“BƏLİ, İSLAHATLARA EHTİYAC VAR!” – “Biz hələ işin başlanğıc mərhələsindəyik”

18:03 12-11-2019 125

“Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir”. “Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, ölkəmizdə kadr islahatları davam edir: “Kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Keçənilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilib”.

“Son 16 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanır. Bu inkişaf özünü bütün sahələrdə büruzə verir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Bu gün biz dünya miqyasında çox böyük hörmətə layiq ölkə kimi öz fəaliyyətimizi aparırıq. Qoşulmama Hərəkatının bu yaxınlarda Bakıda keçirilmiş Zirvə Görüşü bunu bir daha təsdiqlədi. Biz artıq BMT-dən sonra dünya miqyasında ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edirik və üç il ərzində sədrliyi davam etdirəcəyik. Bu sədrlik 120 ölkənin rəyi əsasında yekdil qərarla əldə edilibdir. Yəni bu, onu göstərir ki, dünya birliyinin ən azı üçdəiki hissəsi Azərbaycanı dəstəkləyir və bizim siyasətimizə böyük qiymət verir.
Eyni zamanda siyasi islahatlar aparılır. Son illərdə demokratiyanın inkişafı istiqamətində, insan haqlarının qorunması işində böyük nailiyyətlər əldə edilib. Həmişə dediyim kimi, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir”, – Prezident deyib.

“Sosial islahatlar uğurla aparılır. Yoxsulluğun aşağı səviyyəyə düşməsinin əsas səbəbi də ondan ibarətdir ki, bizim iqtisadi islahatlarımız, o cümlədən sosial sahə böyük diqqətlə əhatə olunur. Bu il 4 milyon 200 mindən çox insan çox geniş sosial paketlə əhatə olunubdur və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artmışdır”.-deyə Prezidentiİlham Əliyev deyib.

“Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox, müavinətlər 2 dəfə artmışdır. Bu il orta əməkhaqqı 35 faiz artmışdır. Mənə bu yaxınlarda verilən statistik məlumata görə, hazırda Azərbaycanda orta əməkhaqqı 723 manat təşkil edir. Əminəm ki, gələcək illərdə bu rəqəm artacaq. İlk növbədə, ona görə ki, həm maaşlar artacaq, eyni zamanda, biz kölgə iqtisadiyyatına qarşı ciddi mübarizə apararaq, artıq 100 mindən çox iş yerini kölgədən çıxarıb və onları rəsmiləşdirə bilmişik və bu proses davam edəcək. Biz hələ işin başlanğıc mərhələsindəyik. Amma orta əməkhaqqının 35 faiz artırılması və 723 manata çatdırılması, əlbəttə ki, sosial siyasətimizin bariz nümunəsidir”, – deyə, dövlət başçısı əlavə edib.