Neft sürətlə bahalaşdı – Səbəb

15:47 11-07-2019 33

Dünya bazarlarında “Brent” markalı neftin bir barrel 67 dolları keçib. Bir gün ərzində neftin qiymətləri belə sürətlə arta bilməsini xüsusi amilləri var.

Axar.az xəbər verir ki, bu sözləri professor Fikrət Yusifov qeyd edib. O bildirib ki, qiymətlərin sürətlə artması ilk olaraq təbiətin şıltaqlığı ilə bağlıdır:

“Verilən məlumatlara görə, “Barri” adlı fırtına Luiziana və Texas ştatları istiqamətində hərəkət edir və onun qasırğaya çevrilmək ehtimalı kifayət qədər böyükdür. Yaranmış vəziyyət Meksika körfəzində hasilatla məşğul olan neft-qaz kompaniyalarını ehtiyatlı davranmağa vadar edib. Onlar 15 platformada işi dayandırıb və bu da gündəlik neft hasilatının 32 faiz və ya 600 min barreldən çox azalması deməkdir. Başlanan fırtına qasırğaya çevrilməsə belə, onun güclü yağışlara səbəb olacağı gözlənilir. Bu isə yenə də hasilata mənfi təsir göstərə biləcək bir hal ola bilər. Odur ki, neft bazarı vəziyyəti həmən dəyərləndirdi”.

Professor bildirib ki, qiymətlərin sürətlə artmasını şərtləndirən bir başqa səbəb Trampın Tvitter səhifəsində İrana qarşı sanksiyaların daha da sərtləşdirəcəyi ilə bağlı yazdığı xəbərdarlıqdır.