Polis veteranları iş başında: 2600 cinayət açıldı

13:54 16-07-2019 440

Polis veteranları yeniyetmə və gənclər arasında narkotikə qarşı təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nikah və intihar hallarının qarşısının alınması məqsədilə ərazi polis orqanlarının rəhbərliyi və aidiyyəti xidmətlərin əməkdaşları ilə birgə müxtəlif təhsil müəssisələrində, DİN-nin Polis Akademiyasında, eləcə də vətəndaşlarla görüşlər keçirərək hüquqi mövzularda maarifləndirmə işləri aparır.

Bu barədə Axar.az-a DİN-dən məlumat verilib.

“Bu ilin 6 ayı ərzində veteranların köməyi ilə respublika üzrə 2564 cinayətin açılması təmin edilib.

Həmçinin, ötən müddət ərzində polis veteranları şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasına, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasına, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hissinin formalaşmasına yönəlmiş tədbirlərdə fəal iştirak edib. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində profilaktik xarakterli tədbirlərin həyata keçirilməsi də daim diqqətdə saxlanılıb. Göstərilən dövr ərzində veteranlar 2772 dəfə respublikanın müxtəlif təhsil müəssisələrində (orta məktəblərdə, liseylərdə, kolleclərdə və s.), həmçinin ayrı-ayrı kollektivlərdə vətəndaşlar qarşısında çıxış edib, tövsiyələrini veriblər.

Səmərəli fəaliyyətlərinə görə veteranlardan bir neçəsi DİN rəhbərliyi tərəfindən mükafatlandırılıb”, - məlumatda qeyd olunub.