“ELÇİBƏY HEYDƏR ƏLİYEVİN AGENTİ DEYİLDİ…” – “KQB-nin arxivləri açılmalıdır”

23:58 30-07-2019 455

Eldar Namazov: “AXC liderlərinin seçimi çox sadə idi: Heydər Əliyev, yoxsa Surət Hüseynov?”

eldar-namazov-55

“AzPolitika.info” Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, politoloq Eldar Namazovla müsahibəni təqdim edir:

- Eldar bəy, hüquq müdafiəçisi Leyla Yunusun eks-prezident Əbülfəz Elçibəyi “KQB agenti” adlandırması cəmiyyətdə birmənalı qarşılanmadı. Bu mövzudakı mübahisələr indi də davam edir. Sizin də mövqeyinizi bilmək maraqlı olardı…

– Əslində mənim bu iddialarla bağlı müəyyən fikirlərim var. 1993-cü ildə hakimiyyət dəyişikliyi baş verdikdən sonra bu mövzu zaman-zaman mətbuata çıxır və müzakirələr başlanır. Baş verən proseslərin səbəbini, gedişatını müzakirə edərkən insanlar müxtəlif rəy bildirir və yozumlar edirdi. Leyla Yunusun qaldırdığı məsələlərlə bağlı mənim öz fikrim formalaşıb. Elçibəyin fəaliyyəti gözümün qarşısında olub. Mən Elçibəyin komandasında olmasam da, o zaman baş verən proseslərlə marqlanırdım, ictimai fəaliyyətlə məşğul olur və siyasi prosesləri təhlil edərək mətbuatda təkliflərlə çıxış edirdim. Heydər Əliyevin köməkçisi, katibliyin rəhbəri və Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən biri kimi pərdənin o biri tərəfində gedən proseslər mənim üçün kifayət qədər aydın idi.

Leyla Yunusun fikirlərini şərh etməzdən əvvəl bir məsəl çəkim: Bəzi Avropa ölkələrində uydurma soyqırımı inkar etməyə görə cinayət məsuliyyəti gündəmə gəlmişdi. Türk siyasətçi Doğu Perincək bilərəkdən İsveçrədə “soyqırımı” inkar etməyə başladı, çıxışlar etdi. Sonra da ona qarşı cinayət işi qaldırıldı, məhkəmə qərarı da oldu. Siyasətçi də bu fürsətdən istifadə edərək Avropa İnsan Haqları Məhkəməsinə şikayət etdi. Yəni bu, əvvəldən planlaşdırılan addım idi və məqsəd işi Avropa Məhkəməsinə qədər aparmaq idi. Avropa İnsan Haqları Məhkəməsi bu işə baxdı və ermənilərin belini qıran qərar çıxardı. Bu qərarda qeyd edilirdi ki, erməni “soyqırımı” fakt deyil, rəydir.Hamı bilir ki, dünyada Holokost olub, yəni yəhudi xalqına qarşı soyqırım həyata keçirilib və bunu da beynəlxalq tribunal məhkəməsi fakt kimi sübut edib. Amma erməni “soyqırımı” ilə bağlı ortada nə bir fakt, nə məhkəmə, nə də beynəlxalq qərar yoxdur. Deməli erməni “soyqırımı” sadəcə bir rəydir. Baxmayaraq ki, Türkiyə təklif edir ki, müştərək komissiya qurulsun, tarixçilər işləsin, arxivlər öyrənilsin, amma ermənilər buna razılıq vermir. Avropa Məhkəməsi də qərarında elan etdi ki, erməni soyqırımı fakt deyil, rəydir. Əgər bu rəydirsə, deməli başqa rəy də ola bilər. Kimisə rəyinə görə məsuliyyətə cəlb etmək isə insan haqlarının pozulması deməkdir. Bu mənada saxta soyqırımla bağlı bir beynəlxalq qurumun qərarı yoxdur, eyni zamanda soyqırımı inkar edən Avropa Məhkəməsinin qərarı olub. Yəni buna tarixi proseslərin yozulması rəyi kimi münasibət bəslənir.

- Çəkdiyiniz misalın Leyla Yunusun iddiaları ilə nə əlaqəsi var?

