Dərman bazarının qaranlıq reklamları

18:26 12-04-2019 890

Dərmanlar konfet kimi reklam edilməlidirmi?

 Bu günlərdə sağlamlığımdakı problemlərimlə bağlı növbəti profilaktik müayinədən keçmək üçün özəl xəstəxanalardan birinə müraciət etmişdim. Məni müayinə edən həkimi bir saatdan çox gözləməli oldum, halbuki mən həkimin dediyi vaxtdan 10 dəqiqə əvvəl çatmışdım. Həkim xeyli üzürxahlıq etdikdən sonra bildirdi ki, çox ağır bir xəstə daxil olmuşdu, onun müayinəsi  və özünə gəlməsi uzun çəkdi, həyatını çətinliklə xilas edə bildik. Söhbət əsnasında bəlli oldu ki, xəstə hansısa telekanalda reklam olunan dərmanlardan birini əlamətə uyğun olaraq qəbul edib, bu isə pasienti şoka salıb. Həkim də deyinirdi ki, insan orqanizmi çox mürəkkəb bir mexanizmidir, ona görə də, hər bir xəstə üçün müalicə metodu mütləq fərdi qaydada seçilməlidir - hətta, mütəxəssis həkim belə orqanizmin bütün əlamətlərini nəzərə ala bilmir. Dərman biznesmenləri isə bir dərmanı kütləvi şəkildə cəmiyyətə reklam edirlər ki, filan ağrılara görə bu dərmanları için, ağrıdan qurtulun! 

Həkimin belə həyəcanla deyinməsi diqqətimi çəkdi və bu barədə yazmaq qərarına gəldim. Hətta, belə dərmanları reklam edən şirkətlərdən biri ilə əlaqə saxlayıb, həkimin fikrini onlara çatdırdım. Reklamçılar mütəxəssis rəyinə əsaslanaraq dedilər ki, bizim məhsulumuz ("dərman" deyib camaatı hürkütmək istəmirlər) heç bir əks təsirə malik deyil. Bəli, bu da ola bilər, amma belədirsə, həmin məhsul müalicə vasitəsi kimi apteklərdə satılmamalıdır(?). Eyni zamanda, bu məhsulların hamısının reklam mətinlərində qeyd edilir ki, apteklərdən soruşun. Mütəxəssislərin fikrincə, əgər dərman vasitəsi heç bir əks- təsirə malik deyilsə, deməli o "dərman" insan sağlamlığındakı heç bir problemi həll etmək iqtidarında deyil. Bütün bu mülahizələr dərman peraparatlarının digər əmtəələr kimi reklam edilməsinin doğru olmadığını üzə çıxarır.

Bu da məlum həqiqətdir ki, dərman istehsalı və satışı da bir biznesdi, onu reklamdan necə məhrum etmək olar, bu iqtisadi qanunauyğunluqlara xələl gətirmirmi? Bəli, dərman istehsalçıları da sahibkardır, onun da haqqı var ki, məhsulunun müsbət tərəflərini qabardaraq onu reklam eləsin. Lakin dəriman istehsalı və ticarəti xüsusi sahibkarlıq növü olduğundan, onun reklamı da xüsusi formalara və qaydalara uyğun şəkildə həyata keçirilməlidmr. Ən əsası, reklam geniş əhali kütləsini hədəfləməməlidir. Dərman pereparatlarının istehsalçıları və ticarətçiləri öz məhsullarını, yalnız ixtisaslı mütəxəssislər - həkimlər arasında reklam etməlidirlər. Çünki həkim bu sahəni bilən mütəxəssisdir, sən onu inandırsan ki, bu dərman öz analoqlarından daha üstündür, həkim öz müalicə-profilaktika işində həmin dərmana üstünlük verəcək və bu dərmana tələbat artacaq. Ona görə də dərman şirkətləri bizneslərini digərlərinə nisbətən fərqli şəkildə qurmalıdırlar. Birincisi, yalançı reklamdan istifadə edilməməli, edilsə də bu tezliklə ifşa olunacaq və əks-effekt verəcək, çünki reklamın hədəfi sadə vətəndaş deyil, mütəxəssisdir. İkincisi, reklamdan daha çox məhsul üzərində iş getməlidir, pereparatlar təkmilləşdirilməli, daha təsirli formulalar ortaya qoyulmalıdır.

