“NAZİR DEDİ Kİ, NƏ EDİRSƏN, AĞLINI BAŞINA YIĞ” – “O zaman yaxın dost idik, mənə yaxşılıq etmək istədi…”

11:41 19-07-2019 565

“AzPolitika.info” müdafiə nazirinin sabiq müavini və Bakı Ali Hərbi Dənizçilik Akademiyasının sabiq rəisi, professor Canmirzə Mirzəyevlə müsahibəni təqdim edir:

- Canmirzə müəllim, illər əvvəl Siz xüsusi aktivliyinizlə seçilirdiniz – mübarizə aparır, müsahibələr verir, mediada məqalələrlə çıxış edirdiniz. Lakin son illər kölgəyə çəkilibsiniz. Bu, nə ilə bağlıdır?

– Əslində, mən fəaliyyətimi başa çatdırmışam. Nəyə görə? Rus dilindən sonra Azərbaycan dilində yazmağa başladım, amma mətbu orqanlar yazılarımı çap etmədilər. Ondan sonra dayandım. Eyni zamanda səhhətimdə müəyyən problemlər yarandı, bir neçə dəfə cərrahiyə əməliyyatı keçirdim. Hazırda müalicə ilə məşğulam. Mən hazırda kitab yazıram. Kitabda öz fikirlərimi, qeydlərimi, həyatımı yazıram. Kitab əslində ölkəmizdə olan proseslər və daha çox ordu ilə bağlıdır. Çalışıram kitabı başa çatdırım və çap etdirim.

- Deyilənə görə Azərbaycanda yaşamırsınız, sadəcə bura gəlib-gedirsiniz…

– Gördüyünüz kimi, hazırda sizinlə Azərbaycanda söhbət edirəm. Sadəcə olaraq, vaxtilə müdafiə naziri mənə qadağa qoyduğuna görə, bizim hərbi hospitalımız məni müalicə etməkdən imtina edir. Mənə rəsmən dedilər ki, burada sizin müalicəniz qadağandır. Odur ki, mən müalicəmi ölkəmizdən kənarda həyata keçirməyə məcburam. Bu duruma təəssüf edirəm. Ancaq Azərbaycandayam. Xaricə gedib-gələ bilərəm. Azərbaycansız yaşamaq isə mənə xas cəhət deyil.

- Hərbçi kimi təqaüd alırsınız?

– Bəli, təqaüd alıram, amma bunun müalicəyə aidiyyəti yoxdur. Hərbçi ordudan tərxis olunursa təqaüd almalıdır. Sadəcə mənim vaxtımda daha yaxşı xidmət edən Beydullayev, Səfər Əbiyev idi. Mən isə pis xidmət edirdim.

- Səfər Əbiyevin dövründə Azərbaycan ordusundakı durumu sərt tənqid edən biri kimi, indi ordumuzun real durumu haqqında nə deyə bilərsiniz?

– Mən indi ordu və hərbi proseslərdən uzaq olduğuma görə, ümumi sözlərlə qiymət verməyim peşəkarlıqdan uzaq addım olardı. Ancaq eşitdiyimə və mətbuatdan oxuduğuma görə ordumuzda irəliləyişlər var. Açığı, bu məni çox sevindirir. Ancaq mən elə adamam ki, gedib vəziyyətlə yerində tanış olmalı, görməli və sonra konkret fikrimi deməliyəm. Nəzərə alın ki, mənim bir zamanlar statusum nazir müavini olub, uzun illər orduda olmuşam və o dövrdəki vəziyyəti bilirdim. 2016-cı ilin aprel müharibəsi zamanı mən Bakıda deyildim. Amma hadisədən sonra vətənə qayıtdım, yazılanları oxudum, habelə kadrlara baxdım, keçmiş hərbçilərlə söhbət etdim və fərəh hissi keçirdim. Sözsüz ki, ordumuzun özünü cəbhədə göstərməsini alqışlayıram. Bir daha qeyd edim ki, mən ordu ilə bağlı çox kəskin araşdırma və yazıların müəllifiyəm. Çünki o zaman hadisə olanda hərbi hissəyə gedirdim, vəziyyətlə tanış olurdum. Mən çox istərdim ki, vəziyyət yaxşılaşsın. İndi onu sizə dəqiq deyə bilərəm ki, ordumuzun qidalanması əvvəlki illərlə müqayisədə yaxşılığa doğru dəyişib. Silahlanma haqqında yazılar yazılır, fikirlər deyilir. Ümid edirəm ki, bu istiqamətdə də vəziyyət yaxşılığa doğru dəyişib. Ancaq bizim vaxtımızda vəziyyət belə deyildi. Bəzən yazırdılar ki, silah alıblar, amma bu silahlar yararsız olurdu. Mən belə bir faktın şahidi olmuşam. Vaxtilə Ziya Bünyadovun otağında sənədlərlə tanış olmuşduq. Əbiyevin vaxtında hansısa ölkədən 11,2 milyonluq silah alınmışdı. Silah Bakıya gətirildi və burada yoxlanılanda yararsız çıxdı. Əslində isə ortada heç silah da yox idi…