– Əslində Leyla Yunus Elçibəy və Heydər Əliyev haqqında danışır, hətta bir neçə arqumentlər gətirir. Bunların hamısı yuxarıda çəkdiyim məsələ bənzəyir. Dediklərinin içərisində fakt yoxdur ki, iddiasını sübut etsin. Hamısı yozma və rəylərdir. Bir hadisə haqqında bir neçə rəy ola bilər və bunların içərisində guya ən düzgün yozmanı da Leyla Yunus seçir. Ancaq başqa rəylər həqiqətə daha yaxın ola bilər. Leyla Yunusun birinci arqumenti ondan ibarətdir ki, niyə Elçibəy Heydər Əliyevin ölkəyə birinci katibliyi dövründə həbs edildikdən qısa müddət sonra azad edildi və tezliklə Əlyazmalar İnstitutunda işlə təmin edildi. Leyla Yunus deyir ki, bu qeyri-adi hadisədir. Başqa respublikalarda dissident kimi həbs edilən şəxsin qısa müddətdən sonra azad edilməsi və işlə təmin olunması halına rast gəlinmirdi. Əksinə, Belarusda, Ukraynada, Rusiyada dissidentlər uzun müddət həbs edilir və sonra da işlə təmin olunmurdu. Leyla Yunusun yozması bundan ibarətdir. Amma biz Heydər Əliyevin fəaliyyətini təhlil etsək görərik ki, bu onun dissidentlərlə bağlı ilk addımı deyildi. Yəni bu təkcə Elçibəylə bağlı deyildi. Mən 1993-cü ildə Heydər Əliyevlə çalışmağa başlayanda onun ilk səfəri Fransaya oldu. Bu səfərdə onu bir sıra ziyalılar da müşayiət edirdi. O cümlədən də rəhmətlik Bəxtiyar Vahabzadə. Bir vaxtlar “Gülüstan” poemasına görə Vahabzadəni millətçilikdə, pantürkizmdə ittiham edirdilər, onun haqqında Moskvaya və KQB-yə donoslar yazılırdı. Fransada səfər zamanı axşam qonaqlıq oldu. Qonaqlıqda Heydər Əliyev hər bir şəxs haqqında tost dedi. O cümlədən Bəxtiyar müəllim haqqında dedi. Bəxtiyar müəllim də Heydər Əliyev barədə tost deyəndə maraqlı bir əhvalat danışdı. Bəxtiyar müəllim dedi ki, ona çox böyük hücumlar olanda, barəsində Moskvaya donoslar yazılanda ehtiyat edirmiş ki, həbsi oluna bilər. Amma qəfildən ona telefon zəngi gəlib və deyiblər ki, Heydər Əliyev sizi Mərkəzi Komitəyə dəvət edir. Bəxtiyar müəllim qeyd etdi ki, Mərkəzi Komitəyə gedib Heydər Əliyevlə görüşüb və birinci katib onunla çox mehriban söhbət edib. Bu söhbət əsnasında Heydər Əliyev ona deyib ki, “Gülüstan” və digər gözəl poemalar yazmısınız, bir dənə də partiya haqqında şeir yazın ki, mən sizə qarşı olan hücumları rahat formada dəf edə bilim…

Razılaşın ki, bunu hər birinci katib etməzdi. Mən başqa respublikaların birinci katibləri və dissidentlər haqqında çoxlu memuarlar oxumuşam, amma belə faktlara rast gəlməmişəm. Heç bir birinci katib dissidentlərlə belə açıq söhbət etməz və onları açıq müdafiə etməzdi. Yeri gəlmişkən, Heydər Əliyev birinci katibliyi zamanı Stalin repressiyasının qurbanı Hüseyn Cavidin nəşini İrkutsk vilayətindən vətənə gətirdi. Hətta Heydər Əliyev Hüseyn Cavidin nəşi gətirilərkən fəxri qarovulda dayandı. Bunu da həmin dövrdə birinci katiblər etməzdi. SSRİ dövründə heç bir respublikanın birinci katibinin repressiya qurbanı olan dissidentlə bağlı belə bir addım atması və fəxri qarovulda dayanması haqda eşitməmişəm. Əslində, mən çox düşünürdüm ki, Heydər Əliyevin başqa respublikaların birinci katiblərindən fərqli olaraq belə addımları nə ilə bağlı ola bilər? Leyla Yunusla o mənada razıyam ki, bu addımların hər biri qeyri-adi addımlar olub. Əslində, Elçibəyin həbsdən tez bir zamanda çıxması və işlə təmin edilməsi də, Bəxtiyar Vabahzadə ilə açıq söhbəti və onun müdafiə olunması da qeyri-adi yanaşmadır. Hüseyn Cavidin nəşinin İrkutsk vilayətindən vətənə qaytarılması da qeyri-adi addımdır. Məncə, burada iki vacib amili nəzərə almaq lazımdır. Fikrimcə, H.Əliyev istəyirdi ki, Azərbaycanda heç bir dissident olmasın və ya heç kim belə ittihamla həbs edilməsin. Ola bilsin ki, H.Əliyev hesab edirdi ki, bu halda SSRİ çərçivəsində onun mövqeyi daha güclü olacaq. Amma daha vacibi başqa məqam idi.

