Veteranlar Mərdəkanda

17:17 09-08-2019 300

Buradakı nöqsanlar dövlət səviyyəli məsələlərdir

Ötən ayın 14-dən 30-a kimi Mərdəkanda kı - " Veteranlar xəstəxanası"nda oldum.  Əvvəllər də bu xəstəxanada olmuşam və həmin xəstəxana haqqında "Veteranlar xəstəxanasında vəziyyət necədir?" adlı tənqidi yazı ilə "Paralel" qəzetində çıxış etmişəm.Yenə həmin xəstəxanada oldum və vəzyiyyətin mənfi tərəfə dəyişdiyini nəzərə alaraq bu mövzuya yenidən qayıtmağı lazım bildim.

Adı "Mərdlər məkanı" kimi tərcümə olunan bu kənd qədim tarixi abidələri, tikililəri ilə zəngindir. Dördkünc Mərdəkan qalası ( XIV əsr,) dairəvi Mərdəkan qalası (1232), Xanbaba hamamı (XIX əsr), Şeyx Kazım hamamı, Pir-Həsən məqbərəsi ( 1612), Tuba Şahi məscidi, məşhur neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin imarəti ( XX əsrin əvvəli), eyni zamanda məşhur milyonçunun qəbri Mərdəkandadır. Burada sanatoriyalar fəaliyyət göstərir. Veteranların müalicə üçün müraciət etdiyi xəstəxana Azərbaycanda veteranlara xidmət edən yeganə müalicə ocağıdır. Hər il yüzlərlə veteran bu xəstəxanaya gəlir. Əvvəllər 18 gün, indi isə 14 günlük müalicə kursu keçirlər.

Xəstəxananın iki binası var. Onlardan biri fəaliyyət göstərir, digəri isə xeyli vaxtdır ki, fəaliyyətini dayandırıb. Onu da deməliyəm ki, binalar heç də xəstəxana üçün uyarlı deyil, çünki otaqların qapısından adi xəstə xərəyi belə keçmir. Lift işləmir. Üçüncü mərtəbədə qəflətən ağır vəziyyətə düşən xəstəni təcili yardım maşınına çatdırmaq üçün sürüyə-sürüyə birinci mərtəbəyə endirə bildik. Bəli, bina xəstəxana üçün nəzərdə tutulmayıb.

Həftənin bir, ya da iki günü isti su verilir. Bu gün ən ucqar kəndlərimizdə, hətta fermalarda belə isti və soyuq suyun hər gün olduğunu nəzərə alsaq yəqin ki, hər şey sizə aydın olar.

Xəstəxanaya, demək olar ki, heç bir dərman verilmir. Xəstələr gəlir, müayinədən keçir, sonra da həkimlərin yazdıqları resept əsasında ciblərinin pulu ilə gedib apteklərdən dərman alırlar. Xəstəxana əvvəllər əmək və müharibə veteranları üçün nəzərdə tutulsa da, bu gün sənəddə yalnız müharibə veteranları üçün nəzərdə tutulduğu qeyd olunur. Bunu girişdəki lövhə də təsdiq edir. Onda sual olunur ki, əmək veteranları hara müraciət etməlidirlər? Əmək veteranlarına verilən o vəsiqələr nə üçündür? Bir sözlə, real vəziyyət budur.

Xəstəxananın yaxınlığında heç bir iaşə müəssisəsi yoxdur. Xəstə, əlil, yaşlı insanlar dərman almaq üçün xeyli yol getmək məcburiyyətindədirlər. Mağazalar, çayxanalar xeyli aralıda yerləşir. Xəstələrin istirahətini mənalı keçirmək üçün heç bir tədbir keçirilmir.

Yeməklər lazımi qaydada verilmir. Hər gecə oradan çörək və digər ərzaq məhsullarının xidmət işçiləri tərəfindən evlərə daşındığının şahidi olan xəstələr mənə bu barədə deyəndə dedim ki, narahat olmayın bütün dediklərinizi mən də müşahidə edirəm. Ancaq neyləməli?

Buraya müalicəyə gələn xəstələr Azərbaycanın ən dəyərli insanlarıdır. Onlar öz həyatlarını, ömürlərini bu xalqın, vətənin yolunda xərcləyiblər. Əksəriyyəti vaxtilə böyük vəzifələrdə işləyiblər. Onların arasında elm adamları, Qarabağ müharibəsi veteranları var. Azərbaycanın bir nömrəli veteranlar xəstəxanasındakı bu acınacaqlı vəziyyət, doğrudan da, dözülməzdir.

Mən yuxarıda qeyd etdim ki, xəstəxanaya dərman verilmir. Doğrudanmı Səhiyyə Nazirliyi bu xəstəxanaya heç bir dərman vermir? Bax, bu suala cavab tapmaqda çətinlik çəkirəm. Bəs, bir belə adamı ora boş yerə yığmağın mənası varmı?

