Ağıl xəzinəsinin qılıncı – Dil

16:25 17-07-2019 340

(Əvvəi qəzetin 11 iyul tarixli sayında)

 Dilin fəsadlarından biri də bir kəsi lağa qoymaq və ona gülməkdir. Klassik tərifə görə, bir şəxsə lağ etmək, gülmək onun söz və işlərini eybəcər, gülünc tərzdə söyləməkdir. Əgər lağa qoyulan şəxs bundan narahat olarsa, acığı gələrsə, bu, haramdır. Rəbbimiz buyurub: "Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyanlardan Allah yanında daha yaxşı olsunlar" (Hucurat 11). Bu hikmətə görə, təlxəklik edənə gülmək təhqir deyilsə, bu, haram yox, zarafat sayılır.

Dilin gətirdiyi günahlardan digəri yalan danışmaq  və yalan yerə and içməkdir:

 

"Yalan eşitmədik böcəkdən, quşdan;
İnsandı insana yalan danışan..."
(M.Araz)

 Yalan yerə söz vermək isə münafiqlik əlamətidir. Allah Rəsulu buyurub: "Söz vermək borc kimidir. Qaçmamaq lazımdır". Bu həm də o deməkdir ki, mümkün olduqca söz verməmək daha yaxşıdır. Həmin səbəbdən Peyğəmbər (ə) həmişə: "İnşəəlləh, edə bilərəm" - deyərdi. Yalanın böyük günah olduğunu vurğulayan Rəsulu-Əkrəm buyurub: "Yalan bir sözü nəql edib anladan da yalançıdı. Yalan yerə and ilə başqasının malını alan qiyamət günü Allahu-Təaləni qəzəbli görər". Peyğəmbər (ə) yalnız üç halda yalan danışmağa  üzn verib: 1) Düşməni çaşdırmaq üçün müharibə vaxtı; 2) iki müsəlmanı barışdırmaq məqsədilə gözəl sözlər işlətmək; 3) Xanımının könlünü almaq üçün ərin dediyi sözlər. Yalanın caiz (icazəli) olması üçün ölçü belədir: Doğrunu söyləməklə  yalandan daha böyük pislik meydana  gələcəksə, o zaman yalan danışmağın zərəri yoxdur. Burada əsas qayə insaf tərəzisinin dəqiq ölçülməsidir. Şəriətə görə, bir şeyin olmaması yalanın olmamasından daha əhəmiyyətlidirsə, yalan danışmaq caiz olar. Məsələn, insanlar arasında savaş, inciklik, ər-arvad arasında münasibətin pis olması, gizli şeylərin aşkar edilməsi, günah səbəbindən təhqirə məruz qalmaq  və s. kimi  şeylərdə yalan danışmaq mübah olur. Çünki bu işlərin pisliyi yalanın pisliyindən daha zərərlidir. Qeyd edək ki, bu tezis "yaşamaq mürdar ət yeməkdən daha zəruridir" Quran hikmətindən doğub. Başqa sözlə, bəzi hallarda zərurət haramları mübah edir. Əksinə, mal yığmaq, vəzifə qapmaq, özünü tərifləmək üçün yalan danışmaq haramdır.

"Dil yırtıcıdır, cilovu buraxıldımı, hücum çəkər, parçalar" (həz.Əli). Yırtıcı dil ilə edilən böyük günahlardan biri qeybətdir. Rəbbimiz Quranda bunu ölmüş qardaşın ətini yeməyə bənzədib. Yəni qeybəti edilən adam qeybət edən adamın yanında olmadığı (qeybdə olduğu) üçün ölü (yox) qismindədir və qeybət edən adamın onu "müzakirə" etməsi ölmüş qardaşının ətini yeməyə bərabərdir. Bu zaman qeybəti dinləyən şəxs də günahkar olur. Qeybət, doğru olsa belə, bir kimsənin arxasınca ondan bəhs edib, eşitdiyi zaman kədərlənəcəyi şəkildə danışmaqdır. Qeybət edən yalan danışarsa, bu, artıq daha böyük günah-böhtandır. Qeybət təkcə dil ilə yox, həm də göz və əlin işarəsilə, qəlblə də olur. Qəlb ilə qeybət göz ilə bir şey görmədən, qulaqla eşitmədən və dəqiq bilmədən müəyyən şəxs haqqında pis fikrə düşməkdir. Qeybət mərəzinə mübtəla olan şəxs öz qüsurunu düşünməlidir. Əgər özündə heç bir nöqsan tapmırsa, artıq bu, onun ən böyük qüsurudur. Axı, xətasız insan yoxdur: "Əgər Mən insanları  günahlarına görə cəzalandırmalı olsaydım, heç birini sağ büraxmazdım" (Nəhl 61).