- Hansı məqam?

– Heydər Əliyev yeganə birinci katib idi ki, bu kresloya DTK sədri vəzifəsindən gəlmişdi. H.Əliyev əməliyyatçı vəzifəsindən KQB sədri və general rütbəsinə qədər yüksəlmişdi və Andropovun da dəstəklədiyi siyasi xadim idi. Elə Andropovun təklifi ilə də birinci katib təyin edilmişdi. Başqa birinci katiblər adətən KQB-dən çox ehtiyat edir, unutmurdular ki, 30-40 il əvvəl NKVD əli ilə on minlərlə partiya əməkdaşları güllələnmiş və repressiyalara məruz qalmışdı. Birinci katiblər iclas keçirdiyi zaman zala leytenant rütbəsində KQB zabiti daxil olur və birinci katibin qulağından tutub aparırdı, bir də həmin adamın ailəsi ondan xəbər tutmurdu. Sonradan xəbər gəlirdi ki, birinci katib vətən xaini olub və güllələnib. Bu cür repressiyalar 10 ilə yaxın davam etmişdi. Bu mənada partiya qurumlarında KQB ilə bağlı böyük xof mövcud idi. 1960-1970-ci illərdə belə repressiyalar olmasa da, birinci katiblər hər bir qurumu yoxlaya, işinə müdaxilə edə bilsələr də, yalnız KQB-də bunu edə bilmirdilər. Bu sahə onlar üçün qapalı idi və həmişə ehtiyat edirdilər ki, KQB-də onlar haqqında nə düşünürlər, barələrində hansı faktlar toplanır.

Başqa birinci katiblərdən fərqli olaraq Heydər Əliyev DTK-dan qorxmurdu, çünki özü oradan gəlmişdi. Üstəlik, SSRİ DTK-nı Heydər Əliyev özünə dayaq sayırdı. Heydər Əliyev üçün ən böyük təhlükə partiya qruplaşmalarından gəlirdi. Məsələn, Heydər Əliyevi dəstəkləyən Andropova qarşı partiyada böyük Romanov qruplaşması var idi. Andropov kimin namizədliyini irəli sürürdüsə Romanov qruplaşması ona qarşı iş apara bilərdi. Heydər Əliyevi narahat edən partiya qurumları idi və o, DTK ilə bağlı məsələdə çox arxayın idi. Mənim fikrimcə, buna görə, Əliyev DTK məsələsində özünü arxayın hesab etdiyindən dissidentlərlə bağlı məsələdə başqa birinci katiblərdən fərqli olaraq addımlarını rahat ata bilirdi. O cümlədən Elçibəylə, Bəxtiyar Vabahzadə və ya Hüseyn Cavidlə bağlı. Bu hadisələrin hamısı qeyri-adi idi və başqa respublikalara xas deyildi. Leyla Yunus deyəndə ki, bu qəribə hadisədir və sübut edir ki, münasibətlər “agent-kurator” səviyyəsində olub, məncə, bu ciddi arqument deyil və sadəcə yozmadır. Şəxsən mənim təhlilim onu göstərir ki, Heydər Əliyevin belə bir yanaşması ancaq Elçibəylə bağlı deyildi. Yuxarıda qeyd etdiyim kimi bu cür addımlar başqa şəxslərlə bağlı da atılıb. Əslində, Leyla Yunusun digər arqumentləri də sadəcə yozmalardan ibarətdir. Məsələn, deyir ki, Əbülfəz Elçibəy hakimiyyətə gəldi və sonra da hakimiyyəti Heydər Əliyevə ötürdü…

elcibey

- Bu arqumenti təkcə Leyla Yunus irəli sürmür, bir qrup adam illərdir ki, belə iddialarla çıxış edir…

