UEFA açıqladı: AFFA erməniyə görə zəmanət verib

14:45 10-05-2019 650

AFFA UEFA-nı əmin edib ki, mayın 29-da Bakıda keçiriləcək Avropa Liqası finalında “Çelsi” klubu ilə qarşılaşacaq “Arsenal” klubunun yarımmüdafiəçisi Henrik Mxitaryanın ölkəyə daxil olmaqla bağlı problemi olmayacaq.

Xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti informasiya yayıb.

“UEFA-nın himayəsi altında oyunlarda iştirak etmək üçün oyunçulara viza verilməsi ilə bağlı digər ölkələrin futbol federasiyaları, klub və səfirliklərinə məktub göndərilməsi təşkilat üçün standart prosedurdur. Bu baxımdan UEFA və “Arsenal” təsdiq tələb etmiş, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası isə sözügedən oyunçunun ölkəyə girişi və qalması ilə bağlı problem olmayacağını və bütün zəruri təhlükəsizlik tədbirlərinin görüləcəyini təsdiq etmişdir”, - UEFA-dan bildirilib.

Xatırladaq ki, rəsmi Bakı Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiyi üçün Ermənistan vətəndaşı olan Henrix Mxitaryanın ölkəmizə girişinə qadağa qoyub. Bu səbəbdən o, 2015-ci ildə “Borussiya”da (Dortmund) oynayarkən Bakıda “Qəbələ”, 2018-ci ildə “Arsenal”la “Qarabağ” oyununa gələ bilməyib.

***

Məsələylə bağlı Axar.az-a açıqlama verən AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib ki, ölkəyə hər hansın şəxsin daxil olub-olmaması AFFA-nın səlahiyyətləri çərçivəsində deyil:

“Bunun konkret bir fərd üzərində konkretləşdirilməsi bir az düzgün yanaşma olmazdı. AFFA UEFA Avropa Liqasının final oyununa ev sahibliyi hüququnu əldə edib və bununla bağlı bütün öhdəliklərin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. AFFA idman prinsipləri ilə bağlı üzərinə düşən bütün öhdəliklərin yerinə yetirilməsinə hazırdır”.