Qurban Qurbanov o istedadı qovdurdu - Açıqlama

14:34 12-06-2019 27

İdman yazarı Natiq Muxtarlının Azərbaycan futbolunun hazırkı vəziyyəti ilə bağlı Axar.az-a müsahibəsi:

- Natiq müəllim, ötən gün Azərbaycan millisinin Slovakiyaya 5-1 hesablı məğlubiyyəti cəmiyyətdə ciddi narazılıq yaradıb. Azərbaycanda futbolçu yetişməməsinin səbəbləri barədə fikir bildirənlərdən biri də sizsiniz. Hansı səbəblərdir bunlar?

- “Qarabağ”ın U-13 komandasında Vüqar Bağırov adlı bir uşaq vardı. Olduqca istedadlı idi. Hamı ondan danışırdı. Ona “Qarabağlı qarabala” da deyirlər. Onunla bağlı "Futbol+" qəzetində də material getmişdi. Bu uşaqda gələcəkdə yaxşı futbolçu olmaq üçün bütün xüsusiyyətlər mövcuddur. Qalırdı yaxşı klubda yaxşı məşqçilərin nəzarəti altında inkişaf etməsi…

- Bəs nə baş verdi? Futboldan uzaqlaşdı?

- Əksinə, hazırda daha peşəkar şəkildə futbolla məşğul olur. Sadəcə indi o uşaq “Qarabağ”da deyil. Nə baş veribsə, “Qarabağ”ın məşqçisi Araz Bağırov başlayıb bu istedadı sıxışdırmağa, incitməyə. Soruşanda da deyib ki, mən onu indi sındırmasam, məşqçisini tanımaz. 2017-ci ildə “Qarabağ” Gürcüstanda –“Saburtalo” ilə beynəlxalq turnirdə çıxış edərkən gürcülər bu uşağı bəyəniblər, onu komandaya dəvət ediblər. Ancaq klubun cavabı “yox” olub.

Bütün bu məlumatları Vüqarın valideyni Elnarə Bağırova özü deyib. Bundan sonra valideyni Vüqarı götürərək, üz tutub Gürcüstana. “Saburtalo”da onu dərhal akademiyaya qəbul ediblər və yer də ayırıblar. Orada qala bilməsi üçün valideyninə də iş veriblər.

- Natiq bəy, belə faktlar çoxdurmu?

- Əlbəttə. Təxminən bir il əvvəl də “Qarabağ”da oynayan çox istedadlı bir uşağın valideyni mənə müraciət etmişdi. Bildirmişdi ki, komandanın U-15 komandasına yeni məşqçi təyin edilib. O da özü ilə bir neçə uşaq gətirib. Onlara yer etmək üçün komandanın liderlərindən qurtulmağı lazım bilib, başlayıb onları sıxışdırmağa. Bununla bağlı yazdım. Güman etdim ki, “Qarabağ”da məsələni araşdırarlar, heç bir təhsili olmayan, heç vaxt da futbol oynamayan yeni məşqçinin hoqqalarına münasibət bildirərlər. Bildirdilər də - uşağı məşqlərdən uzaqlaşdırdılar.

- Bəs həmin uşaq indi haradadır?

- Uşaq məşqlərdən uzaqlaşdırılan vaxt “Qarabağ”ın əsas komandası xaricdə təlim-məşq toplanışında idi. Uşağın valideyninə klubdan deyiblər ki, Qurban Qurbanov zəng edərək o uşağın komandadan uzaqlaşdırılmasını tələb edib. Sonradan öyrəndim ki, həmin təhsilsiz məşqçi Qurban Qurbanovun dostunun oğludur.

Mən həmin uşağın adını da qeyd edə bilərəm. Bəli, hazırda məşqlərə davam edir. Ancaq başqa klubda. Uşağın adını çəkmək istəməməyimə səbəb də məhz bununla bağlıdır. Onun adını çəksəm, hazırda çalışdığı klubdan da qovdura bilərlər onu.

- Bu hal yəqin ki, təkcə “Qarabağ” klubu daxilində baş vermir…

- Təbii ki. Bu gün bütün klublarımızda vəziyyət belədir. Çox təəssüf ki, bütün futbol təsərrüfatında durum budur. Məhz elə bu səbəblərdən “Qarabağ”da, ümumilikdə isə Azərbaycanda futbolçu yetişmir. Azərbaycanda futbolçu yetişməməsinin daha 99 səbəbi var. Qeyd etdiklərin sadəcə səbəblərdən biridir.