Gedişhaqqı Diferensiallaşdırılmalıdır

19:05 06-12-2019 200

Ziya Məmmədovun layihəsi paytaxt nəqliyyatında hələ də işləyir

 Bakı şəhər nəqliyyat təsərrüfatının idarə edilməsi barədə kifayət qədər tənqidi fikirlər deyilib, yazılar dərc edilib - hazırkı qanunvericiliyin imkanları daxilində vətəndaş cəmiyyəti bu yöndə gərəkən bütün addımları atıb. Lakin bütün bunlara baxmayaraq, sözügedən istiqamətdə heç bir irəliləyiş müşahidə edilmir. Şəhərdə yalnız ictimai nəqliyyat parkının yeniləndiyi hiss olunur ki, bu da sərnişindaşıma ilə məşğul olan özəl şirkətlərin maliyə vəsaiti hesabına reallaşdırılır. Düzdür, bu proses də hökumətin tələbləri nəticəsində reallaşdırılır, hər halda bu istiqamətdə büdcə vəsaiti xərclənməyib. Bir neçə il əvvəl yüz milyon dollara başa gələn Nəqliyyatın İntellektual İdarə Edilməsi Sistemi isə demək olar ki, tamamilə sıradan çıxıb.

Hazırda dövlət büdcəsi kifayət qədər gərginlikdədir - başa çatmaqda olan il ərzində pensiya və əmək haqqı artımları gələn ilin büdcəsində defisiti xeyli artırıb. Ona görə də paytaxt nəqliyyatının idarə edilməsində irəli sürülən maddi xərc tutumlu təkliflərin reallaşdırılması ağlabatan görünmür. Bu səbəbdən də şəhər nəqilyyatının idarə edilməsində mövcud olan bir sıra qüsurları xərc tutumu az olan və ya ümumiyyətlə maddi vəsaitə ehtiyac duyulmayan bir sıra islahatlar nəticəsində aradan qaldırmaq olar. Məsələn, keçmiş nəqliyyat naziri Ziya Mənmədovun dövründə ictimai nəqliyyatda sahibkarların mənfəətini artırmaq məqsədi ilə bir sıra  marşrut xəttləri qısaldıldı. Məsələn, əvvəllər sərnişinlər "20 Yanvar" dairəsindən Bayıla və ya daha uzaq bir yaşayış nöqtəsinə bir marşrutla gedə bilirdisə, Ziya Məmmədovun "islahatları" nəticəsində azı üç marşrut dəyişmək məcburiyyətində qaldılar. O zaman Ziya Məmmədov ğedişhaqqını artırmadan nəqliyyat şirkətlərinin mənfəətinin artırılması məqsədi ilə uzun məsafələrə gedən marşurtları bir-neçə yerə bölməklə, "uğurlu" mənfəət artımına nail oldu və çox sayda yeni iş yerləri "kəşf" olundu.  İşi-gücü olmayan, sağlamlıq baxımından nəqliyyat sistemində işləməyə yararlı olmayan, ümumiyyətlə sürücülük vəsiqələri belə olmayan bir çox şəxslər müxtəlif yollarla (rüşvətlə) nəqliyyat sektorunda işləmək imkanı qazandılar. İndi artıq Ziya Məmmədov yoxdur, amma onun nəqliyyat şirkətləri hələ də həmin "layihə"lərdən bəhrələnməkdə davam edir. Hesab edirik ki, uzun marşrutların yenidən bərpa edilməsi paytaxtda həm sərnişindaşımanın səmərəsini yüksəldə, həm də şəhərdə nəqliyyat sıxlığının aradan qaldırılmasına böyük töhfə verə bilər.

Bununla yanaşı, paytaxtda gediş haqlarının hesablanmasında da müəyyən ədalətsizlik hökm sürür. Məsələn, 20 saylı marşrut üzrə bir kilometr hərəkət edən sərnişin də, avtovağzaldan Əhmədliyə gedən sərnişin də 30 qəpik ödəyir. Baxmayaraq ki, bu sərnişinlərdən biri 5, digəri isə 30-40 kilometr məsafə qət edir. Müasir mərhələdə ödəniş kart sistemi ilə reallaşdığı üçün bu məsələdəki ədalətsizliyi aradan qaldırmaq mümkündür. Belə ki, marşrut avtobuslarında gediş haqqı kilometrdən asılı olaraq difrensiallaşdırılır - məsələn, tutaq ki, sərnişin hər kilometrə görə 2 qəpik ödəməlidir. Bunun üçün sərnişin avtobusa daxil olanda cihaz onu qeydə alır, sərnişin avtobusu tərk edəndə isə məbləği kilometrə uyğun olaraq onun balansından çıxır. Bu sistemin tətbiqi, artıq Ziya Məmmədovun layihəsini mənasızlaşdırır.

Fikrimizcə, bu sistemin Metropolitendə tətbiqi daha asandır. Bakı Metropoliteni ildən-ilə stansiyalarının sayını artırır, yaxın gələcəkdə Xırdalan və Sumqayıt şəhərlərində metro stansiyaları peyda olacaq. Həmin vaxt gediş haqlarının diferensiallaşdırılması daha da aktuallaşacaq. Ona görə də bu istiqamətdə işlərə indidən başlamaq məsləhətdir.

Bunun ardınca, yaxın gələcəkdə Bakı şəhərinin bütün mərkəzi yolları genişləndirilməli və avtobus yolları ümumi yollardan xüsusi vasitələrlə təcrid edilməlidir. Paytaxtda metrobusların fəaliyyətinə şərait yaradılmalıdır. Dünyanın 20-30 milyonluq şəhərlərində belə, müasir mərhələdə mütəmadi tıxaclar olmur. Bəzən dünyanın çoxmilyonlu şəhərlərindən kadrlar təqdim edilir ki, baxın, Nyu-Yorkda, Vaşinqtonda, Parisdə də tıxaclar olur. Bəli, əlbəttə olur, yalnız bu tıxaclar hər hansı bir hadisə nəticəsində nəqliyyatın idarəetmə ritmi pozulanda mühahidə edilir. Yəni biz o kadrlarla təsəlli tapmamalıyıq ki, tıxac bütün dünyada olur və bu bizdə də qanunauyğunluqdur. Bakıda isə hazırda şəhərin bir neçə istiqamətində tıxaclar mütəmadi xarakter daşıyır ki, bu, heç bir qayda-qanuna sığmır. Paytaxtda mütəmadi xarakter daşıyan tıxacların səbəbləri müəyyənləşdirilməli və aradan qaldırılmalıdır.

 Akif Nəsirli