Ölkəmiz ekoloji fəlakət içindədir

18:52 13-12-2019 135

Ekologiya və Təbii Sərvətlər Nazirliyi niyə susur?

 Yer kürəsində insanların sayı artdıqca demoqrafik vəziy-yət gərginləşir, dünya problemlər içində boğulur. Meşələrin amansızcasına məhv edilməsi, qlobal istiləşmə, atmosferin ozon təbəqəsinin deşilməsi, ekoloji tarazlığın pozulması, içməli suyun getdikcə azalması, meşə yanğınlarının mütəmadi baş verməsi yer kürəsində böyük problemlər yaradıb.

Bu problemlər dünyanın bütün ölkələrini narahat etdiyi kimi, Azərbaycanı da ciddi düşündürür. Ölkəmiz ərazi etibarı ilə kiçik olsa da, ekoloji problemləri özündən bir neçə dəfə böyükdür. Ölkənin şəhər və qəsəbələrində mövcud olan ekoloji problemlər zaman ötdükcə dərinləşir, yaşıllıqların amansızcasına məhv edilməsi, içməli su hövzələrinin çirkləndirilməsi ölkə əhalisinin təmiz suya və havaya olan ehtiyacını ödəmək sahəsində ciddi problemlərin yaranmasına səbəb olur. Bu günlərdə İmadəddin Nəsiminin 650 illik yubleyi şərəfinə ölkəmizdə 650 min ağac əkilməsi təşəbbüsü təqdirəlayiq hadisədir. Belə ağacəkmə kampaniyalarının il ərzində bir neçə dəfə keçirilməsinə ciddi ehtiyac var.

Alimlərin son illər ərzində apardıqları elmi tədqiqatlar, araşdırmalar nəticəsində məlum olub ki, dünyada ekoloji problemlərin sürətlə artmasının ən böyük səbəbi insanların təbiətə vəhşi müdaxiləsi nəticəsində baş verir.

Ölkəmizin paytaxtı Bakıda şəhərin yaşıllıq zolağının işbazlar, xüsusən MTK sahibləri tərəfindən vəhşicəsinə qırılması adi hala çevrilib. Dövlət orqanları, xüsusən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu vəhşiliyin qarşısını almaq üçün heç bir ciddi tədbir görməməsi, əksər hallarda isə, cinayətkarlara xırda məbləğ cərimə ödətdirməklə işini bitmiş hesab etməsilə razılaşmaq mümkün deyil.

Yaşıllıq səviyyəsinə görə, Bakı şəhəri dünyanın ən geridə qalmış şəhəridir. Şəhər boyunca hər yerdə ağaclar qırılır, məhv edilən ağacların yerində hündür mərtəbəli çoxmənzilli yaşayış binaları, marketlər və müxtəlif təyinatlı obyeklər inşa olunur.  İnsanlar baş verənlərə görə etraz edirlər, əsəbləşib stress keçirirlər, bir çox yerlərə kollektiv ərizə ilə müraciət edirlər, lakin insanların etirazlarına və müraciətlərinə şəhər, rayon rəhbərlərindən heç kim məhəl qoymur!

Bakı şəhərinin havasının çirklilik səviyyəsi normadan bir neçə dəfə çox olduğu da hər kəsə, o cümlədən hökumətə də bəllidir. Lakin şəhərdə mövcud olan çirkli atmosferin insanların həyatı üçün böyük təhlükə mənbəyi olmasına baxmayaraq, dövlət bu sahədə əsaslı tədbirlər görülməsinə əhəmiyyət vermir. Şəhər atmosferinin həddindən artıq çirkli olması insanlar arasında xərçəng, ürək - damar və digər bu kimi təhlükəli xəstəliklərin sürətlə yayılmasına səbəb olur.

Bakıda insanların yaşaması üçün normal ekoloji şəraitin olmaması, içməli su, sağlam qida və təmiz havanın çatışmadığı hər kəsə, o cümlədən hökumətə yaxşı məlum olsa da, insanların kütləvi ölüm hallarına səbəb olan dəhşətli ekoloji vəziyyətin ortadan qaldırılmsı üçün də bugünədək heç bir ciddi tədbir görülməyib. Bundan sonra da hər hansı bir müsbət tədbir görüləcəyinə ümid yoxdur. Bakı şəhərinin üç milyona yaxın əhalisi, sanki, məhkumlar kimi, “ölüm kamerasına” salınmış insan vəziyyətində yaşamağa məcbur edilib. İnsanların dözülməz ekoloji şəraitdə yaşamasının və ölümlə üzbəüz qalmasının ən böyük günahkarı, ilk növbədə hökumət, Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Çünki şəhərdə mövcud çətin durumla bağlı ciddi tədbirlər görmək və həyəcan təbilini çalmaq bilavasitə nazirliyin ETSN - nin vəzifəsidir.

 Şahnaz Salehqızı