İstehsal müəssisələrində vicdansızlıq “at oynadır”

21:42 02-08-2019 21

Sağlamlığımız yediyimizdən məlum...

Cəmiyyətin fiziki sağlamlığı onun qidalanması ilə birbaşa bağlıdır. Müdriklər demiş, “biz nə yeyiriksə, oyuq”. Bu mənada, hazırda sağlamlığımızın qaneedici olmamasının günahkarını qidalarda axtarmaq daha düzgündür. Amma zəruri bir əlavə ilə - həmin “günahkar” qidaları istehsal edənlər də sağlamlığa qənim kəsilənlərin ön sırasında dayanır.

Uzağa getməyək, təkcə ötən ayın son ongünlüyündə mətbuatda ictimailəşdirilən rəsmi məlumatlar cəm halda əhalinin, tək halda isə hər birimizin istehlak etdiyimiz məhsulların hansı şəraitdə istehsal edildiyini, keyfiyyətinin necə olduğunu ortaya qoyur. Təəssüfedici mənzərəni təqdim edirik...

Öncə qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi və sağlamlığın qorunması istiqamətində monitorinqlər həyata keçirir. Bu yöndə Bakının Nəsimi rayonunda fəaliyyət göstərən kafedə sanitar-gigiyena tələblərinə əməl edilmədiyi aşkarlanıb. Məlumatda deyilir: “Müəssisənin havalandırma sistemi yoxdur, müştəri qəbulu zalı və mətbəxin divarı çirkli vəziyyətdədir, sanitar qovşaq birbaşa müştəri qəbulu zalında yerləşir. Binanın ümumi kanalizasiya borusunun mətbəx sahəsində yerləşən işçi masanın üzərindən keçdiyi, istifadə edilən qablar və məişət ləvazimatlarının kanalizasiya borusunun üzərində saxlanıldığı aşkar edilib”.

Xətai rayonundakı “Əvsəloğlu” şirniyyat sexinə baxış zamanı isə, sanitar qovşağın birbaşa istehsal sahəsinə açıldığı, istehsal sahəsində istifadə olunan qab, ləvazimatlar və xammalın açıq şəkildə birbaşa döşəmənin, işçi masaların üzərində saxlanıldığı məlum olub: “Müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, istehsal və satış yerlərində mal qonşuluğu prinsipinə əməl edilmədiyi aşkar edilib”.

Abşeron rayonu, Hökməli qəsəbəsinə aid yumurta istehsalı müəssisəsində “108 min ədəd toyuq yumurtası üzərində heç bir markalanma aparılmadığı, məhsulun insan istehlakı üçün yararsız olduğu müəyyən edilib”.

Gəncə şəhərində alkoqolsuz içkilərin istehsalı sexində “məhsul istehsalında mənşəyi məlum olmayan xammallardan istifadə edildiyi, hazır məhsulların analizlərinin aparılmadığı, istehsal prosesində istifadə olunan suyun müvafiq filtrdən keçirilmədiyi, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu, məhsul istehsalında istifadə olunan xammalın və köməkçi materialların düzgün şəraitdə saxlanılmadığı müəyyən edilib”.

“Gülazar” əmtəə nişanlı limonad istehsal olunan sexdə isə “istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib. Qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib”.

Balakən rayonu, Qabaqçöl qəsəbəsi, Qaysa kəndindəki sexdə “Alazan” əmtəə nişanlı alkoqolsuz içkilərin, Şəmkir rayonunda fəaliyyət göstərən sexdə isə “Mimino”, “Okey”, “Qrand”, “Vitoland”, “Gold Natura” əmtəə nişanlı alkoqolsuz içkilərin antisanitar şəraitdə istehsal edildiyi məlum olub.

Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən su və alkoqolsuz içkilərin istehsalı sexlərində “istehsal prosesində istifadə olunan suyun müvafiq filtrdən keçirilmədiyi, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu, üzərinə istehsal tarixinin vurulmadığı və qablaşdırmaların üzərində əvvəlki istehsal tarixinin, saxlanma müddətinin qaldığı müəyyən edilib”.

Qax rayonu, Qorağan kəndində yerləşən “Günəş MS” MMC-də istehsal edilmiş “H2O” və “Qax” əmtəə nişanlı suların üzərində minerallaşma dərəcəsinin müəyyən edilmədiyi təqdirdə, üzərində “mineral süfrə suyu” yazıldığı məlum olub.

Daha sonra, “Xudatda 41 kq soyulmuş toyuq cəmdəyi aşkar olunan emal sahəsində toyuqların kustar üsulla kəsildiyi, antisanitar şəraitdə tükdən təmizləndiyi, uzun müddət aliminium çanaqlarda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən şəraitdə saxlanıldığı aşkarlanıb”...

Qayıdaq Bakıya. Paytaxtın Binəqədi rayonuna aid çörək istehsalı sexində hazır məhsulların laborator analizlərdən keçirilmədiyi və dezinfeksiya işləri aparılmadığından istehsal sahəsində gəmiricilərin mövcudluyu bəlli olub: “Müəssisədə ilkin emal və soyutma sahəsi olmadığından unun ələnmədən birbaşa xəmir qarışdırıcıya töküldüyü, çörəklərin açıq hava şəraitində rəflərə yığıldığı müəyyən edilib”...

Bütün qeyd edilənlərdən, yarıtmaz vəziyyətdə istehsal edilən məhsulları istehlak edəndən sonra sağlamlığımızın hansı səviyyədə olacağına kim zəmanət verə bilər?! Həmin məhsulların istehsal müəssisələrindən çəkilən şəkillərdəki ürəkbulandıran mənzərəni görəndə adam xəstəlik tapar, nəinki o məhsulları qida kimi qəbul edəndə. Bir sözlə, müəssisə sahiblərinin su, çörək və ət məhsuluna (əsas tələbat məhsullarına!) sərgilədikləri münasibət birbaşa insana olan münasibətdir. Ona da bacardıqları və “vicdan”ları çatan qədər əməl ediblər. Və bunu yaxşı və pis əməlin bumeranq kimi özünə qayıtmasının artıq aksiom olduğunu dərk etmədən həyata keçiriblər...

Olan-olub, keçən-keçib keçən ay. Heç olmasa, bundan sonra başqaları “gözü çıxmış qardaş”ı hərdənbir yada salıb əhalinin sağlamlığına qənim kəsilməsin. Bir də, bumeranqı yaddan çıxarmasın...