Mediamızın hazırkı durumu: nələrdən keçdik?

10:16 22-07-2019 41

Cümhuriyyət dövründə Azərbaycan mətbuatı sözün əsl mənasında demokratik meyarlarla inkişaf edirdi. Avropanın, Qərbin hələ demokratiya haqqında mülahizələri mövcud olanda Azərbaycanda bütün sahələrdə, o cümlədən mətbuat sahəsində demokratik prinsiplər tətbiq olunurdu.

Bu sözləri açıqlamasında BDU Jurnalistika fakültəsinin “Jurnalistika nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, professor Cahangir Məmmədli Azərbaycan milli mətbuatının yaranmasının 144 illiyi münasibətilə bağlı danışarkən deyib. O bildirib ki, bu gün milli mətbuatımız dünya mediası ilə tam ayaqlaşacaq səviyyəyə çatıb:

“144 il öncə nəşrə başlayan “Əkinçi” qəzeti Azərbaycanın milli mətbuatının əsasını qoydu. Həsən bəy Zərdabinin naşirliyi ilə işıq üzü görən “Əkinçi” bəlkə də necə böyük bir ənənənin başlanğıcında dayandığının fərqində deyildi. 1875-ci il iyulun 22-də ilk nömrəsi nəşr olunan “Əkinçi” qəzetində Həsən bəy Zərdabi türk millətinin yaşamasını, qabağa getməsini, elm və mərifət sahibi olmasını arzulayırdı. Zərdabi dönə-dönə vurğulayırdı ki, millətin ayılması üçün mütləq maariflənməsi gərəkdir. Xalqın maarifləndirilməsi prosesində isə öndə ziyalılar gedirdi və o ziyalılar sayəsində hələ o zamanlar çox böyük işlər görüldü”.

Professor Sovet dönəmində Azərbaycan mətbuatının sıxışdırıldığını bildirib:

“Sovet rejimi ilk vaxtlarda ölkənin ziyalılarının, xalqın maariflənməsində, vətənpərvərlik ruhunun oyanmasında böyük rolu olan şəxsiyyətlərin repressiyasına start verdi və mütərəqqi, demokratik fikri boğmağa başladı. Rejimin repressiya maşını ölkənin istər mətbuatının, istərsə də ədəbiyyatının aparıcı simalarını sıradan çıxarmaqla keçmişi unutdurmağa, gələcəyi isə yalnız öz arzularına uyğun qurmağa cəhd edirdi. 1936-40-cı illər arasında məhv edilən ziyalılar dövrün ən aparıcı şəxsiyyətləri, mütərəqqi fikir sahibləri idilər. Sonrakı dövrlərdə isə artıq sovet təbliğatı tam şəkildə öz istəklərini tətbiq etməyə başladı. Totalitar rejimin senzura maşını milli mətbuat ənənəsinin inkişafını dayandırsa da, peşəkarlıq baxımından müəyyən yol qət edildi”.

Professor müassir Azərbaycan mətbuatının qurulmasında Heydər Əliyevin rolundan bəhs edib:

“Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan jurnalistikasının inkişafında hər zaman xüsusi yeri olan şəxsiyyətlərdəndir. Onun 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə oldu. Həmçinin bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz bu Fərmanla kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Ümummilli liderimiz Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. 2000-ci ildə Ulu öndərin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu. Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi və əvəzində Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı və Azərbaycan mətbuatı günü-gündən sürətlə inkişaf etməyə başladı”.

Professor Azərbaycan mətbuatının bugünkü vəziyyətindən də bəhs edib:

“Bu gün Azərbaycan mətbuatı kifayət qədər inkişaf edib. Ölkədə azad fəaliyyət göstərən yeni mediaların sayı artıb. Bu, çox yaxşı haldır. Çünki say artıqca rəqabət artır və rəqabət olan yerdə də inkişaf olur”.