Qida Təhlükəsizliyi Agentliyi təhlükə mənbəyinə çevrilib

17:22 07-08-2019 21

"Bazar həkimləri" yalnız pul yığmaqla məşğuldur

Ölkəmizdə qida təhlükəsizliyi anlayışı yeni formalaşmağa başlayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də məhz insanlarımız üçün köhnə problem olan qida təhlükəsizliyinin təmin olunması məqsədilə yeni metodlarla işləməyə başlayıb. Başlayıb, özü də nə başlayıb. Bakı şəhərinin elə bir qida tədarük edən bazarı, qəssabxanası, marketi, su köşkü, şadlıq evi, restoranı, hətta balaca qəzet köşklərindən eləsi yoxdur ki, Agentlik nümayəndələri həmin köşkə "tas-hesab" qoymasın. Belə olan halda, durumun qəlizliyini bir filmdə deyildiyi kimi, yumorla, gülməli deyimlə təsvir edib, deyirlər: sağ ol, bərəkallah, Xasay müəllim!

Bəli, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar İlahi oğlu Təhməzli rəhbərlik etdiyi agentliyin bünövrəsini elə qoyub ki, bu agentliyin vəzifəli şəxslərinin əlindən heç kim yaxasını qurtara bilmir. Çünki Qoşqar müəllim hər bir bazara AQTA-nın ağ xalatlı nümayəndələrini təyin edib, onlar da bazarlara daxil olan məhsulları yoxlamadan, mal sahiblərindən hər gün rüsum-pul yığırlar. Təəccüb doğuran hal ondan ibarətdir ki, Qoşqar Təhməzlinin bazara təyin etdiyi nümayəndələr pul yığmaqla işlərini bitmiş hesab edirlər və bazara gətirilən məhsulların istifadəyə yararlı olmasını yoxlamadan, satışına icazə verirlər. Məsələn, dünən bazarda yaxından tanıdığım qəssaba yaxınlaşıb, AQTA nümayəndəsinin onların satdığı ət məhsulunu hansı formada yoxlandığı ilə maraqlandım. Qəssab dedi ki, AQTA-nın bazara təyin etdiyi nümayəndə heç bir təhlükəsizlik tədbiri həyata keçirmir, hər baş qoyun cəmdəyi üçün 4-5 manat pul yığır, heç qəbz də vermir: «Bazardakı hər bir satıcıdan, hətta göy-göyərti və digər məhsulları satanlardan da pul yığıb, gedirlər. Bax, o ağ xalatlı xanım (bazarda digər qəssabla söhbət edən AQTA-nın ağ xalatlı nümayəndəsini göstərir ) səhərlər bazara gəlir, pulu yığıb, çıxıb gedir. Mən bir ildən çoxdur AQTA-nın bu bazarda başqa bir təhlükəsizlik tədbiri görməsi ilə qarşılaşmamışam»- qəssab deyir.

AQTA-nın fəaliyyətə başladığı xeyli müddət olsa da, bu təşkilatın səmərəli və məqsədyönlü fəaliyyəti barədə müsbət nəsə demək olduqca çətindir. Çünki gün ərzində Bakı şəhərində olan bazarların bir neçəsini gəzdikdən sonra, belə nəticəyə gəldim ki, bazarlarda vəziyyət əvvəlki kimi, çox təhlükəlidir. Bazarlarda sanitar-gigiyena qaydalarına qəti əməl olunmur. AQTA-nın bazarlarda olan nümayəndələri, "bazar həkimləri" öz vəzifələrini yerinə yetirmək əvəzinə, yalnız pul yığmaqla məşğuldurlar. Bazar isə insan həyatı üçün təhlükəli olan yararsız qida məhsulları ilə doludur. Əgər bazarlardakı vəziyyət dövlətin səlahiyyətli nümayəndələri tərəfindən ciddi nəzarətə götürülərsə, AQTA və digər qida təhlükəsizliyinə cavabdeh  təşkilatların xalqa qarşı ağır cinayət törətdiklərini asanlıqla müəyyən etmək olar. Bazarlarda, marketlərdə və qida məhsullarının satışı ilə məşğul olan mağazalarda xalqa qarşı törədilən cinayətlərin ağır nəticələri,  müxtəlif xəstəliklərə tutulma halları  minlərlə insanın fəlakət və faciəsinə çevrilib. Bəs, dövlətimizin xalqın sağlamlığı naminə yaratdığı Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi, xüsusən cənab Qoşqar Təhməzli ölkə prezidentinin ona göstərdiyi etimadı niyə döğrultmur?! Xalq üçün maraqlıdır, AQTA ölkədə dəhşətli vəziyyətdə olan qida təhlükəsizliyini təmin etmək üçün yaradılıb, yoxsa rüşvət yığmaq üçün?! Q. Təhməzli və onun tabeliyində çalışanlar başa düşməlidirlər ki, telekanallarda qida təhlükəsizliyi haqqında gen-bol danışmaqla, özünü vəzifəsini normal icra etmiş şəxs kimi, xalqa və dövlətə sırımaq, aldatmaq olduqca təhlükəli hərəkətdir! Xalqa və dövlətə qarşı törədilən bu cinayətə bərabər məsuliyyətsiz hərəkətin nəticəsi xalqa məlum olduğu kimi, bir gün ölkə prezidentinə də çatasaq və bunun bədəli çox ağır olacaq, cənab Qoşqar Təhməzli!

Xalqın sağlam qida ilə təminatının dövlətin strateji məsələsi olduğunu hələ də bəzi vəzifəli şəxslər lazımınca dərk etmirlər. Ölkə bazarlarının və marketlərinin, bütün ticarət şəbəkələrinin məmurlara məxsus olması da heç kimə sirr deyil. Ona görə də məmurlar əhalinin sağlam, təmiz, ucuz məhsullarla qidalanmasına cavabdehlik daşıdıqlarını unutmamalıdırlar! Azərbaycan zəngin, iqtisadi baxımdan çox güclü dövlətdir və bu dövlətin vətəndaşları yaxşı yaşamaq haqqına sahibdir. Hazırda özünü hər şeyin ağası kimi aparan hər bir məmur göydə Allahdan, yerdə xalqın hər an kükrəyə biləcək qəzəbindən qorxmalıdır və həddini aşmamalıdır!

Şahnaz Salehqızı