun olaraq 160 manat kəsilsə də, bu qərar rayonlarda daha aşağı məbləğdə təyin edilir. Mən bunu düzgün hesab etmirəm. İstər rayon, istərsə də, şəhərdə minimum məbləğ olan 160 manat bir uşağın saxlanmasına yetmir və bunu hər kəs çox gözəl bilir. Belə bir vəziyyətdə 160 manatı da azaltmaq nə dərəcədə ədalətlidir, bu özü sual doğuran məsələdir.

Valideyn himayəsindən
məhrum olmuş uşaqlara
görə tutulan aliment və
ondan istifadə qaydası

Valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir.

Valideyn himayəsindən məhrum olmuş və tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilən uşaqların valideynlərindən tutulan aliment həmin müəssisələrin hesabına keçirilir və hər bir uşağın özünə xərclənir.

Göstərilən müəssisələr həmin məbləğləri bankda saxlaya bilər. Məbləğlərin dövriyyəsindən alınan gəlirin 50 faizi uşaqların saxlanmasına sərf olunur. Uşaq bu müəssisələri tərk etdikdə aliment məbləğlərinin cəmi və alimentin dövriyyəsindən əldə olunan gəlirin 50 faizi uşağın adına bankda açılan hesaba köçürülür.

Baba və nənədən aliment almaq barədə

Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələri saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, zəruri vəsaiti baba və nənədən məhkəmə yolu ilə aliment almaq hüququna malikdirlər.

Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələri saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlar da eyni qaydada nənə və babadan aliment ala bilər.

Alimentin tutulması və ödənilməsi prosesi necə baş verir?

Aliment almaq hüququ olan şəxs istənilən vaxt məhkəməyə “aliment tutulması barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müraciət edir. Aliment işlərində məhkəməyə dövlət rüsumu ödənilmir. Çünki məhkəməyə ödənilməsi gərəkən dövlət rüsumunu hakim yekun qərarında aliment ödəyəsi şəxsdən tutur.

Aliment məhkəməyə rəsmi iddia ərizəsi ilə müraciət etdiyiniz vaxtdan hesablanır və yekun məhkəmə qərarı qüvvəyə mindikdən sonra borcludan tutulur.

Bundan başqa, hətta əvvəlki 3 ilə görə də aliment ala bilərsiniz.

Aliment tələbinə dair mülki işlərə məhkəmələrdə bir ay müddətə baxılır və yekun  qərar çıxarılır. Yəni QƏTNAMƏ qət edilir. Həmin qətnamə çıxarıldığı gün qüvvəyə minir və elektron məhkəmə sisteminə əsasən müvafiq icra şöbəsinə göndərilir.

Məhkəmə tərəfindən icra şöbəsinə göndərilən sənədə İCRA VƏRƏQİ deyilir. Həmin bu icra vərəqi icra şöbəsinə daxil olduqdan sonra müvafiq icra məmuruna həvalə edilir. İcra məmuru da öz növbəsində İcra İşi üzrə icraata başlayır. İcra məmuru icraata başlamaq barədə qərar qəbul etdikdən sonra borcluya könüllü icraya dair 10 gün vaxt verir. Əgər borclu, yəni alimenti ödəyən şəxs onu könüllü şəkildə ödəməzsə, o zaman borclu barəsində müvafiq tədbirlər görülür.

(İcra məmurunun görə biləcəyi, görməli olduğu tədbirlər barədə ətraflı daha sonra bəhs edəcəm.)

Əgər aliment borclu şəxsin əmək haqqından tutulacaqsa, alimentin məbləği iş yerinin müdiriyyəti tərəfindən hər ay onun əmək haqqından və (və ya) başqa gəlirindən, verildiyi gündən sonra ən geci 3 gün müddətində alimenti alan şəxsə verilir və ya hesabına köçürülür.

Aliment ödəməli olan şəxs xarici ölkəyə daimi yaşamaq üçün getdikdə, aliment necə tutulur?

Xarici ölkəyə daimi yaşamaq üçün gedən şəxs qanunla saxlamağa borclu olduğu ailə üzvləri ilə aliment ödənilməsi barədə saziş bağlaya bilər.

Aliment ödənilməsi barədə saziş olmadıqda hər iki tərəf məhkəməyə müraciət edərək, aliment miqdarını sabit pul məbləğində müəyyən etməklə, onun birdəfəlik ödənilməsini, alimentin əvəzinə müəyyən əmlak verilməsini, yaxud alimentin digər üsulla ödənilməsini tələb edə bilər.

Aliment ödənilməsi nə vaxt dayanır?

Əgər aliment barədə saziş varsa, aliment öhdəliklərinə tərəflərdən biri ölərsə, sazişin müddəti bitərsə və ya sazişdə nəzərdə tutulmuş digər əsaslara görə  xitam verilir.

Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:

  1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;
  2. aliment ödənilən uşaq övladlığa götürüldükdə;
  3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;
  4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;
  5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.

Digər nüanslar:

Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.

Ödəniləsi alimentdən əlavə olaraq məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

Valideynlərin də övladlarından aliment almaq hüququ vardır. Eləcə də ailənin digər üzvləri, bacı və qardaşlar, nənə və babalar, ər və arvadlar müvafiq şəxslərdən aliment ala bilərlər.

Alimenti vaxtında ödəməməyə görə alimentin miqdarına uyğun faizdə hər gecikdirilmiş günə görə dəbbə pulu ala bilərsiniz.

Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

Ailə üzvlərinin aliment vəzifələri ərazisində birgə yaşadıqları ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Birgə yaşayış yeri olmayan ailədə iddiaçı yaşadığı ölkənin qanunvericiliyinə uyğun olaraq aliment alır.

Nikah pozulmadan da aliment ala bilərsiniz. Yəni aliment ala bilmək üçün boşanmağı gözləmək lazım deyil. Aliment almaq üçün istənilən vaxt məhkəməyə müraciət edə bilərsiniz.

Hüquqşünas, hüquq şirkətinin direktoru Sevinc Rəhimova

İstinad:

Azərbaycan Respublikası Ailə Məcəlləsi.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.