Təcili yardım maşınının özünün »təcili yardıma»ehtiyacı var

19:20 08-04-2019 700

Sürücü haqlıdır, yoxsa baş həkim?

 Şəki rayonun Baş Göynük kənd sakini, kənd Həkim Məntəqəsinin təcili yardım avtomobilinin sürücüsü Vəliyev Faiq Hüseynbala oğlu  Azərbaycan Respublikasının Baş naziri cənab N.Məmmədova, Azərbaycan Respublikasının Səhiyyə naziri cənab O.Şirəliyevə, Azərbaycan Respublikasının Ombudsman Aparatının  müraciət edərək, məntəqənin yararsız halda olan avtomobilinin dəyişdirilməsi, yaxud təmir olunması üçün yardım istəyir.

 Sürücünün məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:

Atam Hüseynbala Vəliyev ömrünün 40 ilini Baş Göynük kənd xəsətəxanasının təcili yardım avtomobilinin sürücü-sü işləyib və təqaüdə çıxdıqdan sonra peşəsini davam etdirmək üçün sükanı mənə verib. Hazırda idarə etdiyim 99 JU 207 dövlət qeydiyyatı olan, 1984-cü il buraxılışlı UAZ markalı təcili yardım avtomobilini atam 20 il işlətdikdən sonra, indi də mən 15-ci ildir ki, birtəhər idarə etməyə çalışıram. Niyə birtəhər?

Ona görə ki, son 3- ilə qədər rayonumuzun həm əhalisinə (10000 nəfər), həm də ərazisinə görə ən böyük kəndi olan Baş Göynük kəndinin asfalt yolu olmayıb, insanlarımız uzun müddət yolsuzluqdan əziyyət çəkiblər.

Belə bir vəziyyətdə 36 il fasiləsiz istifadə olunan köhnə bir UAZ avtomobilinin hansı texniki vəziyyətdə olmasını məncə izah etməyə ehtiyac qalmır.

Digər tərəfdən bu ilin mart ayına kimi sürücü olaraq əmək haqqım 150 manat olub. Baxmayaraq ki, Şəki şəhərində fəaliyyət göstərən təcili yardım avtomobil sürüvcülərinin əmək haqları nədənsə bizimkindən 3 dəfə artıq, yəni 450 manat hesablanır. Amma eyni işi görürük. Hətta kənd təcili yardım avtomobillərinin işi nisbətən daha çətin olur. İş ondadır ki, indi idarə etdiyim avtomobil texniki cəhətdən tam yararsız vəziyyətdədir. Mühərrik normadan dəfələrlə artıq yağ işlədir, kuzanın sol bortu tamamilə çürüyüb, ötürücü mexanizmi çox pis işləyir, təkərlərin vaxtı keçib, keyfiyyəti itmiş vəziyyətdədir.

Dəfələrlə, istər vəfat etmiş şəxsləri morqa apararkən, istərsə də ağır xəstələri şəraiti olmayan həkim məntəqəsindən Şəki Mərkəzi Xəstəxanaya apararkən yolda avtomobilin hissələri sınıb qalmışıq. Nə rəhmətlik atamın dövründə, nə də indi dövlətin ən çox diqqət göstərdiyi təcili yardım xidməti avtomobilinin reallıqda heç bir detalı yenisilə əvəzlənməyib, hamısını öz cibimin xərcilə birtəhər yoluna qoyub avtomobili işlətmişəm.

Əvvəlki baş həkimlərə ehtiyat hissəsi üçün müraciət edəndə dərhal cavabı bu olurdu ki, "işlədə bilmirsən get açarı təhvil ver". Mən də əlacsızlıqdan hər il şəxsi təsəsrrüfatımda bəslədiyim danaları böyüdüb satır və ən vacib detalları alıb avtomobili birtəhər işlədirdim.

Doğrudur, baş həkimlər mənim əziyyətimi görüb, bəzənşəxsi ehtiyacım üçün avtomobildən istifadə etməyimə imkan verirdilər. Sağ olsunlar. Amma yenə də çox vaxt təcili yardım avtomobili nasaz olduğundan yolda xarab olub qalırdı və xəstə sahibləri düşüb avtomobili itələməyə məcbur olurdular. Bu yolla xəstəni həkimlərə çatdırmalı olurduq.  Yəni, təcili yardım avtomobilinin özünə vətəndaşlar yardım etməli olurdular. Digər tərəfdən əyləc sisteminin işləməməsi xəstələrin vəziyyətini bir az da pisləşdirir. Nəinki xəstə, hətta sağlam vətəndaşlar belə rayon mərkəzinə çatana qədər özlərini narahat hiss ediblər.

Cənab Baş nazir və cənab səhiyyə naziri, mən əsasən xəstə insanlarımızın əzab-əziyyətdən qurtarması və rahat formada 30 km məsafədə yerləşən Şəki  Mərkəzi Xəstəxanasına vaxtında çatdırılması üçün işimi itirmək riskilə Sizlərə  xahişlə müraciət edirəm. İmkan varsa, Şəki rayonunun Baş Göynük kənd Həkim Məntəqəsinin 36 yaşlı tam yarasız vəziyyətə olan təcili yardım avtomobilini nizbətən yararlı digər avtomobillə əvəz edilməsinə köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkür edirəm.

  Vəliyev Faiq Hüseynbala oğlu (sürücü)

 T. Abbaslı