Bakı və Tiflis təxribatçı addımlara qarşı cavab hazırlayır

19:47 27-02-2019 1120

Gürcüstan və Azərbaycan münasibətlərinin pozulmasına yönəlik təxribatçı cəhdlərə mütləq qiymət veriləcək.

Bunu Axar.az-a Gürcüstan Prezidenti Salome Zurabişvilinin Bakıya səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Politoloq müxtəlif qüvvələrin Azərbaycan-Gürcüstan münasibətlərini pozmağa cəhd etdiyini deyib:

“Müxtəlif zamanlarda üçüncü tərəflərin, xüsusilə də ermənilərin Gürcüstan və Azərbaycan münasibətlərinin korlanması istiqamətində cəhdlərinə baxmayaraq, onlar bu istəklərinə nail ola bilməyiblər. Bu mənada Gürcüstan və Azərbaycan münasibətlərinin pozulmasına yönəlik növbəti təxribatçı cəhdlərə də mütləq qiymət veriləcək”.

Ekspert Azərbaycan və Gürcüstan münasibətlərinin hər zaman yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb:

“Azərbaycan və Gürcüstanı hazırda irimiqyaslı və uzun illəri əhatə edəcək strateji layihələr birləşdirir. Gürcüstan və Azərbaycan hazırda bu layihələrin miqyasını və əhəmiyyətini daha da artırmağa çalışır. Hesab edirəm ki, on illiklərdən sonra da bu layihələr öz aktuallığını itirməyəcək”.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hazırda Bakıda səfərdədir.