"Təşəkkürnamə"li Səhiyyəmiz

19:01 13-11-2019 95

Pulsuz ödənişli dövlət səhiyyəsi

 Son zamanlar Azərbaycan səhiyyəsinin eybəcərlikləri barədə kifayət qədər yazılıb, danışılıb və göstərilib. Hazırkı durumu isə səhiyyəmizin "dəfin mərasimi" kimi qiymətləndirmək olar. Amma istənilən mərasimin də maraqlı nüansları, qeyri-adi məqamları olur, özü də elə məqamlar ki, vətəndaşlar bundan heç nə anlamır, anlasa belə, artıq gec olur.

Belə ki, bugünlərdə yolum Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına düşdü. Məqsədim bu səhiyyə ocağında nəyisə araşdırmaq, hansısa məsələni çözmək deyildi, sadəcə burada müalicə alan tanışımı yoluxmağa getmişdim. Günün birinci yarısı olduğundan həkimlər palataları gəzib pasientləri müayinə edir, təyinatları yeniləyir və s. həmişəki işləri ilə məşğul olaraq, adi iş günlərini yaşayırdılar. Lakin bu adi iş günlərinin kifayət qədər qeyri-adi elementləri diqqət çəkirdi. Həkim xəstələrin təyinatını dəyişərkən xüsusi retsept yazıb xəstəyə verir ki, bunlar mütləq alınmalıdır. Bundan əlavə, xəstəyə dərmanın hansı aptekdən alınmalı olduğunu da, diqqətlə izah edir. Əvvəl elə bildim ki, bu dərmanlar başqa apteklərdə yoxdur, həkim ona görə xüsusi qayğı ilə aptekin yerini izah edir. Həkim gedəndən sonra reseptə nəzər salanda bəlli oldu ki, bu dərmanlar bütün apteklərdə var. Sən demə həkim xəstəni  özünün müqaviləsi olan aptekə ünvanlayırmış.

Yoluxmağa getdiyim tanışım nəql elədi ki, hələ bu harasıdır, rayonlardan göndərişlə gələn xəstələrin ən yüngül xərci qeydiyyatdan keçməkdir - cəmi beş manat. Bunun ardınca gəlir bütün müayinələrdən keçmək - bu müayinələrin heç də hamısı xəstəxananın özündə olmur. Özəl və digər dövlət xəstəxanalarına getmək lazım gəlir ki, bu da xəstədən 20 manatdan 100-150 manata qədər xərc tələb edir. Dövlət xəstəxanası olmasına baxmayaraq, burada bütün xidmətlər ödənişlidir və hər bir xidmətin də öz qiyməti var. Xəstələr demişkən, dövlət xəstəxanasında təkcə tavan pulsuzdur - amma dəqiq hesablama aparsaq, onun da pulunu xəstədən çıxarırlar.

Onu da qeyd edim ki, xəstələrlə söhbət zamanı bəlli oldu ki, burada müalicə alanların hamısı özəl xəstəxanalarda müalicə almaq imkanı olmayanlardır. Bəziləri rayonlardan təyinatla, bir neçəsi isə Səhiyyə Nazirliyinin xüsusi göstərişi ilə müalicə almağa göndərilib. Burada isə fərqinə varmadan bütün xəstələri öz hesabına ödənişli əsaslarla müalicə edirlər. Sadəcə olaraq, bu ödənişlər rəsmiləşdirilmir.

Daha maraqlı məqam isə ondan ibarətdir ki, xəstəxanada müalicə alan bütün xəstələrə müalicənin sonunda "təşəkkürnamə" yazdırırlar.

Yuxarıda qeyd edilən əlamətlər səhiyyəmizdə çoxdan yer almışdı , indi isə daha  şiddətli xarakter alıb. "Təşəkkürnamə" söhbəti isə Oqtay Şirəliyevin yeni "kəşfləri" siyahısına daxil edilə bilər. Təşəkkürnamələrdən birinin məzmunu ilə tanış olmaq şərəfinə nail oldum. Xəstə bildirdi ki, bu təşəkkünaməni həkim özü tərtib edib. Xəstənin isə «müqəddəs borcu» bu "təşəkkürnamə"ni imzalamaqdır. Xəstə artıq mətnin altına mübarək imzasını həkk etmişdi. Mətində qeyd edilirdi ki, filan tarixdən xəstəxanada yüksək səviyyədə müalicə aldım, həkimimdən və tibbi personaldan tam razıyam və hamıya tək-tək təşəkkür edirəm və s. və i.

Mən təşəkkürnamənin mətnini oxuduqca, sənədə imza atan xəstə havalanmağa başladı, gördüm, mən mətni axıra qadar ucadan oxusam aləm qarışacaq, səsimin tonunu azaltdım və özüm üçün oxumağa başladım. Sənədi xəstəyə qaytaranda o, soruşdu ki, siz oxuduqlarınız burda yazılıb? Mən də ona cavabı sualla verdim- məgər siz oxumamış imzalamısınız?

 - Mən nə bilim orda nə yazılıb, "medsestra" göstəriş verdi ki, burdan imza atmaq lazımdı, mən də imzaladım... Məsələnin daha ciddi xarakter aldığını görəndə, mən artıq palatanı tərk etdim.

Bu gün köhnəlmiş səhiyyə sistemi günbəgün eybəcərləşməkdə, daha bədheybət görkəmə düşməkdə davam edir. Bu sistemə yeni nəfəs verməyin, yenidən qurmağın vacib olduğu hər an çılpaqlığı ilə hiss edilməkdədir. Buna baxmayaraq, hökumət hələ də səhiyyə sistemində islahatlara başlamağa tələsmir. Tibbi sığorta ideyası artıq ölkəmizdə 10-15 il əvvəl ortaya atılıb, amma bu iş ildən-ilə yubadılır, ona ayrılan vəsait bu ildə o biri ilə keçirilir. Bunun isə yeganə səbəbi korrupsiyaçı məmurların müqavimətidir. Belə ki, hər il dövlət büdcəsində səhiyyəyə 800-900 milyon manat vəsait ayrılır ki, bunun da 70-80 faizi korrupsiyaya yem olur. Azərbaycanda tibbi sığortanın hansı modelinin tətbiq olunacağı hələ də bəlli deyil, amma dünyada bu modelin oturuşmuş nəzəri əsasları var. Belə ki, tibbi sığorta tətbiq edilən ölkələrdə dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait vətəndaşlar arasında bölüşdürülür və həmin vəsait hər bir vətəndaşın kart hesabına yatrılır. Digər sığorta ödənişləri də vətəndaşın bu hesabına yüklənir. Ölkə böyu bütün səhiyyə ocaqları özəlləşdirilir və verilir vətəndaşın ixtiyarına. Vətəndaş əlində olan vəsaitlə ən yaxşı səhiyyə ocağını seçir. Beləcə səhiyyə sistemi sağlamlaşır və inkişaf edir. Tibbi sığorta tətbiq edildikdən sonra səhiyyəyə ayrılan vəsaitlərin artırılması birbaşa vətəndaşın sağlamlığının yaxşılaşmasına təsir edir. İndiki sistemdə isə səhiyyəyə ayrılan vəsait kor quyuya tökülən su kimi yoxa çıxır, digər tərəfdən isə əhalinin sağlamlığı ildən-ilə pisləşir. Ona görə də Azərbaycanda tibbi sığortanın tətbiqi ən qısa müddətdə həyata keçirilməlidir.

 Akif Nəsirli