Bakıda 28 yaşlı gənc həkim səhlənkarlığının qurbanı oldu

14:30 19-04-2019 720

Bakıda əməliyyat edilən xəstə həkim səhlənkarlığı nəticəsində ölüb.

Unikal.org-a istinadən xəbər verir ki, Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında əməliyyat olunan Laçın rayonundan məcburi köçkün Əlizamin adlı 28 yaşlı gənc qipospadiya (sidik kanalının tutulması) əməliyyatı olunub. Əməliyyatdan sonra xəstənin bir həftə qızdırması düşməyib. Onun qanına iltihab keçdiyi üçün dünyasını dəyişib. Həkimlər məsuliyyəti öz üzərlərindən atmaq üçün xəstənin yaxınlarına mərhumun ürəyində problem olduğu üçün dünyasını dəyişdiyini bildiriblər.

Məlum olub ki, mərhum xəstəxananın uşaq şöbəsində professor Eldar Hüseynov və oğlu Murad Hüseynov tərəfindən əməliyyat olunub. Həmin şöbədə isə 14 yaşına qədər uşaqların əməliyyat olunmasına icazə var. Xəstənin yaxınlarının bildirdiyinə görə, əməliyyata görə xəstəxanaya 2000 manata yaxın pul ödənilib.

 

 Respublika Klinik Uroloji Xəstəxanasının Baş həkimi Axar.az-a bildirilib ki, həmin şəxs kiçik yaşlarında da eyni xəstəliklə əlaqədar Eldar Hüseynov tərəfindən əməliyyat olunub:

“Əlizamin adlı gənc növbəti dəfə eyni xəstəxanada əməliyyat olub və bu əməliyyat uğurla başa çatıb. Xəstə evə buraxılan gün tromboemboliyadan (Tromboemboliya - qan damarında əmələ gəlmiş laxtanın axınla aparılıb kiçik mənfəzli damarın keçidini tıxamasıdır – red.) dünyasını dəyişib. Xəstənin yaxınları meyiti təchiz edilməsi üçün yarılmasına razılıq verməyiblər”.

Baş həkim xəstəxanaya 2 min manat ödənilməsi ilə bağlı iddiaları da təkzib edib:

“Dövlət xəstəxanaları pulsuz fəaliyyət göstərir və rüşvətvermə də, rüşvətalma da cinayət əməli sayılır”.