Güc düşür az-çox öz işlərinin öhdəsindən gələn masajçıların - Zəhra və Lalənin üzərinə. Xəstələrlə mülayim davranan, onlara cani dildən xidmət edən bu insanlar, həqiqtən də, tərifə layiqdilər.

Həkimlərdən Şabanov, Tahirə, Saleh, Telman, Süleyman və bir çox başqalarının adını çəkmək olar. Əgər xəstəxanaya dərman verilmirsə, binalar xəstəxana üçün yararsızdırsa, buna həkimlər neyləsin?

Tibb bacılarından İradə xanımı xüsusi qeyd etməliyəm. Hər an xəstələrə baş çəkən, onlara lazımi köməklik göstərən bu xanım həqiqətən də tərifə layiqdir. Gecənin yarısında belə, bu insan nasazlayan xəstənin yanında olur. Belələri bu xəstəxanada çoxdur. Yeməkxanada veteranlara xüsusi qayğı ilə yanaşan, onların hər nazını çəkən Təhminə xanımın adını çəkməmək günah olardı. Baş həkim Xuraman xanıma bizim xahişimizlə bir neçə dəfə tədbir keçirməyimizə etdiyi köməyə, yüksək insani keyfiyyətlərinə görə təşəkkür edirik. Demək istədiyim odur ki, yuxarıda qeyd etdiyim nöqsanlar dövlət səviyyəli məsələlərdir və onları xəstəxananın işçilərinin üzərinə yıxmaq olmaz. Təbii ki, burada işləyənlərin də hamısı haqqında xoş söz demək olmaz.

Əlbəttə, mənim bu yazımı oxuyanda belə qənaətə gəlmək lazım deyil ki, mən ancaq neqativ halları görməyə meyilliyəm. Əsla belə deyil. Mən orada işləyən xidməti işçilərin, həkimlərin də zəhmətini qiymətləndirdim.

Bu gün Azərbaycan qüdrətli bir dövlət kimi tanınır. Güman edirəm ki, ömrünü, gününü bu vətənin, xalqın yolunda xərcələyən dəyərli veteranlar üçün də yaxşı şərait yaradılacaqdır. Mən buna əminəm.

Haşiyə: Biz veteranlar, xüsusilə, yazı-pozu adamları mənəviyyata daha çox meyilliyik. Bu yaxınlarda Beyləqan rayonundakı mərkəzi xəstəxanaya getmişdim. Orada terapiya şöbəsinin müdiri Şahlar həkimlə qarşılaşdım. O, mənim qadın haqqında yazdığım bir şeirimi əzbər söylədi. Gözlənilməyən bu epizod məni çox təsirləndirdi. Özümdən asılı olmayaraq Şahlar həkimi qucaqladım və ona təşəkkür etdim. Bu gün kitaba, qəzetə, şeirə, sənətə maraq o qədər azalıb ki, mən Şahlar həkimin əzbər dediyi şeirdən təsirlənməyə bilməzdim.

Ondan soruşdum:

- Həkim nə yaxşı bu şeiri yadınızda saxlayıbsınız?

Həkim:

- Mən xoşuma gələn şeirləri həmişə yaddaşıma həkk edirəm.

- Sağ ol, həkim!

Mən yazımın əvvəlində mərdlər məkanı olan Mərdəkan haqqında qısa məlumat verdim. İki məşhur qalası olan Mərdəkanı mən daha gözəl görmək istəyirəm. Şirvanşah II Məniçöhrün oğlu Axsitanın dövründə (1187) inşa olunan qala müdafiə xarakterlidir. Bu qaladan (22 m hündürlüyü var) Bakı kəndlərini - Ramana, Bilgəh, Nardaran, Buzovna, Qala, Pirallahı, Şüvəlan, Şağan və s. kəndləri müşahidə etmək mümkündür.

İkinci məşhur qala 1232-ci ildə Əbdülməcid Məsud oğlu tərəfindən tikilən dairəvi qaladır. Məşhur müğənni Bülbülün bağ evi ilə üzbəüz olduğuna görə ona "Bülbülün qalası" da deyirlər. Müğənni 12,5 m hündürlüyü olan bu qalaya çıxaraq orada oxuyarmış. Bu gün tarixi abidələrə Mərdəkanda bir laqeyidlik müşahidə etdim. Mərdəkanda Çildağ da var.

Bir sözlə, qədim abidələri, adət-ənənələri, gözəl, xeyirxah, qonaqpərvər insanları ilə fərqlənən bu məkanda veteranlar üçün yaradılan şəraitsizlik heç də ürəkaçan deyil. Köhnə, divarları çat-çat olan bu binalardan biri xidmətini dayandırıb, o biri də yəqin ki, dayandıracaq.

Əminəm ki, veteranlar üçün yeni xəstəxana binası inşa ediləcək. Ömrünün qürub çağını yaşayan bu veteranların həm maddi, həm də mənəvi dəstəyəf çox böyük ehtiyacları var. Çünki onlar olduqca kövrək və həssas insandırlar.

Gələn görüşlərədək!

Feyruz Hilaloğlu  (AYB üzvü, şair-publisist)