Vasili Saçko: Sağlam olsaydı, Kadimyanı Bakıya gətirmək barədə düşünərdik

20:17 24-10-2018 975

 

 

Ukraynanın “Vorskla” klubunun baş məşqçisi Vasili Saçko “Qarabağ”la oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb. 

seherxeber.org xəbər verir ki, Saçko əvvəlcə oyun barəsində fikirlərini bildirib:

“Sabah bizi çox maraqlı oyun gözləyir.  Bu oyunda itirəcəyimiz heç nəyimiz yoxdur. Eyni zamanda “Qarabağ”ın da. Ümid edirəm ki, istədiyimiz oyunu meydanda göstərə biləcəyik.

O, erməni futbolçu və digər futbolçularının Bakıya gətirilməməsi ilə bağlı verilən suala belə cavab verib:

Bəli, 3 futbolçumuz. Onlar bizim heyətimizin əsas oyunçularıdır. Ancaq onların əvəzinə də meydana çıxacaq futbolçularımız var. Sabah komanda şəklində mübarizə aparıb, yaxşı nəticə qazanmalıyıq. Qeqam Kadimyan zədəlidir. Əgər o sağlam olsaydı, bu barədə düşünərdik. İndi bu barədə nəsə demək çox çətindir”.

Saçko Ukraynanın “Volın” komandasında birgə oynadığı Samir Əliyev, Fərrux İsmayılovKamal Quliyevlə görüşmək istədiyini dilə gətirib:

“Onlarla görüşmək imkanım olmasa da, telefonla əlaqə saxlamışıq. Mən onlara görə Azərbaycan millətinin ən yaxşı xüsusiyyətlərini tanımışam. Yəqin ki, görüşüb  bir çay içəcəyik”.

Vasili Saçko bu qrupu belə dəyərləndirib:

“Çox çətin qrupa düşmüşük. Qrupun favoritləri “Arsenal” və “Sportinq”dir. “Qarabağ”ın da gücündən xəbərdarıq. Onların müsbət və mənfi tərəflərini öyrənmişik. Kifayət qədər güclü hücum xəttinə sahibdirlər. Heyətdə çoxlu sayda səviyyəli oyunçuları var. Ancaq onu da deyim ki, biz də bura istirahətə gəlməmişik. Çox çətin olsa da, sabah nəticə qazanmaq üçün oynayacayıq”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək bu görüş sabah Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

Səbuhi MUSAYEV