Bağça adıyla “yeyilən” milyonlar – Büdcədəki rəqəmlər işin üstünü açdı

16:02 08-11-2019 110
Büdcədən məktəbəqədər təhsil müəssisələrində ərzaq üçün ayrılan pulların xərclənməsində ciddi problemlər var. Və burada xırda vəsaitdən deyil, milyonlardan söhbət gedir.
 
Tanınmış ekspert Rövşən Ağayev 2020-ci ilin büdcəsi ilə bağlı paylaşdığı rəqəmlərdən də bu, aydın görünür.
 
BakuPost xəbər verir ki, onun göstərdiyi rəqəmlərin müqayisəsi kifayət qədər ilginc nəticələr çıxarmağa əsas verir:
 
“Deməli, 2017-ci ildə məktəbəqədər təhsil müəssisələrində ərzaq alınmasına 41.6 mln. manat xərclənmişdi. 2018-ci ildə proqnoz birdən-birə az qala 3 dəfə azaltdılar və 17.2 mln. manat xərc nəzərdə tutuldu. Amma il bitəndən sonra bəlli oldu ki, 17.2 mln. manat yox, faktiki olaraq 53.7 mln. manat xərclənib.
 
2019-cu il gəldi - məktəbəqədər təhsil ərzaq xərcləri az qala 2 dəfə artırıldı - 53 mln. manatdan 97.3 mln. manata çatdırıldı.
İndi isə 2020-ci il gəlib, həmin xərclər 35%-ə yaxın azaldılaraq 65 mln. manata endirilib.
 
Aydındır ki, qısa müddətdə nə ərzağın qiymətlərində, nə də uşaqların sayında belə kəskin qalxıb-enmə ola bilməz və onlar da xərclərin bu cür ziqzaqvarı hərəkətinə gətirməz.
Ehtimal etdiyim versiya: burda hansısa qara maraqlar cocuqların ərzağından qazanmaq üçün qara oyunlar qurur...”
 
Hər halda rəsmi izah çox maraqlı olar.