Fikrimcə, bu istiqamətdə qanunvericilik bazasında xeyli işlər görülməlidir. Əvvala, dərman pereparatlarının satışı və reklam edilməsi qaydaları müvafiq qanunvericilikdə öz əksini ayrıca tapmalıdır. Bununla yanaşı, Səhiyyə Nazirliyinin hüquqi-normativ aktlarında da məsələyə yanaşma sözügedən prizmadan olmalıdır. Birmənalı şəkildə dərmanların reklamında geniş xalq kütləsinin hədəf seçilməsi cinayət məsüliyyəti yaratmalıdır. Buna nail olduqdan sonra avtomatik olaraq dərman reklamları televizyalardan, internetdən və geniş kütlə üçün nəzərdə tutulan plakatlardan yığışdırılacaq.

Hazırda həkimlər arasında məhsullarını reklam edən, tanıdan şirkətlərin nümayəndələri kifayət qədərdir. Bu istiqamətdə ciddi iş gedir. Lakin bu reklam bazarını da tənzimləmək üçün xüsusi mexanizmlərə ehtiyac var. Dərmanların həkimlər arasında reklam edilməsinin, yəni dərman reklamının da spesifik xüsusiyyətləri var. Bu reklam geniş kütlə üçün nəzərdə tutulmadığından, auditorya dar çərçivədə olduğundan prosesin açıq iqtisadi dövrüyyəyə cəlb edilməsi çətindir. Hazırda dərman reklamı ilə məşğul olan insanların böyük əksəriyyəti qeyri-qanuni fəaliyyət göstərir, heç bir müqaviləyə əsaslanmır,  aldığı məvacib isə dövrüyyədən gizlədilir. Belə reklamçılara paket şəklində kifayət qədər yüksək əmək haqqı verilir. Bu baxımdan, sözügedən sahədə dövriyyənin leqallaşdırılması da, qarşıda duran əsas problemlərdən biridir. Sözsüz ki, ölkədə satılan, reklam edilən bütün dərman vasitələri xaricdə istehsal edilir. Ölkəyə dərman vasitələri əsasən Avropa ölkələrindən idxal edilir. Yəni ölkənin dərman bazarı xarici şirkətlərin əlindədir. Onda nə üçün biz bu bazardan milyonlar qazanan xarici şirkətlərə fəaliyyətini qeyri-qanuni şəkildə quraraq vergi və rüsumlardan yayınmağa, kölgə iqtisadiyyatının inkişafına imkan verməliyik?

Vətəndaşlarımıza üz tutaraq demək istərdik ki, dərman reklamlarına uyaraq sağlamlığınızı risk altına atmayın, bu sizə həyatınız bahasına başa gələ bilər. Dərman nə konfet, nə də geyim deyil ki, onu reklam əsasında alasınız. Dərmandan yalnız həkim məsləhəti ilə istifadə edilməlidir.

Əczaçılıq sahəsində baş qaldıran və geniş vüsət alan digər bir maraqlı məqam isə apteklərin sayının günü-gündən artmasıdır. Ancaq, bu o demək deyil ki, apteklərin artması, ölkəmizdə insanların sağlamlığının qorunması anlamını özündə ehtiva edir. Şəxsi müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, son illər əsasən ölkəmizin paytaxtında marketlərin və digər ticarət obyektlərinin bağlanaraq yerində apteklərin fəaliyyətə başlaması faktları diqqət çəkən məqamdır. Necə olur ki, eyni bir məkanda insanlar daha çox apteklərdən istifadə edirlər? Bir çox insanlarla söhbətləşdikdən sonra belə bir nəticəyə gəldik ki, bu gün ölkəmizdə aptek biznesi market və digər ticarət şəbəkələrindən daha sərfəlidir. Ölkəmizdə əvvəllər mövcud olmayan bir çox xəstəliklərin geniş yayılması, insanların bu xəstəliklərdən qurtulmaq istəyi, eyni zamanda səhiyyə və əczaçılıq müəssisələrinin qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərmələri, bu sahəni sərfəli biznes obyektinə çevirib.  

