Vətəndaşlar bu prosesdə ilk dəfə yer aldılar - Azay Quliyev

18:49 24-06-2019 32

İlk dəfə idi ki, layihələrinin qiymətləndirilməsi prosesinə vətəndaşları da dəvət etmişdik.

Xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının tətbiqinə dair brifinqdə deyib. O bildirib ki, elektron vətəndaş proqramının nəticələri sevindiricidir:

“Bizim məqsədimiz fəaliyyətimizin maksimum dərəcədə əlçatanlığını və dövlət vəsaitinin xərclənməsi prosesində vətəndaşların iştirakını təmin etməkdir. Burada ictimai nəzarət elementi var.

Layihələrin sayı 265 idi, onların 11-i texniki səbəblərdən qiymətləndirmə prosesinə buraxılmadı. Lakin 254 layihə ekspertlərin və vətəndaşların qiymətləndirilməsi üçün onların ixtiyarına verildi. 10 min 930 vətəndaş bu prosesdə iştirak edib.

Biz vətəndaşların məlumatlanması üçün həm universitetlərdə, həm də bölgələrimizdə proqramın təqdimatını keçirdik. Təxminən 73 şəhər və rayonu əhatə edən prosesdə 12 min 491 rəy daxil olub. Bu rəylərdın 11 min 271-i qeydiyyata alınıb. Vətəndaş istədiyi qədər layihəni qiymətləndirə bilərdi. Qiymətləndirmə prosesində 3 səs 1 bal hesablanırdı. Hər bir səsin arxasında vətəndaşın rəyi olmalı idi. Bəzi vətəndaşlar saxta yolla və yaxud da verdikləri səsi əsaslandırmaq istəmirdilər. Buna görə də 1220 səs silinməli oldu”.

Azay Quliyev keçid balı toplayan layihələrin sayı barədə də məlumat verib:

“Ekspertlərdən yekun keçid balı (60 və daha çox) toplanmış layihələrin sayı 101, vətəndaşlardan keçid balı (20 və daha çox) toplayanların sayı 101, həm ekspertlərdən, həm də vətəndaşlardan keçid balı toplayan 30, vətəndaş rəyləri 0 olan layihələrin sayı isə 59-dur. 1-20 bal arası toplayan layihələrin sayı isə 94-dür”.

Sədr maliyyələşən layihələrdə vətəndaş rəyinin nəzərə alınma faizinə toxunaraq söyləyib ki, vətəndaşların qiymətləndirmə balı nəzərə alınaraq maliyyələşdirilən layihələrin sayı 67, ekspertlərin balı nəzərə alınaraq maliyyələşdirilən layihələrin sayı 45 ədəd təşkil edib.

A.Quliyev artıq bu gündən Apellyasiya Komissiyasının fəaliyyətə başladığını da vurğulayıb:

“QHT-lər 5 iş günü ərzində apellyasiya şikayəti verə bilərlər. Bizim Apellyasiya Komissiyamız bu şikayətlərə baxış keçirərək, yenidən qiymətləndirilmə aparılmasını təmin edəcək”.