Modeli öldürən həkim indi də həmkarının canını aldı

14:31 29-05-2019 575

Bakıda əməliyyat zamanı xəstə dünyasını dəyişib.

Trend-in məlumatına görə, özəl klinikaların birində həkim Sirus Qoçqani həmkarı həkim-ginekoloq olan Sona Gürgün Vəliyevanı əməliyyat edən zaman bədbəxt hadisə baş verib. Belə ki, liposaksiyadan sonra S.Gürgün dünyasını dəyişib.

Baş vermiş hadisə ilə bağlı Səhiyyə Nazirliyi açıqlama verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, hadisə özəl klinikada baş verdiyi üçün nazirlik bu məsələyə baxmır:

"Həmin hadisə özəl klinikada baş verib, özəl klinikalar isə nazirliyin tabeçiliyində deyil".

Qeyd edək ki, estetik-cərrah Sirus Qoçqani 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.

"Baku Medical Plaza"da estetik cərrah Siruz Qoçqaninin liposaksiya əməliyyatı icra etdiyi həkim-ginekoloq Sona Vəliyeva Gürgünün vəfat etməsi barədə məlumat vermişdik.

Sona Vəliyevanın həm ailəvi dostu, qohumu, həm də həmkarı olan Rəşid İbrahimovMedicina.az-a bildirib ki, liposaksiya əməliyyatı zamanı xəstədə piy emboliyası baş verib. Ölümün səbəbi də bu olub.

Onun sözlərinə görə, cərrah Siruz Qoçqanını əməliyyatın tam risksiz olacağı barədə məlumat verib və bununla Sona Vəliyevanı aldadıb:

"Bizim əsas narazılığımız odur ki, bu Siruz Qoçqanını elə reklam, elə təbliğ edirlər ki, insanlar elə inanır, gözüyumlu ölümə gedir.

Sona xanım həkim idi, mən də həkiməm, o cərrahın whatsapp yazışmalarını oxuduqca şoka düşdüm ki, yəni mənim tibbə oxuduqlarım, bu vaxta qədər bildiklərim səhv imiş?

Siruz yazıb ki, bizə təzə aparat gəlib, onunla heç bir emboliya baş vermir.

Liposaksiya piy emboliyası baxımından ən riskli əməliyyatdır. Bir var əməliyyata həyati göstəriş ola, bir də var, sağlam adamı gülə-gülə ölümə aparmaq.

Bu əməliyyatın sonunda emboliyanın olması pasiyentə deyilməlidir. Amma xəstələrə yanlış informasiya verirlər”.

Rəşid İbrahimov bildirib ki, baş verən hadisə hamını şoka salıb: "Biz belə bir əməliyyatla bu cür gözəl insanı, həkimi itirməyimizin şokunu yaşayırıq. Xanımın həyat yoldaşı da ürək tutmasından xəstəxanadadır”.

O, cərrahdan şikayət edilib-edilməyəcəyi ilə bağlı suala belə cavab verib: "Ailə hələ ki, klinika və həkimin məsuliyyətə cəlb olunması, hər hansı şikayət barədə düşünmək vəziyyətində deyil”.

Məlumata görə, vəfat edən həkim öz sahəsi üzrə Azərbaycanda yeganə mütəxəssis imiş. Elmi –Tədqiqat Ağciyər İnstitutunda ginekoloji vərəm üzrə mütəxəssis olan 51 yaşlı Sona Vəliyevanın 2 övladı var.

Qızı 9-cu sinif şagirdidir. Oğlu isə Türkiyədə tibb üzrə təhsil alır.