Haramxorun möminliyi

16:41 17-07-2019 350

"Xalq" və "Əməkdar" mütrüflər

 

Hə millət, bu gün məni çox düşündürən bir məsəlini sizinlə bölüşmək istəyirəm. Hörmətli dostum İbrahim Quliyev özünün FB səhifəsində belə bir fikir paylaşıb:"Allah, sən özün bizi tezliklə Azərbaycan televiziyalarının və müğənnilərinin əlindən xilas eylə! Axı sən adilsən..."

Buna duamı deyək, çaxırışmı deyək bilmirəm, hər halda bir Azərbaycan ziyalısının harayı kim qəbul edərək, münasibət bildirməyi özümə borc saydım. Çünki bu gün yüksək vəzifəli haramxorların bilavasitə dəstəyi ilə televiziyalarımızı zəbt edən şou-biznes əhli, sözün bütün mənalarında yetişməkdə olan gənc nəslin milli-mənəvi dəyərlərə münasibətini, şüurunu və mənəviyyatını korlamaqla sərvət və mənsəb sahibi olurlar. 10-15 ildir "sənətə"dəyəm deyən,"əməkdar", "xalq" artisti titullarını daşıyan bir çoxlarını toyxanalarda və özlərinin təşkil etdikləri şou proqrramlar başqa bir yerdə heç kim tanımır. Maraqlıdır, onlara bu yüksək dəyəri, fəxri adları, titulları kim, necə, hansı kriteriyalarla verir?

30-40-50 il istehsalatda, kənd təsərrüfatında çalışan fəhlənin, kəndlinin (fermerin) heç bir imtiyaz sahibi olmadığı bu məmləktdə şou biznes mütrüflərinə bunca imkanların yaradılmasının mütləq bir qaynağı olmalıdır və heç şübhəsiz ki, var da. Onlara bu imtiyazı tanıyan, bütün məclislərdə yuxarı başa çıxaran, bahalı villa, avtomobil sahibi edən nə sənətləridir, nə də səsləri. Onlara bu imtiyazları tanıyan xalqın, dövlətin sərvətlərin rüşvət, korrupsiya, inhisarçılıq yolu ilə talayaraq milyonlara sahib olan məmur-oliqarxlar və onların ətarfıdır. Onlar haram yolla taladıqlarını bu kimi şou mamlımatanlarına xərcləməklə həm reklam olunurlar, həm də...

Bütün bunlar öz yerində, maraqlıdır ki, özlərinin kimliyini çox gözəl bilən şou əhli, televiziya ekranlarından insanlara mənəviyyat və əxlaq dərsi keçməyə cəhd edirlər. Bu da normal insanlarda istər -istəməz ikrah hissi yaradır. "Məni xalq dolandırır", "mən xalqıma xidmət edirəm", deyən şou əhlinin sözlərində heç olmasa bir kəlmə səmimiyyət varmı, görəsən? Yoxdur! Hamısı boğazdan yuxarı sözlərdir. Vəzifədən çıxarılan məmurların mömin-dindar qiyafəsinə bürünmələri kimi... 

Dünya mətbuatı Azərbaycan məmurlarının, onların övladlarının və yaxınlarının meşşan həyat tərzindən vaxtaşırı məlumatlar dərc edirlər ki, bu artıq heç kimi təəccübləndirmir.

Çox maraqlıdır ki, vəzifə və səlahiyyətlər əldən gedəndən sonra bu məmur çetesi dönüb olur mömin. Dediklərinə görə namaz qılırlar, oruc tuturlar, dəfələrlə Həcc ziyarətinə gedirlər (varlığa nə darlıq). Allah qəbul eləsin, günahlarını bağışlasın! Amma burada bir halal, haram məsələsi də var axı! Haram pulla, kimlərisə gözüyaşlı qoyub Həccə getməyin, ibadətin nə mənası var? Bəlkə bu yolla bütün naqis əməllərinin bağışlandığını düşünürlər? Düzdür, Allahın tövbə qapısı hər zaman açıqdır və insan hansısa bir əməlinin günah olduğunu düşündüyü zaman, həmin qapıdan keçərək bir daha belə bir əmələ yol verməyəcəyinə Allah qarşısında söz vermiş olur və buna da dində Allaha iman gətirmək deyirlər. Peyğəmbərimiz(s.ə.s.) bu xüsusda buyurub: "İmanın tamını üç şeyə malik şəxs dadıb: heç bir şeyi Allahdan və onun Peyğəmbərindən çox sevməyən kəs, odda yandırılmağı dinindən əl çəkməkdən yaxşı sayan kəs və Allaha görə dostluq və düşmənçilik edən kəs". Peyğəmbərimiz(s.ə.s.) həmçini bəyan edib: "Kimin ən çox fikir və təlaşı nəfsi istəklərə çatmaq olsa, imanın şirinliyini onun qəlbindən çəkib çıxarırlar". Dindar-mömin olduqlarını iddia edən məmurlar və şou əhli ilk növbədə bunları yaddan çıxarmamalıdırlar. 

Bu baxımdan İmam Əlinin(ə) fikirləri də diqqət çəkir: "Bəndə istər doğru, istərsə də zarafat ilə yalan deməyi tərk etməyincə imanın tamını dadamaz". Deməli, insanın imana gəlməsinin əsas qayələrindən biri də yalan danışmaqdan vaz keçməkdir.

Bu günlərdə mətbuata eks məmurlardan birinin etirafları ilə tanış oldum. Sən demə, vəzifə və səlahiyyət sahibi olan bu şəxs şeyx və əfəndilər nəslindən olub və hər zaman da dinə ibabət edib. Şeyx və əfəndilər nəslinə mənsub birisinin xalqa zülm və zillət verərək milyonlara sahib olması ağlabatan olmasa da, reallıqdır. Bunu hər kəs bilir, həmin məmur barəsində təkcə Azərbaycan mətbuatında yazılanlar bəs edər ki, onun bütün mənəvi, dini və bəşəri kimliyi ortaya çıxsın. Öz naqis əməllərin din pərdəsi altında gizlətməyə çalışanlara xitabən imam Əli(ə) belə deyib: "Mömin öz dinini dünyası ilə təmizləyən kəsdir. Günahkar o şəxsdir ki, dünyasını dini lə qoruyur".

Öz nəfsinin qurbanı olan kəslərə Peyğəmbərimiz(s.ə.s.) belə deyib:"Mömin o kəsdir ki, nəfsi onun əlindən əziyyətdədir, camaat isə asayiş və rahatlıqda".

 Məncə, əlavə şərhə heç bir ehtiyac yoxdur.

 

P.S.  Bununla belə maraqlıdır, bu insanlar öz uydurduqları yalanlarına heç olmasa özləri inanırlarmı, görəsən? Yoxsa hesab edirlər ki, vəzifə sahibi olduqları zaman taladıqları pullarla Həccə getməklə, insanları aldatdıqları kimi, Allahı da aldada bilirlər? Yazıqlar olsun!

 

Yusif Seyid