– Əgər o dövrdə Elçibəyin hakimiyyəti ötürməsi üçün seçimi çox olsaydı onda təəccüblü olardı ki, niyə bunların içərisindən məhz Heydər Əliyevi seçib. Biz həmin dövrü yaşamışıq və proseslər gözümüzün önündə baş verib. Uğursuz Gəncə əməliyyatından sonra hakimiyyət dəyişikliyi labüd idi və Surət Hüseynovun hərbi qüvvələri Bakıya doğru hərəkət etməyə başlayırdı. Surət Hüseynov da bəyan edirdi ki, Bakıya gələndə cəbhə liderlərini meydanda asacaq. Surət cəbhə liderlərini asmasa da, onlara qarşı cinayət işi qaldırılacaq və çalışacaqdı ki, hamısını həbsə atsın. Belə bir şəraitdə Elçibəyin, İsa Qəmbərin, Pənah Hüseynin seçimi çox sadə idi: Surət Hüseynov, yoxsa Heydər Əliyev? Onların seçiminin Heydər Əliyevin xeyrinə olması və nəyə görə Surət Hüeynovu seçməmələrinə təəccüb etmək isə gülməli olardı. Birincisi, Naxçıvanda Heydər Əliyev AXC ilə koalisiya formalaşdırmışdı. Naxçıvanda Ali Məclisin sədri müavini və baş nazir AXC-dən idi. Hakimiyyətə gəlməyə digər real namizəd Surət Hüseynov isə deyirdi ki, Bakıya gəlib onların hamısını asacağam. İndi seçim edəndə AXC rəhbərliyinin Heydər Əliyevə üstünlük verməsinə necə təəccüb etmək olar? Demək istəyirəm ki, seçim çox təbii idi. Ona görə ki, bu seçim Heydər Əliyevlə Surət Hüseynov arasında idi. Və ağlı başında olan cəbhəçilər də başa düşürdülər ki, yeganə seçim var.

Leyla Yunusun başqa arqumentləri içərisində də fakt hesab ediləcək bir dəlil görmədim. Hamısı sadəcə fərziyyə, versiya və rəylərdir. Fikrimcə, burada başqa rəylər də ola bilər və bu rəyləri də deməyə insanların haqqı çatır.

- Siz də bir neçə il əvvəl mətbuata demisiniz ki, 1988-ci ildə mitinqlər başlayanda DTK-dan sizə təklif olunub ki, arxa qapıdan sizi tribunaya çıxara və xalq qarşısında çıxışınızı təmin edə bilərlər…

– Bəli, mən bu hadisəni xatırlatmışam. Sirr deyil ki, başqa respublikalarda da AXC yarananda orada bu işə səmimi qoşulan ziyalılarla yanaşı dövlət orqanları tərəfindən göndərilən insanlar da kifayət qədər olub. Azərbaycanda ümumiyyətlə bu məsələ daha qarışıq oldu, çünki o zaman hakimiyyət monolit deyildi. AXC-yə nəinki DTK ilə əlaqəsi olan, hətta hakimiyyətdə olan bir neçə qruplaşma vardı və hər qruplaşma da çalışırdı ki, özünə yaxın olan ziyalıları ora göndərsin. Ancaq daha çox partiya qurumları tərəfindən ora göndərilən insanları agent kimi qələmə vermək də düzgün deyil. Bunu daha çox kimin kiməsə yaxın olması, hansısa ziyalı qrupun mərkəzi komitənin katibinə simpatiyası səviyyəsində yozmaq lazımdır. Amma bu o demək deyil ki, belə fikirlər hamıya, o cümlədən, Əbülfəz Elçibəyə də aiddir. Mən səmimi deyirəm ki, o hadisəni danışanda və deyəndə ki, bəzi adamları ora razılıqla göndəriblər və adlar da çəkilirdi, amma onların içərisində Əbülfəz Elçibəyin adı yox idi. Elçibəyin dissident keçmişi vardı, bu ideyaları hadisələrdən 10-15 il əvvəl yaymışdı. Mən dediklərim o adamlardır ki, heç vaxt bu fikir və ideyada olmayıb, amma proseslər başlayanda, mitinqlər olan zaman partiya qurumları cəmiyyətə itirilmiş nəzarəti bərpa etmək üçün müxtəlif ziyalılardan istifadə etməyə çalışıblar. Yəni düşünüblər ki, tanınmış ziyalılar vasitəsilə cəmiyyətin idarə edilməsinə təsir göstərə bilərlər. Amma Elçibəy bu sırada fərqli yerə sahib idi. O, bu ideyaları 10 illər əvvəl deyirdi, təbliğatını aparırdı və buna görə də həbs edilmişdi. Odur ki, heç kim Elçibəydən xahiş edə bilməzdi ki, xalq hərəkatına qoşul və bu ideyalara dəstək ver. Çünki Elçibəy 60-cı illərdən bu ideyalarla yaşayırdı.

