“200 MİLYONLA İCBARİ SIĞORTAYA KEÇMƏK MÜMKÜN DEYİL” – “Azı 4 milyard pul lazımdır”

12:30 26-08-2019 120

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan vətəndaşları xarici ölkələrdə müalicəyə hər il 1 milyard dollardan artıq vəsait xərcləyirlər. 2020-ci ildən isə Azərbaycanda icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. İcbari tibbi sığortanın tətbiqi ilə Azərbaycan səhiyyə xidməti yeni sistemə keçid edəcək. Amma bu məsələdə mütəxəssislər fərqli mövqedən çıxış edir və düşünürlər ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi heç də indi səhiyyədə mövcud olan qüsurları aradan qaldıra bilməyəcək.

“AzPolitika.info” bu mövzuda tibb elmləri doktoru, professor Adil Qeybulla ilə söhbətləşib.

- Adil bəy, 2020-ci ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqi baş verəcək. Gözləntiləriniz nədən ibarətdir?

– Əslində yeni səhiyyə, qərb standartları səviyyəsində bir səhiyyə sistemi olmalıdır. Yeni səhiyyə sistemi, fikrimcə, dövlət, özəl və sığorta səhiyyə sistemlərinin mövcud olduğu, habelə bunlar arasında qarşılıqlı əlaqələr düzgün yarandığı təqdirdə mümkün ola bilər. 1999-cu ildə prezidentin icbari tibbi sığorta haqqında fərmanı var. Amma indiyə qədər bu fərman qüvvəyə minə bilməyib. Başqa sözlə, bu sistemə keçmək mümkün olmayıb. Əslində bu onu göstərir ki, gözəl qanunların olması hələ heç nə demək deyil. Gözəl qanunla yanaşı onun işlək mexanizminin olması lazımdır. Məsələn, Böyük Britaniyanın yazılı konstitusiyası yoxdur, lakin ölkə mexanizm kimi işləyir. Fikrimcə, kağız üzərində olan qanunları həyata keçirmək üçün mexanizmlər yaradılmalıdır. Sizə Avropa ölkələrindən misallar gətirə bilərəm. İngiltərənin əhalisi bizdən təxminən 5 dəfə çoxdur. Orada icbari tibbi sığortaya ayrılan maliyyə 94 milyard funt-sterlinqdir, başqa sözlə 130 milyard dollardan az deyil. Azərbaycanda isə icbari tibbi sığorta üçün 200 milyon manatdan bir qədər çox vəsait ayrılıb. Amma bundan bir il əvvəlki əməliyyatları, müayinələri və digər statistik rəqəmləri nəzərə alsaq, belə bəlli olar ki, Azərbaycanda icbari tibbi sığortanı orta şəkildə həyata keçirmək üçün 4 milyard manat pul lazımdır. Fikrimcə, icbari tibbi sığorta bizdə tətbiq edilməyə başlasa da, onun həqiqətən də vətəndaşın xeyrinə çalışacağı bir qədər qaranlıq görünür. Yeri gəlmişkən, bu işlə məşğul olan qurumlar var. Daha doğrusu icbari tibbi sığorta ilə məşğul olacaq ayrıca qurum yaradılıb. Əslində bunlar dövlət büdcəsi üzərində əlavə yüklənmələrdir.

- Siz, nə təklif edirsiniz?

– Türkiyədə icbari tibbi sığorta ilə məşğul olan qurum var. Hesab edirəm ki, dövlət qurumlarının optimallaşdırılması çox mühüm məsələdir. Bu mənada bizdə yaradılan qurumlar icbari tibbi sığortanın öhdəsindən necə gələcək? Açığı, onların verdiyi açıqlamalar şübhə doğurur. Məsələn, deyirlər ki, hansı həkim daha çox xəstəyə baxsa, o daha çox əmək haqqı alacaq. İcbari tibbi sığortada belə bir anlayış yoxdur. Dövlətin möhür vurub təsdiq etdiyi həkimlərin hamısına güvən olmalıdır. Bu adamlar arasında seçim olacaqsa, deməli yenə qəbul növbələri, müxtəlif hallar baş alıb gedəcək. Odur ki, biz Qərb standartlarına uyğun səhiyyə sistemi qurmalıyıq. Bu işin effektiv tətbiqi üçün mütəxəssislər cəlb olunmalıdır. Ayrı-ayrı fərdlərin, şəxslərin bu işi icra etmək üçün real təsəvvürləri yoxdur. Mən hesab edirəm ki, bizim səhiyyəmizi Qərb standartlarına çatdırmaq və mövcud olan nöqsanları aradan qaldırmaq üçün ciddi işlər görülməlidir. Bu mənada səhiyyənin qanunvericilik bazası, maliyyə resursları, assosiativ əlaqələrini Qərb standartları səviyyəsinə çatdırmaq vacibdir. Baxın, donor haqqında qanun layihəsi var. Ancaq bunu həyata keçirmək çox çətindir. Hesab edirəm ki, problemlər çox ciddidir.

