HEÇ KİM BİZİMLƏ MARAQLANMIR!

16:57 09-08-2019 26

Son dövrlər ölkəmizin gözəlləşməsi ,abadlıq işləri , qəsəbələrin salınması ,yeni binaların inşası ,köhnələrin təmir olunması çox təqdirəlayiqdir .Lakin hələ də diqqətdənkənar ,laqeyd yanaşılan problemlərimizin sayı çoxdur .Buna Mingəçevir şəhəri ,Naxçıvan küçəsi -27 də yaşayan məcburi köçkünlərin-Ağdam qaçqınlarının yaşadığı acınacaqlı durum əyani sübutdur.Qeyd edək ki,Mingəçevir şəhəri Naxçıvan 27-də yerləşən bina dövlət əhəmiyyətli tikili ,vaxtilə qəsəbənin mədəniyyət mərkəzi ,kinoklubu olmuşdur.Hal-hazırda binanın yaşayış üçün heç bir əlverişli şəraiti yoxdur.Nəmişlik,təmirsiz,uçuq-sökük ,hamamsız ,antisanitar durum bir yana,həşəratların ,gəmiricilərin əlindən insanlar qorxu içində yatırlar .Binanın zirzəmisi su ilə doludur .Hər an infeksion xəstəliklərə yoluxa biləcək bir durumda kim yaşamaq istəyər ?! Qeyd edək ki,dəfələrlə "Qaçqınkom"a müraciət edilsə də ,hər dəfəsində "Növbəti inşada ,mütləq köçkünlər təzə evlə təmin olunacaqlar !"nağılı ilə ,insanları ovutmuşlar .Şikayətçilər deyir ki:"Hər dəfə yeni evlər tikiləndə bizə deyil,başqalarına istifadəyə verilir! "Bir də qeyd edirlər ki ,müəyyən miqdarda pul ödənişi edənlər evlə təmin olunurlar . Apardığımız reyd zamanı ,dindirilən şəxslərin ifadələri: Əliyeva Bəsti: Mən yaşlı qadınam bala, qonşularımla mənim otağımı kartondan arakəsmələr ayırır .Nə hamamımız,nə ayaqyolumuz var .Nəmişlikdən hamımız revmatizma olmuşuq. Bərxudarova Kafiyə:Ağır xəstəyəm .Evimin pəncərəsi yoxdur .Altı nəfər iki otaqlı evdə yaşayırıq .Uşaqlar tez-tez xəstələnir burda.Məktəbdən qalırlar hava soyuyan kimi.Yatdığımız yerdə həm yeyir, həm bişirir, həm otururuq.Hamamsız şəraitdə .Nəmişlikdən canımız üzülür. Qeyd edək ki ,Kafiyə xanım da yaşlı qadındır . Şirinov Akif:Oğul evləndirmək istəyirəm ,bu şəraitə necə gəlin gətirim ?!Döşəmə sement ,evlərin arakəsməsi taxta və kartondan .Rütubət ,xəstəlik mənbəyi . Tağıyeva Gülxar:Onkoloji xəstəyəm .Heç müalicəmi etdirə bilmirəm .Bu zülmü illərdir çəkirik !Heç kim bizimlə maraqlanmır . "HEÇ KİM BİZİMLƏ MARAQLANMIR!"... Ümid hissi insana verilən ən son tutunacaqdır ...Ümid edirik ki,aidiyyatı orqanlar bu məsələyə vicdanla ,qayğıyla münasibət bildirəcək ! Xəbəri hazırladı:

Fatimə Əlihüseyn