Qarabağı azad etməyin sülh nağılı davam edir

18:58 13-11-2019 195

 Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Qarabağın azadlıq yolu isə yalnız müharibədir

 Əziz oxucular, ölkəmizin xristianlar tərəfindən parçalanıb işğal olunması mərhələlərlə iki yüz ildir davam edir. Qafqazda iki xristian dövlətinin yaradılması ideyasının müəllifi rus çarı I Pyotrdur. Pyotr tərəfindən irəli sürülən bu sərsəm ideyanın gerçəkləşdirilməsi o, hakimiyyətdən getsə də, bu gün də davam edir. Çarizm öz yerini məcburiyyət qarşısında bolşevizmə verdi. Bu rejim 70 ildən sonra süqut etdi. Rus çarının Qafqazda iki xristian dövlətini yaratmaq vəsiyyəti artıq yerinə yetsə də, Azərbaycan torpaqlarının işğalı barədə planı bu gün də öz axarı ilə davam etdirilir. Bu xəyanət projesinin bundan sonra da davam etməyəcəyinə isə heç bir əminlik və təminat yoxdur.

Çünki torpaqların işğal olunmasına əzəldən şərait yaradan biz özümüz olmuşuq və hazırda da işğala şərait yaratmaqda davam edirik. Fikir verin, Azərbaycan 1813 - 1828 - ci illərdə Rusiya və İran arasında iki yerə bölünərək, tam işğal olunub. Biz də bir millət olaraq bununla razılaşmışıq. Çar Rusiyasının dağılması, bolşeviklərin Rusiyada qələbəsindən sonra Qafqaz Seymi dağılıb və 1918-ci ilin mayında Qafqazda üç respublika yaranıb. Ermənistan və Gürcüstan dövlətləri, demək olar ki, Azərbaycan ərazilərini parçalayıblar. Borçalı Gürcüstana verilib, çox səhv olaraq, uzun çək-çevirdən sonra, qədim Azərbaycan şəhəri olan İrəvan 100 illiyə Ermənistana paytaxt olaraq icarəyə verilib, millət bununla da razılaşıb. Öz ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirməyə fürsət axtaran ermənilər cəmi 2 il sonra, yəni Azərbaycan 1920-ci ilin aprelin 28-də bolşeviklər tərəfindən işğal olunanda  Zəngəzur, Dərələyəz, Göyçə kimi Azərbaycan ərazilərini ələ keçiriblər və Dağlıq Qarabağa Azərbaycan daxilində myxtariyyətin verilməsinə nail olublar və millət buna da razı olub.

  SSRİ-nin dağılması ərəfəsində 1988-ci ildə Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edən ermənilər ötən illər ərzində rus hərbi birləşmələrinin köməyilə ərazimizin 20 faizini də işğal ediblər. 30 ildir torpaqlarımızın işğalı davam edir və biz bir millət kimi yenə də çox səhv olaraq, torpaqlarımızın işğaldan azad olunmasını ermənilərin himayədarı olan ATƏT-in Minsk Qrupunu təşkil edən xristianlara etibar edirik!

Təəssüflə bildirirəm ki, xalqımız heç cür dərk edə bilmir ki, dünya tarixində bu günədək sülh yolu ilə, işğalda olan torpağın  bir metri belə azad olunmayıb! Xalqımızın torpağının işğal altında olmasına susqun qalmasına baxmayaraq, ermənilər qalib olmalarına rəğmən sakit durmur və Azərbaycana qarşı hər məqamda meydan oxuyur. Ermənilər məqsədlərinə çatacaqlarına nikbinliklərini ona görə itirmir ki, hər şey onların xeyrinə işləyir.

Əgər Azərbaycan 30 ilə yaxın zaman ərzində sülh danışıqları yolu ilə, hətta bir kəndi belə, azad etməyibsə, bundan sonra Dağlıq Qarabağın azad olunması barədə xalqa deyilənlərin hamısı nağıldır. Özü də elə bir nağıl ki, tam yalan olduğu zamanla isbatlanıb. Yalan təbliğatla və vədlərlə xalqı məğlubiyyətə hazırlayan xarici güclərin yeganə məqsədi Dağlıq Qarabağ ətrafında nəticəsiz sülh danışıqlarının müddətini uzatmaqla, işğal altında olan torpaqların sahibsizləşməsini təmin etmək, Zəngəzur, Dərələyəz, Göyçə və digər torpaqlar kimi, Dağlıq Qarabağ ərazilərinin də ermənilərə verilməsini də-yure reallaşdırmaqdan ibarətdir.

Azərbaycan hökuməti torpaqların azad olunması üçün beynəlxalq qüvvələrin indiyədək təklif etdikləri şərtlərlə razılaşsa da, Ermənistan və onu dəstəkləyən erməni-xristian lobbisi həmin şərtləri qəbul etməkdən imtina edir. Əslində, şərtləri təklif edən də, həmin şərtləri qəbul etməməyi ermənilərə məsləhət görən də, xristian təəssübkeşliyini hər şeydən üstün tutan super güclərdir. "Dovşana qaç, tazıya tut", deyən Rusiya münaqişənin tezliklə həll olmasını, əslində istəmir. Torpaqlarımızın işğaldan azad olunmasını inhisarında saxlayan Rusiya bundan Azərbaycana qarşı hər an təzyiq vasitəsi kimi istifadə edir və ölkəmiz üzərindən bütün istəklərini həyata keçirir. Dövlətimizin müstəqilliyini daim təhlükə altında saxlayır.

Bölgədə hazırkı gərginliyin sonu barədə heç nə demək mümkün deyil. Rusiya regionda hegemon olduqca, Azərbaycanın işğal altında olan torpaqlarının azad olunacağı barədə düşünmək mümkün deyil. Hazırkı status-kvoya son qoyub, torpaqları azad etməyin yeganə yolu, nə qədər çətin olsa da, yalnız müharibəyə başlamaqdan keçir. Bunun üçün real şərait və hərbi güc də yetərincədir. Əgər yaxın zamanlarda müharibəyə başlamasaq, torpaqlarımızın, xüsusən də Dağlıq Qarabağın ermənilərdən geri alınmasına Rusiya və digər xristian dövlətləri imkan verməyəcəklər.

Sülh danışıqları adı altında mövcud status-kvonun qorunub saxlanması isə Dağlıq Qarabağın ermənilərə verilməsi üçün ən optimal variantdır.