- Prezidentin köməkçisi, Təhlükəsizlik Şurasının katibi və Prezident Katibliyinin rəhbəri kimi 6 il müddətində Heydər Əliyevlə ən çox təmasda olan məmur olmusunuz. Heydər Əliyevin Elçibəyə həqiqi münasibəti necə idi?

– Səmimi deyim ki, Heydər Əliyev tərəfindən qeyri-rəsmi söhbətlərdə heç vaxt Elçibəyə və AXC liderlərinə qarşı aşağılayıcı və mənfi fikir eşitməmişəm. Bir neçə misallar gətirə bilərəm. Bir neçə dəfə mənim yanımda Heydər Əliyev öz ətrafına və hakim partiyanın nümayəndələrinə irad tutur və deyirdi ki, görürsünüz, bizim opponentlərimiz prinsiplərinə sadiq qalır və çətin şəraitdə olsalar da, mübarizə aparırlar. Bunu bir neçə dəfə müsbət nümunə kimi söyləyirdi. Hər şeyi konspirativ fərziyyələrə bağlayıb demək ki, proseslər əvvəlcədən cızılır və illərlə bu plan üzrə kimlərsə hərəkət edirlər, əsassızdır. Əslində proseslər daha mürəkkəb idi.

1993-cü ildən sonra Pənah Hüseynov axtarışda idi. Əslində polislər onu sistemli axtarmırdı və onun həbsi təsadüfi olmuşdu. Qısa müddətdən sonra Heydər Əliyev qərar verdi ki, Pənah Hüseyn azad edilsin. Bu məqsədlə Pənah Hüseyn Heydər Əliyevlə görüşə dəvət olundu. Həmin görüşdə mən də iştirak etdim. Görüşün əsas hissələrini qəzetlərə də verdik ki, söhbətin nədən getdiyi hamıya bəlli olsun. Çünki o vaxt müxtəlif yozmalar irəli sürdülər ki, guya bu görüşdə Heydər Əliyev Pənah Hüseynə xüsusi tapşırıqlar verib, guya bu görüşdən sonra azadlığa çıxan Pənah Hüseyn kimlə görüşürdüsə Heydər Əliyevin mesajını ona çatdırırdı. Yəni mətbuatda belə yozmalar başlayanda qərar qəbul edildi ki, söhbətin məğzini cəmiyyətə açmaq lazımdır ki, şübhə doğuran məqamların olmadığını hər kəs görsün. Həqiqətən də həmin söhbətdə Heydər Əliyev dedi ki, 1993-cü il hadisələri zamanı ona qaranlıq qalan məqamlar var və bunu aydınlaşdırmaq istəyir. Ən vacib sualı da bu oldu ki, məni Bakıya siz dəvət etdiniz, çətin dövrdə bir tərəfdən də Surət Hüseynov iddiası və silahlı dəstələri ilə Bakıya gəlirdi. Elçibəy Kələkiyə getdi və AXC üzvləri də vəzifələrini dondurdu. Əliyev dedi ki, sizin bu addımınızı anlamıram və bununla bağlı izahat ona maraqlıdır. Yəni özünüz dəvət edirsiniz və özünüz də kənara çəkilirsiniz. Mənim qənaətimcə, Pənah Hüseyn bu suala açıq cavab vermədi. Mən düşünürəm ki, bu Heydər Əliyevi Surət Hüseynovla üz-üzə qoyub toqquşdurmaq üçün siyasi manevr idi. Bu iki qüvvə bir-birilə toqquşub hakimiyyət uğrunda dava aparsaydı, hər ikisi zəifləyə bilər və bu zaman AXC-nin yenidən hakimiyyətə qayıtmaq şansı yaranardı. Ancaq Pənah Hüseynov bunu etiraf etmədi və bu sualdan müəyyən mənada yayındı. Ancaq mənə aydın idi ki, bunlar fərqli siyasi qüvvələr arasında gedir, hərəsinin öz marağı var. Bu söhbətdən tam aydın olurdu ki, Heydər Əliyevin pərdə arxası AXC ilə əlaqələri yox idi. Söhbət zamanı hər tərəf öz mövqeyində qaldı. Pənah Hüseyn dedi ki, onun təmsil olunduğu komanda var və o prinsiplərə sadiqdir. Heydər Əliyev də dedi ki, mənim sizdən heç bir istəyim və xahişim yoxdur. Sadəcə, bilmək istəyirdim ki, məni dəvət edib sonra vəzifələri dondurmaq nəyə lazım idi. Bu görüş məndə əminlik yaratdı ki, real siyasi qüvvələr, proseslər və rəqiblər olub, hansısa məqamlarda maraqlar üst-üstə düşüb. Məsələn, Surət Hüseynovun hakimiyyət məsələsində Heydər Əliyevlə AXC-nin maraqları üst-üstə düşə bilərdi, ancaq başqa məsələlərdə rəqib münasibətlər mövcud idi. Odur ki, belə konspirativ yozmalar əsasında “kimsə agent idi, kimsə kurator idi, hər şey əvvəldən cızılan pan üzrə gedib” yanaşmaları çox əsassızdır. Əslində, proseslər daha mürəkkəb, daha çətin idi. Hər şeyi belə konspirativ variantlarla izah etmək olmaz.

