Tənqidə dözüm müsbət keyfiyyətdir

19:38 15-11-2019 185

Tərifə qulaq kəsilənlər inciməsinlər

Tənqid və özünütənqidi heç də hər kəs normal qəbul etmir. Amma tənqidə aqressiv yanaşma insanların xeyrinə deyil. Əslində, hər bir məsələyə tənqidi yanaşmağın vacib olduğunu düşünürəm. Mənə görə hər məsələdə, hətta ailədə, işdə, həyatın bütün sahələrində insan öz işinə tənqidi yanaşsa, daha çox uğur qazanar.

“Tənqid şəkər deyil, dərhal şirin yeyəsən” deyənləri də başa düşürəm. "Düşmən səni tərifləyirsə, deməli, haradasa səhvə yol vermisən" deyimi də təsadüfi deyilməyib. Bu sözlərin hər birində həyat həqiqətləri əks olunub. Deməli, hər tərif edənin  dost,  hər tənqid edənin düşmən olduğunu düşünmək də yanlışdır. Hər iki halda tənqid və ya tərif edənin kimliyi - dostluğu və ya düşmənçiliyi barədə konkret rəyə gəlmək üçün tərifin və ya tənqidin reallığı nə qədər əks etdirməsinə diqqət etmək lazımdır.

Azərbaycanda, adətən tənqid zəhər, tərif isə məcun kimi qəbul olunur. Hətta ən əziz adamın hərəkətinə tənqidi yanaşanda belə, bu  çox zaman açıq etirazla qarşılanır. Amma, yaxşı insan kimi tanınmayan bir adamın ünvanına söylənilən yersiz tərif isə həmin insanın canına yağ kimi yayılır.

Ölkəmizin analoqsuz inkişafından nə qədər çox danışsaq da, reallıq bu cür pafoslu danışığın əksini göstərir, söylənilənlərin səmimi olduğunu təsdiq etmir. Çox dərin düşünməyə gərək yoxdur, bu cür pafosla danışan insan ərazisinin 20 faizini itirmiş, əhalisinin hər 10 nəfərindən biri qaçqın və köçkün olan ölkənin analoqsuz inkişafından danışmağın sadəcə, məntiqsiz olduğunu dərk etməlidir. Ölkəmizin hakim zümrəsinin bu cür pafosla tərif deməsinin səbəbini yeddidən- yetmişyeddiyə hər kəs yaxşı başa düşür.

Hakimiyyətə ölkənin yüksək səviyyədə inkişaf etdiyini təbliğ etmək hava, su kimi lazımdır. Lakin burada tərifin reallıqla uzlaşmasına diqqət etmək daha çox vacibdir. Yalan, bayağı tərifdən ibarət olan təbliğat materialının  əhali arasında hakimiyyətin xeyrindən çox ziyanına işlədiyini hər kəs bilir.  Bu barədə düşünmək zamanı çoxdan çatıb.  Xalq materialı yalandan ibarət olan saxta təbliğatı daha tez hiss edir və bu cür təbliğat insanlarda acı gülüş doğurur.

Tənqid, əslində ilk növbədə hakimiyyətə öz əyər-əskiyini düzəltmək üçün çox vacibdir. Tənqid olunmağı sevməyən, tənqidçiləri təqib edən, müxalif tənqidi fikirdən qorxan, çəkinən hakimiyyətin xalq arasında nüfuz qazanmaq imkanı sıfıra bərabərdir. Dünyada əbədi şöhrət və hörmət qazanmış aqil və adil padşahların  tarixdə dərin iz qoymasının bir səbəbi də fəaliyyətini tərifləyənlərin yox, tənqid edənlərin fikirlərini diqqətə alıb, işindəki nöqsanlar üzərində işləməsidir.

Azərbaycanda mövcud olan tənqidi fikirə yasaq mühiti heç kim tərəfindən normal qəbul edilmir. Hakimiyyətin zor gücünə yaratdığı nisbi, zahiri sabitliyin alt qatında xalqın nifrəti, qəzəbi, kini toplanır. Bu mənfi hisslərin nə zamansa, açığa çıxacağı ehtimalı yüksəkdir. Halbuki bu qəzəb, nifrət hissi bu gün də aydın hiss olunur. Fikir verin, məmurun başına kədər, qəm, qüssə, fəlakət hadisəsi gələndə, sanki xalq sevinir, bayram əhvalında olur, guya düşməndən qisas almış kimi hisslər yaşayır.

Bu hal hakimiyyəti ciddi və çox dərin düşündürməlidir. İlk növbədə açıq tənqidə imkan verilməlidir, xalqda toplanan mənfi enerjinin boşalmasına şərait yaradılmalıdır. Eyni zamanda, tənqid hədəfinə çevrilən, xalqın narazılığına səbəb olan nöqsanların aradan qaldırılması hakimiyyətə münasibəti müsbətə dəyişər, xalqın iqtidara etimadını artırar.

Unutmayaq ki, heç bir xalq, heç bir dövlət öz kəm-kəsirini görmədən, anlamadan  inkişaf edə bilməz. Güclü millət, güclü dövlət və rəhbər tənqidi sakit şəkildə, təmkinlə qarşılamalıdır. Əgər belə olmazsa o zaman zəif rəhbər insanların dilinə gətirdiyi həqiqətləri ağrılı və əsəbi qarşılayacaq, nəticədə xalqı narazı salacaq.

Məndən bu qədər. Allah Azərbaycan xalqını  yaltaq, şəxsiyyətsiz, mənəviyyatsız və fürsətcil adamların təriflərindən qorusun!

 Şahnaz Salehqızı