Qazaxda Rəcəb Babaşovun keçirdiyi “ictimai sorğu” kimlərin maraqlarını təmin edir? - “Ştrafnoy batalyon” qorxusu...

14:37 08-08-2019 25

Hər şey bir neçə nəfərin iradəsinə tabe edilib və böyük bir rayon onların istəkləri üzərindən idarə olunur 

Zaman-zaman unikal addımları ilə medianın qəhrəmanına çevrilən Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun kadr siyasəti xüsusilə özünəməxsusluğu ilə seçilir. Hələ rayona gəlişinin ilk günlərindən vəzifələri satışa çıxarması ilə gündəmə gələn başçı bu gün də öz ampulasındadır. Hər halda Rubrika.az saytına rayondan daxil olan məlumatları saf-çürük etdikdə bu qənaətə gəlmək mümkündür.

Saytımıza məlumat verən mənbə bildirir ki, rayonda əsl diktatura hökm sürür. Hər şey bir neçə nəfərin iradəsinə tabe edilib və böyük bir rayon onların istəkləri üzərindən idarə olunur. Rəcəb Babaşovun ətrafında “sıx birləşən” və onun “Qazax siyasəti”ni müəyyənləşdirən bir neçə şəxs (onların adlarını sizə bir azdan açıqlayacağıq) rayonda əsl hegomonluq edirlər. Qədim dövrlərdə olduğu kimi başçıya qarşı çıxmağı tanrıya qarşı çıxmaq hesab edən rəhbərlik dərhal etirazçıların yaxınlarını, Kürü keçərkən toxunduqları şəxsləri belə təqib edir, işdən qovur və təhdid edirlər.

Rubrika.az saytına verilən məlumata görə R.Babaşovun zülmündən Qazaxda ən çox zərif cinsin nümayəndələri “yarıyıblar”. Baxmayaraq ki, rayonda etibar etdiyi şəxslər də elə zərf cinsin nümayəndələridir, R.Babaşov ən müxtəlif vasitələrlə xoşu gəlməyən qadınları işdən çıxartdırır, hədə-qorxu ilə susdurur.

İşdən çıxarılmanın ən dəhşətli üsullarından biri “ictimai sorğu” əsasında qovulmadır. Belə ki, işdən çıxarılmasına etiraz edən şəxslərə hədə-qorxu gəlinir ki, “ictimai sorğu” keçirərək, sənin əxlaqsız biri olduğunu sübut edib rayonda biabır edər və Qazaxdan qovarıq. Təbii ki, bütün inzibati resurslara sahib bir qrupun bu hədəsindən sonra həmin şəxs(lər)in taleyinə boyun əyməkdən başqa çarəsi qalmır və yaxşı halda Qazaxın “ştrafnoy batalyonuna” göndərilməsi ilə razılaşır.


İndi isə başçının “ictimai sorğu”sunu təşkil edən və güvənini qazanan məmur xanımların şəxsi heyəti ilə sizi tanış edirik. Qrupa başçının müavini Gülayə Həsənova, məktəb direktoru Səfurə İbrahimova, “səhiyyə Sevda” kimi tanınan Səhiyyə şöbəsinin müdiri Sevda xanım, internat məktəbinin direktoru Tahirə müəllimə və YAP qadınlar şurasının sədri Yeganə Göyüşova daxildir. Məhz onların R.Babaşovun “Qazax siyasəti”ni müəyyənləşdirdiyini bildirən şikayətçi kadr təyinatının da onların istəyi üzərindən həyata keçirildiyini söyləyir.

Rubrika.az saytına verilən məlumata görə bir müddət əvvəl Qazaxda 6 saylı uşaq baxçasından qurulmuş plan üzrə 5 nəfər işçini bir gündə işdən çıxarıblar. İlhamə Hacıyeva, Arifə, Fidan,Əntiqə və başqa bir işçini heç bir tutarlı səbəb göstərmədən işdən azad ediblər. İşdən çıxanların yerinə isə “beşlik” tərəfindən müəyyən edilən yeni kadrlar götürülür. Şikayətçinin bildirdiyinə görə, 5 mindən 10 min manata qədər rüşvət müqabilində işə girmək mümkündür. Təbii ki, bu məbləği ancaq imkanı olanlar verə bildiyindən kasıbların Qazaxda işlə təmin olunması mümkünsüzdür.

Rubrika.az saytına verilən məlumata görə başçının qəzəbinə düçar olunanlar MİS (JEK)-ə sürgün olunurlar. Qazaxda MİS-ə “ştrafnoy batalyon” deyirlər. Bir kəlmə sözünə görə başçının qəzəbinə düçar olaraq “ştrafnoy batalyon”a göndərilən, əvvəllər icra hakimiyyətində işləmiş Aynurə xanım çox xahiş-minnətdən sonra 6 saylı uşaq baxçasına müdir təyin olunub. İndi isə Aynur xanım ağına-bozuna baxmadan xoşu gəlməyənləri işdən çıxarır. Əvəzində isə yuxarıda qeyd etdiyimiz şərtlərlə yenilərini işə götürür.

Göründüyü kimi Qazaxda bir qrupun mənafeləri naminə yüzlərlə insan narazı durumdadır. Bu isə heç də yaxşı gələcək vəd eləmir!

PS. Mövzu ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi yaratmağa çalışdıq, lakin zənglərimizə cavab verilmədi. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Nicat Mahmudov
Rubrika.Az