- Siz, 200 milyon manatla icbari tibbi sığortanın 2020-ci ildən etibarən tətbiqinə şübhə ilə yanaşırsınız?

– Bəli. Mən hesab edirəm ki, bu rəqəm Azərbaycanda icbari tibbi sığortanı effektiv həyata keçirmək üçün qətiyyən yetərli deyil. Hələ nəzərə alsaq ki, əhalidən də yığılması proqnozlaşdırılan 10,20, 30 manat var. Bu vəsaitlə icbari tibbi sığortanı arzu edilən formada həyata keçirə bilmərik. Səhiyyə millətin genofondu ilə məşğul olan sahədir. Azərbaycan səhiyyəsində olan problemlər, səhiyyə nizamsızlığı, kütləvi şəkildə Azərbaycandan kənara xəstə axını əslində maliyyə problemlərinə bağlıdır. Amma icbari tibbi sığortanın effektiv mexanizmi yaradılsa həkimlərin normal maaşları olar, tibbi işçilərinin həmçinin. Heç olmasa xəstə gəlib təxirəsalınmaz yardımla təmin edilə, müayinə ola bilər. Və bunun özü bəzi xəstəliklərin vaxtında aşkar olunmasında ciddi rol oynaya bilər. Təcrübə göstərir ki, bəzi xəstəliklərin erkən aşkar edilməsi həm xəstənin sağalmasına, həm də əmək qabiliyyətinin itirilməsinin qarşısının alınmasına gətirib çıxarır. Çünki bütün dünyada, ələlxüsus, hüquqi dövlətlərdə əmək qabiliyyətinin itirilməsi ciddi məsələdir. Çünki bu sahəyə böyük maliyyə ayrılır. Bunun qarşısını almaq üçün dövlət öz mexanizmini elə qurur ki, əlilliyə gətirib çıxaran problem yaranmasın. Biz nəzərə almalıyıq ki, bir müddət sonra bizdə əmək əlilliyi problemi də ciddi şəkildə qalxacaq.

- Azərbaycanda kasıb insanlar şəfa arxasınca İrana, nisbətən imkanlı xəstələr Türkiyəyə, daha çox pullular isə Avropaya üz tuturlar. Bu kateqoriya insanlar xaricdə müayinə və müalicələrinə ümumən nə qədər pul xərcləyir, yəni Azərbaycan səhiyyə nizamsızlığı səbəbindən nə qədər maliyyə itirir?

– Dəqiq rəqəmlər demək mümkün olmasa da, qeyri-rəsmi məlumatlara görə, söhbət milyardı aşan rəqəmlərdən gedir. Yəni burada ciddi rəqəmlərdən bəhs olunur. Nəzərə alsaq ki, imkanlı şəxslərin böyük əksəriyyəti – xüsusilə məmur ordusu və onların ətrafında dolaşan qruplar yalnız Avropaya gedirlər. Və orada böyük ödənişlər hesabına müalicələr alırlar. Məsələn, kimya terapiya kimi müayinələr orada çox bahadır. Təsəvvür edin ki, 200 adam 50 min pul ödəsə, bu 5 milyon edir. Eləcədə, Türkiyəyə axın var, İrana isə axın necə başlayıbsa elə də davam edir. Bütün bunlar həm də ölkəmizdən böyük maliyyə kapitalı axını deməkdir. Bunun qarşısını almaq üçün normal maaş olmalı, ondan icbari tibbi sığortaya ayrılmalar olmalıdır. Dövlət də bu sahəyə normal vəsait ayırmalı, bu vəsait ictimai nəzarət altında xərclənməlidir. Bu mənada ayrılan vəsaitin özünün bütövlükdə vətəndaşın xeyrinə çalışması hələ sual olaraq qalır.

- İcbari tibbi sığortanın tətbiqi vətəndaşlarımızın qonşu ölkələrin səhiyyəsinə pul xərcləməsinin qarşısını ala biləcəkmi?

