AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ 09 NOYABR 2019-CU İL TARİXDƏ II QURULTAYINI KEÇİRİB

21:29 12-11-2019 140

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN 9 NOYABR 2019-CU İL TARİXLİ
II KONQRESI BARƏDƏ MƏLUMAT


Azərbaycan Demokrat Firqəsi 74 ildən sonra ikinci konqresini (qurultayını) keçirib. Ali məclis Azərbaycan Respublikasının və 1945-1946-cı illərdə Təbrizdə fəaliyyət göstərmiş Azərbaycan Milli Hökumətinin himnlərinin səsləndirilməsi ilə açılıb. Sonra ADF-nin yaradıcısı və ilk rəhbəri olmuş Seyid Cəfər Pişəvərinin, onun sələfləri sayılan digər 5 sədrin - Badiqanın, Qulam Yəhya Danişani, Əmirəli Lahuridi, Valeh Quluzadə və firqənin dünyasını dəyişən bütün sədaqətli üzvlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Konqresi giriş sözü ilə açan ali məclisin ən yaşlı və partiya stajlı nümayəndəsi, tanınmış tarixçi-alim, ADF və "21 Azər" hərəkatı ilə bağlı çoxsaylı kitabların, elmi məqalələrin müəllifi Əkrəm Bije (Rəhimli) tədbirin Azərbaycan Respublikasının dövlət Bayrağı gününə təsadüf etməsini unudulmaz hadisə kimi dəyərləndirib: "Biz azərbaycanlılar harada doğulmağımızdan, yaşamağımızdan asılı olmayaraq bu bayraq və himnləri fəxrimiz, qürurumuz sayırıq", - deyib.
İclasın sədri, katibi, mandat və say komissiyalarının tərkibi, reqlamenti müəyyənləşdirildikdən, gündəliyi təsdiqləndikdən sonra firqənin Təbrizdə 3 oktyabr 1945-ci il tarixli birinci konqresinin canlı iştirakçısı, ən stajlı və yaşlı (94 yaş) üzvü, hüquq elmləri namizədi Soltanəli Mirzəzadənin ali məclisə ünvalanan təbrik məktubu oxunub.
ADF sədrinin səlahiyyətlərini icra edən Rəhim Hüseynzadənin "Azərbaycan Demokratik Firqəsinin 74 ildə keçdiyi yola qısa bir nəzər və ADF-nin müasir dövrdə qarşısında duran vəzifələr" mövzusunda məruzəsi ətrafında müzakirələr aparılıb, tanınmış alim və tədqiqatçıların, müxtəlif ölkələrdə yaşayan firqə üzvlərinin rəy və təklifləri dinlənilib.
Konqresdə təşkilati məsələlərə də baxılıb. ADF MK-nın yeni tərkibi, müşavir və fəxri üzvləri seçilib. Yekunda konqresin qərar layihəsi oxunub, səs qoyalaraq yekdilliklə qəbul edilib. (qərar layihəsi məlumata daxil edilir)
Həmin gün ADF MK-nın plenumu da keçirilib.
Ali Məclis təklif və müzakirələrdən sonra Rəhim Hüseynzadəni Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin yekdilliklə sədri seçib. Firqə sədrinin təşkilati, təbliğati və beynəlxalq əlaqələr üzrə müavinləri də səsvermə yolu ilə seçilib.
Plenumda ADF MK-nın İcraiyyə Heyətinin və Mərkəzi Təftiş Komissiyasının yeni tərkibləri səsvermə ilə müəyyənləşdirilib. Ali Məclisin işini Azərbaycan Respublikasının və Azərbaycn Milli Hökumətinin himnlərinin sədaları altında başa çatdırıb.


AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN 9 NOYABR 2019-CU İL TARİXLİ II KONQRESİNİN QƏRARI


Azərbaycan Demokrat Firqəsinin (ADF) II Konqresi bütün firqə üzvlərini, tərəfdarlarını və təəssübkeşlərini salamlayır, "21 Azər" hərəkatının ideyalarına sədaqətini bütün Azərbaycan xalqına elan edir.
Konqres Rəhim Hüseynzadənin “Azərbaycan Demokrat Firqəsinin 74 ildə keçdiyi yola qısa bir nəzər və ADF–nin müasir dövrdə qarşısında duran vəzifələr” mövzusunda məruzəsini və məruzə ətrafında çıxışları dinləyərək qərara alır:
1. ADF Seyid Cəfər Pişəvəri ideyalarından, dövrün tələblərindən, sözlə əməlin vəhdətindən yaranan bir partiya olduğundan, bu günə kimi nəinki Cənubi azərbaycanlıların, eləcə də bütün İran xalqlarının rəğbətini qazanan, digər mütərəqqi siyasi təşkilatlara, firqələrə nümunə ola biləcək tarixi təşkilat modelidir. ADF demokratik və milli dəyərlərə sadiq olan bir təşkilatdır;
2. 1945-1946-cı illərin Milli Hökuməti ADF-nin rəhbərliyi altında onun tövsiyələrinə əməl etməklə göstərdi ki, firqənin istiqamət verdiyi islahatların son 75 ildə ölkədə alternativi ola biləcək ikinci mütərəqqi bir sənəd yoxdur;
3. 1960-cı ildə SSRİ-nin kommunist partiyasının təzyiqi ilə ADF-nin İran Xalq Partiyasına (“Tudə”yə) birləşdirilməsi tarixi və siyasi bir yanlışlıq idi ki, bundan mahiyyətcə yalnız ADF deyil, İranın bütün mütərəqqi qövvələrinə kəskin zərbələr dəymişdir;
4. Konqres hesab edir ki, ADF MK-nın 6 iyul 2019-cu il tarixli plenumu firqənin adı ilə əlaqədar qərarını düzgün müəyyənləşdirmişdir və "Tudə" ilə hər hansı bir təşkilati və struktur bağlılığı yolverilməzdir. Firqənin 3 oktyabr 1945-ci il tarixli birinci konqresində qəbul olunmuş Məramnamə və Nizamnaməsinin fəaliyyət üçün tam bərpası, firqənin bütün mütərəqqi qüvvələrlə əməkdaşlıqda maraqlı olması, 74 ildən sonra II konqresinin keçirilməsi zərurətini bəyan etməsi barədə qərarları S.C.Pişəvəri yoluna sədaqətinin, iradə və qətiyyətinin əyani ifadəsidir;
5. Konqres hesab edir ki, müasir dövrümüzün siyasi prosesləri, reallıqları firqənin Məramnamə və Nizamnaməsində müəyyən redaktələr aparılmasını zəruri etmişdir. Buna görə də yeni seçilmiş Mərkəzi Komitəyə uyğun redaksiya heyətinin yaradılması, firqə Məramnamə və Nizamnaməsinin ilkin variantının təkmilləşdirilərək növbəti plenumun müzakirəsinə çıxarılması həvalə olunmalıdır;
6. ADF-nin II Konqresi firqənin seçilmiş olan ali orqanlarına tam etimad edir, MK üzvlərinin kimliyinin tam məxfiliyinin qorunub saxlanılmasını doğru hesab edir, S.C.Pişəvəri siyasi xəttini firqə üçün ən düzgün olan siyasi xətt hesab edir, firqənin Mərkəzi Komitə üzvlərinin, MK üzvlüyünə müşavir üzvlərin və fəxri üzvlərin siyahısını təsdiq edir, əmin olduğunu bildirir ki, onların hər biri üzərlərinə düşən etimadı layiqincə doğruldacaqdır;
7. ADF-nin konqresi əmindir ki, firqə öz fəaliyyətində keçmişin praktikasında özünü doğrultmuş bütün mütərəqqi üsulları tətbiq edəcək, onları yeni təşəbbüslərlə zənginləşdirəcək;
8. Konqres ADF MK-dan və onun digər rəhbər strukturlarından firqədə revanşist hərəkət və davranışları ifşa etmək, bu kimi təşəbbüslərin fəal iştirakçıları barədə müvafiq ölçülər götürmək və pozucu qüvvələrə qarşı sərt və barışmaz olmağı tələb edir.
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ MƏRKƏZİ KOMİTƏSİ