Bu gün həkimlərin xəstələri müalicə etmək kimi istəklərinin olmaması da, bu biznesin çiçəklənməsinə münbit şərait yaradır. Yəni ölkəmizdə satılan saxta, həm də ücuz, yaxud tam əksinə, saxta və çox bahalı dərmanların xəstəliyin qarşısının alınmasıda heç bir effekt verməməsi də, dərmanların müalicə deyil, biznes vasitəsi olmasından irəli gəlir.

Məsələn, xəstə həkimə müraciət edir, həkim ona özünün bilik səviyyəsinə uyğün olaraq dərmanlar təklif edir. Çox maraqlı haldır ki, bu dərmanların heç biri ucuz olmur, bununla belə, həmin dərmanların heç bir effekti də hiss edilmir. Bu zaman həkim bütün günahları dərmən istehsalçıların və tacirlərin üzrinə atır. Yəni mən sənə dərmanı düzgün təyin etmişəm, sən də dərmanı düzgün almısan, amma dərmanın tərkibi mənim təyin etdiyi dəramanın tərkibindən kəski fərqənir. Dərman tacirləri isə sübut etməyə çalışırlar ki, həkimlər öz savadsızlıqlarını dərmanların saxta olması ilə ört-bastır etməyə çalışırlar.    

Burada kimin haqlı, kimin haqsız olduğunu sübüt etmək heç də çətin məsələ deyil. Bunun üçün səhiyyə və əczaçılıq sahəsinə aid qanunlar təkmilləşdirilməli, saxta dərman pereparatlarının dövrəiyyəsinə görə nəzərdə tutulan cəzalar daha da sətləşdirilməli, səhiyyə, vergi və kömrük strukturları bu sahəyə nəzarəti gücləndirməlidirlər.

Eyni zamanda həkimlər də təyin etdikləri dərman pereparatlarına görə məsuliyyət daşımalıdırlar. Bu gün isə bunların heç birinə əməl olunmur. Ölkəmizdə elə bir mühit formalaşıb ki, həkim səhlənkarlığı üzündən vəfat edən şəxsə görə heç kim məsuliyyət daşımır.  

Bu günlərdə redaksiyamıza həkim səhlənkarlığı üzündən 1-ci qrup əlilə olmuş bir nəfərin şikayət ərizəsi daxil olmuşdu. Bu insanı 3 min, 5 mina manata görə şikəs edən həkim görəsən heç vicdan əzabı çəkir? İnanmıram, çünki vicdanı olan bir insan pul naminə digər bir insanı şikəs etməz. Əgər bunu bacarıqsızlığı, savadsızlıqı üzündən edibsə, onda öz məsləkindən əl çəkməli, başqa bir işin qulpundan yapışmalıdır. Ona heç kim haqq vermir ki, insanların həytı ilə oynasın.

Sonda yenə də qayıdıram əczaçılıq sahəsindəki reklam və biznes mühitinin çirkinliklərinə. İnsan elə bir məxluqdur ki, hər zaman kimlərəsə inanmaq istəyir. Bəzi möhtəkirlər də bundan yararlanaraq, öz bizneslərini qurur və heç bir vicdan əzabı çəkmədən başqalarının bədbəxliyi üzərində öz xoşbəxtliklərini qurmağa çalışırlar və bəzən bu alınır, görüntü olsa belə! Lakin bu ötəri bir hal olur.

Məsələn, sosial şəbəklər və onlayn vasitələr ilə reklam olunu dərmanların saxta olmadığına kim zəmanət verə bilər ki, bu möhtəkir biznesmenlərin heç hüquqi ünvanları belə yoxdur. Yalnız telefon vasitəsi ilə metrolara çatdırılmaqla satılan bu dərmanların insan sağlamlığına yardım edəcəyini düşünmək belə yanlışdır. Bununla belə, görünəni odur ki, bu şəbəkə tamamilə nəzarətdən kənardır və geniş əl-qol aça bilib. İşləri bir qədər çətinə düşəndə isə etiraf edirlər ki, onların satdıqları heç də müalicə dərmanları deyil, qidalar əlavələridir ki, insanın sağlamlığına kömək edir. Vəssalam!

Odur ki, ehtiyatlı olun, yaddan çıxarmayın ki, insan sağlamlığının ən yaxın qoruyucusu onun özüdür.

 Akif Nəsirli