Psixoloji yaradımlarda anonimlik qorunurmu?

16:43 22-05-2019 39

Pasiyent başa düşməməlidir ki, kimdən danışırıq”...

 Müasir zəmanə özüylə birgə yeni peşə ixtisasların zəruriliyini ortaya qoyur. Günün tələbindən doğan, psixoloqlara olan ehtiyac da bu qəbildəndir. Bəlkə psixoloqlara indiki qədər tələbat olmazdı, fəqət az qala gündəmə çevrilən özünəqəsd, intihar hadisələrinin, mənəvi-psixoloyi gücsüzlüyün artan miqyasının qarşılığında, insanlarla münasibətdə bu gün psixoloji yardıma böyük ehtiyac var. Amma hazırkı məqamda insanlarla dolğun, istənilən səviyyədə işləyəcək psixoloqların özünün da hazırlıqlı olması gərəkdir. Çünki müxtəlif müəssisələrdə psixoloq ştatları olsa da, kadrların siyahısında onların adları sıralansa da, mütəxəssis olaraq onların adlarının öz mahiyyətini əks etdirməməsi problemi yaşanır.

Özünü psixoloq olaraq təqdim edən, fəqət həyatının həssas məqamında üzləşdiyi psixoloji məqamlarda insanların harayına çatmayan neçə-neçə insan var. Mütəxəssis olaraq onların çatışmayan cəhətlərindən, üzə çıxan problemlərdən ayrıca bəhs etmək olar, amma indilikdə mövzumuz başqadır. Hazırda psixoloq olaraq tanınan, insanların etibarını qazanan çox az sayda psixoloq psixiatrlar var ki, insanlar da müəyyən hallarda onlara müraciət edir. Amma burada da bəzi məqamlar var ki, onların barəsində zamanı gələndə danışacağıq.

Problemlərdən biri, belə desək, ən vacib olan məsələlərdən biri, psixoloji yardım münasibətlərində anonimliyin qorunmamasıdır. Bəli, insanlar ən çətin, ağır, az qala ölüm-qalım məqamında psixoloqlara, onların psixoloji yardımına üz tutur. Amma zaman-zaman pasiyent-psixoloq münasibətlərində bağışlanası mümkün olmayan məsələlər üzə çıxır. Bu da, qeyd etdiyimiz kimi, anonimliyin qorunmaması məsələsidir.

Dilemma qarşısında qalan, çətin-ağır məqamlarda psixoloqlara müraciət edən insanların bütün həyatını, ömrünü, çətinliklərini, əziyyət çəkdiyi problemi psixoloqlara etibar edərək danışmasının, onlara etibar etməsinin qarşılığında anonimliyin qorunmaması olduqca böyük, çətin məsələdir. Problem qarşısında qalan kəs ətrafındakılardan fərqli olaraq ürəyini psixoloqlara açırsa, belə deyək, dərdini onlara danışırsa, bu etibara zərbə vurmaq, insanın problemini başqalarına açıqlamaq yolverilməzdir. İnsanlar var ki, psixoloji yardım üçün mütəxəssislərə müraciət edəndə onların dilindən tanıdıqları şəxslər, hətta tanınmışlar barədə konkret faktlar, onların əziyyət çəkdiyi psixoloji xəstəliklər barədə məlumatlar, əhvalatlar eşidirlər. Nəticədə şəxs özünün əziyyət çəkdiyi problem xəstəlik barədə başqalarının məlumatı olacağı qənaətinə gəlir bundan narahat olur. Bir sözlə, anonimlik qorunmur problem əlavə bir problemə yol açır.

Tanınmış psixoloq Azad İsazadə qeyd edir ki, psixoloji məsələrədə belə problem olmamalıdır. Müsahibimiz söyləyir ki, həkim, vəkil psixoloq işində bəlli bir anlayış var. O, psixoloqlara hüquq-mühafizə orqanlarından suallar ünvanlananda belə, həmin suallara yalnız rəsmi sorğu olanda cavab verməyin mümkünlüyünü deyir: “Misal üçün, polis əməkdaşı hansısa şəxs barədə mənə sual verirsə, şəxsin özü öncədən mənə icazə verməyibsə, polis əməkdaşından rəsmi sorgu tələb etməliyəm ki, yalnız bu halda həmin sorğuda qoyulan suallara cavab verməyə ixtiyarım var. Aydındır ki, həmkarlar bəzən nümunə kimi hansısa əhvalatları danşa bilərlər. Əslində, buna çox da ehtiyac olmamalıdır, amma ciddi ehtiyac yaranarsa, zərurət varsa, belə əhvalat danışılmalıdır. Yəni zərurət yarananda da elə misal gətirməliyik ki, bizə qulaq asan pasiyent kimdən danışdığımızı başa düşməməlidir. Yəni birmənalı olaraq ad çəkilmədən, imkan varsa, yaş cins söylənmədən, ondan sadəcə, bir əhvalat kimi pasiyentə bəhs edilməlidir”.

 Nigar Orucova