Sözgəzdirməklə araqarışdırmaq da dilin törətdiyi bəlalardandır. Onun yoğurub bişirdiyi bu zəhərlə milyonlarla insan dəmir barmaqlıqlar arasında çürüyüb, qətlə yetirilib. Rəbbimizin: "(Ya Pəyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa; qeybət edənə, sözgəzdirənə" (Qələm 10,11); "(Dalda) Qeybət edib, (üzdə) tənə vuran hər kəsin vay halına" (Huməzə) kəlamları söz gəzdirməklə aravuranlara da aid edilib. Peyğəmbər (ə) isə buyurub: "Sözgəzdirən  şəriətə görə, doğulmayıb-soysuzdur". Yəni zatı yoxdur.

Dilin növbəti pis xüsusiyyətlərindən biri dünya mənfəəti əldə etmək üçün mənsəb sahiblərini lüzumsuz, layiq olmadıqları tərzdə tərifləmək, onlara yaltaqlanmaqdır.

Həz.Əli belə məddahlar üçün buyurub: "Dil rüşvəti verməklə mənə yaltaqlanmayın". Deməli, ağıllı və şəxsiyyətinə hörmət edən adam tərifləndiyi zaman qürurdan çəkinməli, son nəfəsdəki ağrılı halı düşünməlidir. Əgər tərifləyən şəxs onun bütün sirlərini bilsəydi, bəlkə də onu tərifləməzdi. O halda təriflənən kimsə tərifə mane olmalı, bundan xoşlanmamalı və sirrini tərifləyən şəxsə bildirmədiyi üçün Allaha şükür etməlidir. Həz.Əlini kimsə təriflədikdə  buyurdu: "Ya Rəbb! Mənim üçün deyilənlərdən ötrü məni məsul tutma. Onların bilmədiyi cəhətlərimi də əfv et və məni onların zənn etdiklərindən  daha yaxşı et!". Həz.Əlini sevməyən birisi münafiqlik (ikiüzlülük) edərək onu mədh etdi. Həzrət də cavabını belə verdi: "Mən sənin dilində olandan aşağı, qəlbində olandan isə üstünəm". Tərif, xüsusən yersiz tərif hətta ağıllı yolçunu da yolundan edər:

 

... Tərifin şirindil müsahib kimi
Yolçunu yolundan saxlamağı var..."
(M.Araz)

 

"İnsana danışmağı öyrənmək üçün 2 il, danışmamağı öyrənməyə isə 60 il vaxt lazımdır" (L.Feyxtvanqer, v.e.1958). Deyim ana dilində danışmayan dil sahiblərinə şamil edilmir. Çünki onlar ana dilində danışmağı çox erkən yaşlarında tərk ediblər. Halbuki, dilin ən böyük bədbəxtliyi onun öz dilində - ana südü ilə yoğrulan ana dilində danışmamasıdır.

Kökündən, əslindən uzaqlaşaraq qeyri-anadilli belə "irəligetmişlərimiz" barədə deyilib:

 

"...İtin də dilinə hörmətimiz var,
Təkcə öz dilimiz yaramır bizə".

(B.Vahabzadə)

 

Dil verilməsəydi, söz olmazdı. Söz olmasaydı insan da daxil olmaqla kainatın Sahibini və Onun yaratdıqlarını vəsf etmək mümkün olmazdı. Dostluq, sədaqət, məhəbbət və əmin-amanlıq üçün ən gözəl vasitə olan dil, həm də düşmənə qarşı bir silahdır.  Elə isə ey dil, son duanı Vətənə, son sözünü də düşmənə de! De ki, dost da, düşmən də  varlığından xəbərdar olsun!

P.S. "Susmaq heç də həmişə ağıllı olmağı sübut etmir. Lakin ağılsızlığın büruzə verilməsinin qarşısını alır" (P.Buast, v.e.?)

 

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru