Prezident Cabbarovu işdən çıxartdı, yeni vəzifə verdi

15:38 23-10-2019 95

 

Azərbaycan Respublikası Prezidenti Mikayıl Cabbarovun Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

"Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilsin".

Prezidentin digər sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib.

 

Prezident bu nazirlikləri birləşdirdi - Şok islahat

 

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən olunsun ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əsasnaməsinin yeni layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. barələrində nizamnamə kapitalındakı dövlət payının idarə edilməsi funksiyaları həyata keçiriləcək kommersiya təşkilatlarının siyahısını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirsinlər.

 

 

Prezident Kərəm Həsənovu işdən çıxartdı

 

Azərbaycan Prezidenti İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi haqqında fərman imzalayıb.

Axar.az xəbər verir ki, beləliklə Əmlak Məsələləri Dövlət Komitəsi müstəqil qurum kimi ləğv olunub. Beləliklə qurumun sədri Kərəm Həsənov da işdən azad edilmiş sayılır.

Onun səlahiyyətlərini İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərəcək əmlak məsələləri üzrə qurumda təmsil olunub-olunmayayacağı haqqında sərəncam yoxdur.

Qeyd edək ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilən dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələr əsasında davam etdirəcəklər.

Prezident İqtisadiyyat Nazirliyinin Əsasnaməsinin yeni layihəsini hazırlamaq üçün Nazirlər Kabinetinə 2 ay vaxt verib.

 

 

Prezident Zahid İsayevi də vəzifəsindən azad etdi

 

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Axar.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəisi Zahid İsayev vəzifəsində azad olunub.