- 2018-ci ildə iki dəfə hərbi parad keçirildi və bu paradlarda ən müasir silahlar nümayiş olundu…

– Parad olub və mən bunu müsbət cəhət kimi qiymətləndirərəm. Yəni alınan silahların nümayişi çox yaxşı haldır. Bir vətəndaş kimi bu mənim mövqeyimdir. Amma hərbçi kimi bu silahdan necə istifadə edildiyini, hansı imkanlara malik olduğunu görüb konkret fikrimi deyə bilərəm. Bir vətəndaş kimi parad məni qane edə bilər, amma hərbçi kimi ancaq parada baxaraq fikir söyləməyi peşəkarlıq saymazdım.

- Bu silahlar 2016-cı ilin aprelində özünü doğrultmadımı?

– Sözsüz ki, bu fakta görə qürur hissi keçirirəm. Bir çox silahlar təcrübədən keçirilib. Mən sonradan öyrəndim ki, o hadisə zamanı millətimizdə yüksək ruh mövcud olub. Bu qürurverici, fərəh keçiriləsi haldır. Eyni zamanda ordunun Naxçıvan istiqamətində irəliləməsi də böyük hadisədir. Sağ olsun bizim uşaqlar, hərbçilərimiz, bunu edirlər. Mən istərdim ki, ordunun uğurları bundan da çox olsun.

- Ermənistanda hakimiyyət dəyişdi, müharibə caniləri siyasətdən getməli oldu. İndi siz hərbi baxımdan Ermənistanın durumunu, işğalçı ölkənin vəziyyətini necə qiymətləndirirsiniz?

– Sözsüz ki, mən internetdən onlar haqqında materiallar oxuyuram. Hər dəfə deyirdim ki, bu haqda danışmaq azdır, vəziyyəti döyüş meydanında görmək lazımdır. Biz qarşımıza torpaqları işğaldan azad etməyi məqsəd kimi qoyuruqsa, buna hökmən nail olmalıyıq. Eyni zamanda, Ermənistanda hansı durumun olması bizim üçün maraqlı olmamalıdır. Orada hakimiyyət dəyişsə də, bizə və torpaqlarımıza münasibətdə heç nə dəyişməyib. Vəziyyət əvvəlki kimidir. Biz qarşımıza məqsəd qoymuşuqsa, bunu həyata keçirmək üçün işləməliyik. Yəni biz özümüzə güvənməli və məsələni özümüz həll etməliyik. Əlbəttə, siyasət vacibdir və qərarı siyasi xadimlər qəbul edir. Amma ordu mükəmməl olmalıdır. Oradakı hakimiyyət dəyişikliyinin Qarabağ konfliktinin həllinə gətirib çıxaracağını düşünmürəm.

- Necə hesab edirsiniz, hazırda müharibə ehtimalı nə qədər yüksəkdir?

– Müharibə ehtimalı hər zaman var. Hər şey vəziyyətdən asılıdır. Müharibə hər an başlaya bilər.

- Canmirzə müəllim, doğrudanmı siz nazir müavini olanda qardaşınız müharibədə şəhid olub?

– Bəli, mənim qardaşım Naxçıvan istiqamətində gedən döyüşlərdə şəhid olub və Şəhidlər Xiyabanında dəfn edilib. Mən Teymuru cəbhə bölgəsinə göndərəndə səlahiyyətli idim. Bunu eşidən keçmiş müdafiə naziri mənə dedi ki, Canmirzə, sən nə edirsən, ağlını başına yığ! Mən də dedim ki, nə olar qardaşımdır, getsin cəbhə bölgəsində xidmət etsin. Amma nazir təklif etdi ki, qoy qalsın Bakıda. Həmin nazir Səfər Əbiyev idi. O vaxt Əbiyevlə mənim aram çox yaxşı idi və bir növ mənə hörmət etmək istəyirdi. Ancaq qardaşım şəhid olanda artıq nazirlə münasibətimiz yox idi və mənim adım nazirlikdə çox mənfi qarşılanırdı. Sonra qardaşımın Sumqayıtda Şəhidlər Xiyabanında dəfn edilməsinə razılıq verildi.

teymur

Teymur Mirzəyev

- Sabiq nazir Səfər Əbiyevə indi münasibətiniz necədir? Nəzərə alsaq ki, indi nə siz nazir müavini, nə də Səfər Əbiyev müdafiə naziri deyil…

– Mən yıxılan adama balta vurmuram. Əgər Səfər nazir olsaydı, inanın ki, barəsində döşəyərdim. İndi mən yıxılana nə deyim? İndiki nazir Zakir Həsənov mənim qardaşımın cəbhədəki şücaətini qiymətləndirib və qeyd edib. Vaxtilə qardaşım təltif ediləndə Müdafiə Nazirliyindən zəng də ediblər. Əslində qardaşım Teymur Mirzəyev şəhid olandan sonra üç dəfə təqdimat göndərilib. Hər üçünü də Müdafiə Nazirliyindən geri qaytarıblar. Səbəb də budur ki, Teymur Canmirzə Mirzəyevin qardaşıdır. Bunlar olub keçib. İndi sağ olsunlar ki, bu problemi aradan qaldırıblar və qardaşımı ölümündən sonra təltif ediblər. Baxmayaraq ki, zamanında qardaşımla bağlı təqdimlatlar nazir tərəfindən geri qaytarılırdı. Yəni nazir Əbiyev mənim qisasımı qardaşımdan alırdı.

- Nazir vəzifəsindən gedəndən sonra Səfər Əbiyevlə görüşünüz, əlaqəniz olubmu?

– Xeyr, olmayıb. Belə bir kontakt mövcud deyil. Bəli, biz zamanında çox yaxın dost olmuşduq, sonra münasibətimiz pozuldu. O zaman respublikada çoxları bizim münasibətlərimizdən xəbərdar idi. Amma mən elə insanam ki, adam yıxıldıqdan sonra onun haqqında danışmaq istəmirəm. Səfər Əbiyev nazir olanda mən ona qarşı mübarizə aparmışam. Amma indi… Artıq Səfər Əbiyev bilər, Allahı bilər…

- Hazırda beynəlxalq vəziyyət də ürəkaçan deyil. Bəsrə körfəzində İrana qarşı ABŞ-ın 50 minə yaxın əsgəri, sualtı və təyyarə daşıyan gəmiləri mövqe tutur. Necə hesab edirsiniz, İrana qarşı hansı addımlar atıla bilər?

– Bu yeni vəziyyət deyil. Livanda, Suriyada, Yəməndə, Misirdə müəyyən proseslər yaşandı. ABŞ gəmiləri, qüvvələri hər dəfə Körfəzə gəlib. İndi bu qədər canlı və texniki qüvvə nahaq yerə körfəzə göndərilməyib. Əgər gəliblərsə, deməli hansısa ssenarilər baş verə bilər. Mən müharibə ssenarisinin reallaşmasını böyük hadisə saymazdım. Çünki buna əsas görmürəm. Amma hazırda vəziyyətlə hərbçilər deyil, siyasətçilər məşğuldur. Ancaq işi hərbçilər həyata keçirəcək. Mən deyə bilmərəm ki, sabah İrana qarşı müharibə başlayacaq.

– İranı məhv etmək mümkündürmü?

– Mümkün deyil. Mənim fikrimcə, İran nə Suriya, nə də İraqdır. Belə düşünənlər səhvə yol vermiş olarlar.

- Ukrayna-Rusiya qarşıdurması, Donbasın separatçıların əlinə keçməsi, Krımın ilhaqı prosesi artıq reallıqdır. Bu konfliktin sonu necə olacaq?

– Əslində, Ukraynadakı proses bizim Qarabağ prosesinə çox oxşardır. Yəni mahiyyət baxımından eyni proses gedir, sadəcə iştirakçılar dəyişib. Belə vəziyyət kiminsə üçün əlverişlidir, maraqlarını təmin edir və s. Amma kənardan baxanda iki slavyan dövləti bir-biri ilə müharibə edir. Bu çox qəribə və gülüncdür.

- Əslində Suriyada, İranda, elə Ukraynada da faktiki ABŞ və Rusiya üz-üzə gəlib. Bir hərbçi kimi ABŞ və Rusiyanın hərbi imkanlarını necə qiymətləndirirsiniz?

– Biz dünyada hərbi baxımından iki böyük potensialı olan dövlətdən danışırıq. Əgər silahlı qüvvələr nəzərdə tutulursa, hər ikisi güclü ölkədir. Məsələn, Rusiyada silahlı qüvvələrin sayı və texniki göstəriciləri azalma üzrə gedir, amma silahların keyfiyyəti yüksəlib. ABŞ-da da ordu böyüməsə də, texniki inkişaf mövcuddur. Bu iki ölkəni hərbi baxımdan birini digərindən güclü kimi təqdim etmək sadəlövhlük olardı. İndi dəbdə olan mövzu daha çox S-400 komplekslərinin Türkiyəyə verilməsidir. Qərb ölkələri bundan çox narazıdır. Ancaq sizə deyim ki, S-400 kompleksinin satılması, anlaşma, göndərilmə və buna reaksiyaların 70 faizi siyasi məsələdir. Fikrimcə, S-400 kompleksini əldə etmək Türkiyəni gücləndirəcək.

Vaqif NƏSİBOV
“AzPolitika.info”