Ziya Məmmədovun müavini banka kredit borcunu ödəyə bilmir: Ata və oğul haqqında məhkəmə qərarı

11:40 21-08-2019 250

2004-2015-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2015-ci ilin fevralından 2017-ci ilin fevralına (nazirlik ləğv olunan vaxt) qədər Nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərov və oğlu Elnar bank kreditinin ödənilməməsinə görə məhkəməyə verilib. Məhkəmə ata-oğul Əsgərovlardan müştərək qaydada 92 min 622 dollar tutulması barədə qərar çıxarıb.

Sabiq nazir müavini və oğlunu məhkəməyə bir müddət əvvəl lisenziyası ləğv olunmuş “Dəmirbank” verib. Əsgərovlar Binəqədi Rayon Məhkəməsinə çağrılsalar da, getməyiblər. Ona görə də barələrində qiyabi qətnamə çıxarılıb. Qərar çıxarılandan sonra isə Arif və Elnar Əsgərovlar şikayət veriblər ki, bu işə Binəqədi Rayon Məhkəməsində yox, İnzibati-İqtisadi Məhkəmədə baxılmalıydı. Ancaq onların bu vəsatəti təmin olunmayıb. Qərardan verilən apellyasiya və kassasiya şikayətləri də nəticəsiz qalıb.

Bankdan krediti 2015-ci ilin noyabrında Elnar Əsgərov götürüb, atası isə kreditin qaytarılacağına zaminlik edib. Ona görə də bank E.Əsgərovla yanaşı, sabiq nazir müavinini də məhkəməyə verib.

Əsgərovlar ailəsinin adı bundan öncə də dəfələrlə müxtəlif qalmaqallarda hallanıb.

E.Əsgərovla bağlı ilk qalmaqal təxminən 10 il öncə Böyük Britaniyada olmuşdu. 2008-ci ildə 22 yaşı olan E.Əsgərov Londonda təhsil aldığı universitetdə imtahanlara öz əvəzinə saxta sənədlə başqa bir əcnəbini göndərmişdi. Bu faktın üstü açılandan sonra onların hər ikisiylə bağlı araşdırmalar başlamışdı.

Bir müddət öncə E.Əsgərovun xalası oğlanları – Emil və Rahib Hüseynov qardaşları ayrı-ayrılıqda dələduzluqda ittiham olunaraq həbs edildi. Onlardan birinə 8, digərinə isə 9 il həbs cəzası verildi. Hüseynov qardaşları müxtəlif adamlardan biznes adıyla pul alıb onları aldatmaqda təqsirləndirilirdi. Söhbət ümumilikdə 10 milyona yaxın vəsaitdən gedirdi.

Emil və Rahib isə məhkəmədə açıq şəkildə bidlrirdi ki, pulları xalası oğlu Elnar alıb. O isə sadəcə, Elnarın “get, filankəsdən pulu al gətir”, “bunu apar filankəsə çatdır” kimi tapşırıqlarını yerinə yetirib. Onların sözlərinə görə, pulların əksəriyyəti vəzifəli şəxslərin övladlarından sələmlə götürülmüşdü: “Elnar istəyirdi ki, özünü atasına uğurlu biznesmen kimi göstərsin. Faizlə pul götürüb, xaricdən dəmiryolu vaqonları üçün yataqlar, başqa detallar alıb gətirib, burada on dəfə baha qiymətə dövlətə vermək istəyirdi. Bunlar 20 qəpiklik əşyanı 5 manata rəsmiləşdirirdilər, dövlətin pulunu belə basıb yeyirdilər”.

Emil və Rahimin anası Lətifə Hüseynova mətbuata bildirmişdi ki, şikayətlərdən sonra oğlu Rahib həbs olunmuş, həmin müddətdə Arif Əsgərov oğlunun və özünün adının hallanmaması üçün Elnarın pul götürdüyü adamların borcunu qaytarmışdı: “Arif Əsgərov verirdi, biz də aparırdıq, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində müstəntiq pul sahiblərinə qaytarırdı. Bundan sonra Rahibi buraxdılar. Sonra nə oldu, bilmirəm, Elnarın bacanağı Qoşqar Zeynalov ondan şikayət elədi”.

Özü Dövlət Yol Polisi İdarəsinin zabiti olan Qoşqar Zeynalov həm də Tovuzun keçmiş icra başçısı Tofiq Zeynalovun oğludur. Cinayət işinin materiallarında o, zərərçəkən kimi tanınıb. O, 4 milyon manatdan çox pul verdiyini iddia edirdi. Bizimyol.info