- Sizə elə gəlmirmi ki, illərdir davam edən və insanların bir-birini ittiham etməsinin, bəzən şər atmasının qarşısını yalnız arxivlərin açılması ilə dayandırmaq mümkündür?…

– Mən hesab edirəm ki, arxivlər açılmalıdır. Mümkündür elə məsələlər olsun ki, dövlətin təhlükəsizliyi ilə bağlıdır. Amma elə məsələlər də var ki, daha çox ictimai maraq doğurur. Bu hansısa ictimai xadimlə, repressiya qurbanları ilə bağlı ola bilər. Hesab edirəm ki, onlarla bağlı hissə açılmalıdır. Amma DTK-nın tarixçəsinə baxsaq, orada dövlətin təhlükəsizliyi, xüsusilə xarici təhlükələrdən qorumaqla bağlı çox ciddi işlər görülüb. Bunu normal qəbul edirəm. Ancaq daxili proseslər, insan haqları, dissident hərəkaktları, repressiya dövrü ilə bağlı hissələr açıla bilər. Mənə elə gəlir ki, ictimai marağa səbəb olan hissələrə aydınlıq gətirmək düzgün olardı. Eyni zamanda ola bilsin ki, xarici təhlükə ilə bağlı hansısa əməliyyatlar olub, leqal olmayan əməkdaşlar xaricdə işləyib, çalışıblar ki, dövlətin maraqlarını təmin etsinlər və s. Nəzərə almaq lazımdır ki, indi həmin adamların qohumları bəlkə xarici ölkələrdə yaşayır və arxivlərin açılması ilə zərbə altında qala bilərlər.

Hər halda hesab edirəm ki, insan haqları, söz azadlığı, dissident hərəkatı, daxili repressiyalara aid olan hissələrlə bağlı arxivlərin açılması yaxşı olardı. Ancaq eyni zamanda bu arxivlərin hansı formada açılması məsələsi də əhəmiyyətlidir. Bu hüquq həmin şəxslərin ailə üzvlərinə verilə bilər və onlar gedib arxivlərdə öz valideynləri, yaxın qohumları ilə bağlı həqiqətləri öyrənə bilərlər. Hər halda bu işlər təqdirəlayiq olardı.

Vaqif NƏSİBOV
AzPolitika.info