– Yox. Düşünürəm ki, icbari tibbi sığorta əsasən kasıb təbəqəyə hesablanıb. Məmur ordusu, imkanlı qrupların xaricdə müayinə və müalicəsinin qarşısını almayacaq. Bu halda həmin məmurlara sual ünvanlanır: bu səhiyyəni kimin üçün qurursunuz? İkincisi, icbari tibbi sığortanın ölkədə tətbiqi hələ bu problemləri tam aradan qaldıra bilməyəcək. Amma qismən kasıb əhalinin dadına çatmaq, onların problemlərini qismən həll etmək baxımından önəmlidir. Azərbaycan səhiyyəsinin o səviyyəyə çatması üçün bu ayırmalar azdır. Bir daha qeyd edirəm ki, Qərb standartlarına uyğun icbari tibbi sığortaya keçid üçün böyük maliyyə resursu və kadr potensialı lazımdır. Biz anlamalıyıq ki, böyük bir sistemdən və onun qurulmasından danışırıq. Sabah bir vətəndaşa donor lazımdır və bu donor başqa bir rayonda qeydə alındı. Bu donor ora necə çatdırılacaq? Kim beyin ölümü keçirmiş insanı yarıb ondan orqan köçürməyə razı olacaq? Deməyim odur ki, insanlarımız heç buna psixoloji hazır deyil. Vəfat edən şəxsi yarmağa qoymurlar. Məsələnin ciddi psixoloji tərəfləri də hələ özünə yer tapmayıb. Vəziyyət çox ciddidir. Hökumət və bu işlə məşğul olan qurumlar isə, təəssüflər olsun ki, lazımi iş apara bilmirlər və ya aparmırlar. Televiziya ekranlarında heç bir mənası olmayan şou verilişləri, korporativ maraqlara xidmət edən həkim reklamı əvəzinə dediyim istiqamətlərdə təbliğat aparılmalıdır.

- Azərbaycan müstəqillik əldə etdikdən sonra siz ilk mütəxəssissiniz ki, icbari tibbi sığorta sistemini kompleks araşdırmaq üçün bir neçə ölkədə olmusunuz. Bu sistemi ölkəmizdə layiqli şəkildə qurmaq çoxmu çətindir?

– Bəli, mən 1990-cı illərdə icbari tibbi sığortanı öyrənmək məqsədilə Türkiyədə olmuşam. Üstəlik, dünyanın hər yerində səhiyyənin təşkili məsələləri ilə maraqlanmışam. Səhiyyənin təşkili məsələsi çox vacib olmaqla yanaşı millətin genofondu ilə birbaşa bağlıdır. Çünki səhiyyənin yaxşı təşkili və mexanizmlərin yaradılması ilə böyük problemlərin qarşısını almaq olur. Ən mühüm məsələlərdən biri odur ki, icbari tibbi sığorta olmadan biz ümumiyyətlə səhiyyədən danışa bilmərik. Və bu sistemi qurmağa məcburuq.

- İcbari tibbi sığortanın tətbiqi və icrası üçün ciddi həkim kadr bazası, mütəxəssislərin olması vacibdir. Bunlar Azərbaycanda varmı?

– Hesab edə bilərik ki, ölkəyə mütəxəssis axını var. Müşahidələrimiz və gördüklərimiz əsasında deyə bilərik ki, Avropa və Türkiyədə təhsil alan mütəxəssislər ölkəyə qayıdır. Amma etiraf etməliyik ki, ölkəmizdən də axın var. Xüsusilə, bir qrup həkimlər ölkəmizi tərk edib Almaniya, Türkiyə və digər ölkələrə gedirlər. Çünki orada həkimə ehtiyac var. Və burada heç də bütün həkimlər reklamla, fırıldaqla məşğul olmur, çoxu normal və peşəkar fəaliyyətlə məşğuldur. Odur ki, buradan çıxıb gedənlərin qarşısı alınmalıdır. Səhiyyə elə olmalıdır ki, Bakıda aparılan müalicə regionlarda da eyni şəkildə aparılsın. Təsəvvür edin ki, bu gün İstanbul, Ankara ilə Qarsda səhiyyə sistemi arasında ciddi fərq yoxdur, çünki şəbəkə, sistem qura biliblər. Biz də qonşu ölkə kimi onlardan nümunə götürməli, onların getdiyi yolla getməliyik.

- 2019-cu il dövlət büdcəsində ilk dəfə olaraq səhiyyəyə ayrılan vəsait bir milyard manatı keçib. Bunu irəliləyiş hesab etmirsiniz?

– Əvvəla, söhbət bir milyard manatdan gedir və bununla paralel inflyasiya prosesləri də gedir. Bir milyard manat böyük məbləğ kimi görünə bilər. Amma təsəvvür edin ki, bu məbləğlə 100 min insanda ürək əməliyyatı, 100 min insanda isə orqan dəyişikliyi aparırsan. Bu böyük rəqəm kimi görünə bilsə də, əslində elə də böyük rəqəm deyil. Üstəlik, bu məbləğ icbari tibbi sığortaya ayrılmayıb, səhiyyəyə ayrılıb. Səhiyyədə maaş fondu, xəstəxana ləvazimatları, digər xərclər var. Bizi əsasən icbari tibbi sığorta maraqlandırır. Mən indiki şərtlərə baxır, bu işlə məşğul olan qurumların rəsmi şəxslərinin açıqlamalarını daima izləyirəm və bu prosesə nikbin yanaşmıram.

Vaqif NƏSİBOV
AZPolitika.info