“Hamı deyir ki, bəxti gətirdi, bir dəfə qaçdı” – Ramil Quliyev

13:05 01-05-2019 770

“Mövsümə Dohada Brilyant Liqa ilə başlayacağıq. 200 m məsafəyə qaçacağam”.

ONA-nın məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Türkiyə millisinin şərəfini qoruyan sprinter gələcək planları və hazırkı durumu barədə danışıb. O bildirib ki, əsas hədəfi dünya və Avropa çempionatlarındakı uğurunu Yay Olimpiya Oyunlarında təkrarlamaqdır: “İnşallah, bu mövsüm ötən ilkindən yaxşı olar. Zədə, xəstəlik olmasa, uğurlu çıxış edəcəyik. 200 m məsafəyə qaçışda rekord vurmağa çalışacağam. Hər şey öz ayağımızdadır. Useyn Bolt mümkünsüz görünən nəticələrə imza atıb. Amma onun uğurlarını təkrarlaya bilərəm. Hamı deyir ki, bəxti gətirdi, bir dəfə qaçdı. Amma ötən il 200 m məsafəyə qaçışda Avropa çempionatını da uğurla başa vurduq. Tokio Olimpiadasına qədər bir proqramımız var. Çünki dünya çempionatında yarışdıq, medalımız var. Təbii ki, bir daha qazanmağa çalışacağıq. Amma əsas hədəfimiz Olimpiadadır”.

Yığmamızı “ay-ulduzlu” komandaya dəyişən həmyerlimiz haqqında danışılan bəzi insanlara da cavab verib: “Çox şey danışırlar. Lakin bu, önəmli deyil. Yəni sən uğur qazanmadığın halda kimsə danışmaz. Qaçarsan hamı danışar, normaldır”.