Adət-ənənələrdən məmurlar daha çox qazanır

17:56 16-08-2019 26

Xeyir-şər məclisləri asan gəlir mənbəyidir

Hazırda Azərbaycan dünyanın diqqət etdiyi ölkələr sırasına daxildir. Ölkəmiz ayrı-ayrı idman növləri üzrə dünya və Avropa çempionatlarının keçirildiyi arenaya çevrilib.

Eyni zamanda, hər il ölkəmizdə bir neçə dünya miqyaslı sivilizasiyalararası mövzularda tədbirlər keçirilir. Qeyd etdiyim tədbirlərə bir neçə min xarici vətəndaş qatılır. Tədbirə qatılanlar ölkəmizdə olduqları müddət ərzində xalqımızın adət-ənənələri ilə də maraqlanırlar və ölkələrinə qayıdarkən gördükləri, eşitdikləri, qarşılaşdıqları hadisələr barədə mediada informasiyalar yayırlar.

Son on ildə ölkəmizdə keçirilən beynəlxalq  tədbirlərdə iştirak edən əcnəbilərin sayı yüz mini keçib. Bu insanlar arasında jurnalistlər də var. Onlar ölkəmizdə mövcud olan bütün sahələrə dair, o cümlədən adət-ənənələrimiz barədə də yazılar dərc edirlər. Xarici mediada yer alan bu yazılarda ölkəmizin inkişafında nəzərə çarpan müsbət halları qeyd etməklə bərabər, cəmiyyətimizdə, məişətimizdə, adət-ənənələrimizdə hələ də hökm sürən vaxtı keçmiş, müasir dövrün tələblərinə uyğun gəlməyən hallara da diqqət yetirirlər.

Məsələn, Avropa ölkələrinin aparıcı kütləvi informasiya vasitələrində (KİV) Azərbaycana həsr olunan bir neçə yazıya rast gəlmişəm. Həmin yazılarda xalqımızın qonaqpərvərliyi, gülərüzlüyü, səmimiliyi, ölkəmizin güclü iqtisadi inkişafı barədə geniş materiallarla yanaşı, Bakı başdan-başa marketlər, şadlıq sarayları, apteklər, taksilər, əxlaqsız insanların çoxluq təşkil etdiyi şəhər kimi təsvir olunub. Doğrusu, yazını oxuyandan sonra xeyli qəzəbləndim. Qəzəbim soyuduqdan sonra bu fikirləri doğuran səbəblər barədə düşündüm. Bu məsələdə məqaləni yazan xarici jurnalistdən daha çox özümüzün  günahkar olduğumuz qənaətinə gəldim. Başqa tərəfdən, gəlin görək, axı, xaricilərin yazdığı tənqidi yazıların hansı yalandır, hamısı gerçəklik, həqiqət deyilmi?

Bakı şəhəri məmurların və imkanlı adamların marketlərinin, şadlıq saraylarının, mərasim evlərinin, apteklərinin, restoranlarının və digər "obyekt"lərinin tıxacında boğulur! Şəhərdə nəfəs almağa hava, içməyə normal su, yeməyə təzə bir şey tapılmır.

Dünyanın heç bir paytaxt şəhərində Bakıdakı kimi dözülməz vəziyyətlə qarşılaşmaq mümkün deyil.

Bakı şəhərinin belə eybəcər vəziyyətə salınmasının əsas günahkarı hökumət və şəhər rəhbərliyidirsə, digər günahkar milli adət-ənənələrdən sui-istifadə edərək, asan qazanc əldə edən acıgöz məmurlardır. Toy məclislərinin həddindən çox xərc hesabına başa gəlməsi şadlıq sarayları sahiblərinin daha çox qazanc əldə etmək iştahı ilə bağlıdır. Ölkənin bütün sahələrini, o cümlədən toy, yas mərasimlərini ağuşuna alan bahaçılıq insanların, xüsusən gənclərin ailə qurub, rahat yaşamaq arzusuna qovuşmağa imkan vermir. Hazırda ölkəmizdə baş verən xoşagəlməz hadisələrin kökündə duran səbəblərdən biri də, məhz milli adət-ənənələrin həddindən çox xərcə başa gəlməsidir.

Toy və yas məclisləri- şadlıq saraylarının, mərasim evlərinin sahibi olan məmurların ən böyük gəlir mənbəyidir. Amma həmin obyektlərdən əldə edilən böyük gəlirlərdən nə qədər vergi verildiyinə baxanda, oradakı cüzi rəqəmi görən adamın tükləri biz-biz olur. Bu, başqa bir yazının mövzusu olduğuna görə, üstündən keçirəm.

Yəni dünyada hər şeyin dəyişdiyini dərk etməliyik, adət-ənənələri nizama salmaqla, həm xalqa yardım etməliyik, həm də dünyanı özümüzə güldürməyə son qoymalıyıq. Hesab edirəm ki, adət-ənənələrimizə yeni, müasir forma və məzmun verməyin zamanı çoxdan çatıb. Ölkənin inkişafı ilə nə qədər çox öyünsək də, xalqın səksən faizinin maddi durumunun ürəkaçan olmadığı hər kəsə bəllidir. Xalq artıq diz üstə çöküb, ölkədən çörək arxasınca xaricə getməyə məcbur olan gənclərin sayı hər gün artır. Dolanışıq üzündən gənc ailələr sürətlə dağılır. Millət deqradasiya həddinə düşüb. Hökumətimiz isə yalnız "uğurlardan", "əldə olunmuş böyük nailiyyətlərdən" dəm vurur, millətin faciəsini görməzdən gəlir.

Bir sözlə, milli adət-ənənələrin sadə xalqın qazancına uyğun keçirilməsi dövlət tərəfindən nizamlanmalıdır. Bu sahədə olan boşluqdan istifadə edən işbazlar xalqın olan-qalan cüzi imkanlarını da adət-ənənələrin imkan verdiyi məqamdan istifadə edib, əlindən alırlar.

Ona görə də dövlət bu sahədə qayda-qanun yaradılmasına məsul olduğunu unutmamalı, xalqı ölkədə istədiyi kimi meydan sulayan işbazların soymasından xilas etməyin yolunu tapmağa borcludur.

Şahnaz Salehqızı