Ürəyim yelləncəkdir ,
Nazik teldən asılı ....

16:57 27-08-2019 165

Sürgünəm,gör bir çəkib,bəxtim məni hardan-hara...
Kor bələdçi yol verən ,məğmun düşər dardan -dara...
Ey könül mehrabımın bənnası,bilməm hardasan?
Gəl yetiş,sınmış,çiliklənmiş bu qəlbim ,min para...

Zülmətə atmaz sevən sevdalısın,rəhm eyləyər,
Sən küsəndən gündüzüm məhbus qalıb axşamlara...
Ruhumu qəhr eyləyən bəd kölgələr üstümdədir...
Mən yetişməm,gücsüzəm,gəl tövbəkarı,sən ara!..
Ruzigarım olmadı şirin uşaqlıqdan mənim,

Ehtiyacımdır,vəfadarım gəlib boynum sara...
Fatimə gözlər səni,ey sevdiyim , ünvan həmən,
Qüsl alım mey* badəsindən,zövq alıb ,xəlvətsəra*...
Mey-ilahi eşq... Xəlvətsəra-gizli yer,namaz otağı...


Bilirdim küsüşürlər, Tikəsini bölənlər...
Bir də ,ürəkdən gülməz, Müvəqqəti gülənlər ...
Biz çörək kəsmədik ki... Odu ,duza batırdıq...
Bir eşqin mayasını, Quru sözə yatırdıq...

Sənə demişdim axı, Mənə ümid bəsləmə...
Həqiqətə möhtacı , Yalanlara səsləmə...
Bir ovuc külüm qalıb , Külümlə baş qatıram...
Hədiyyə etmədiyin , Gülümlə baş qatıram...

Şirin-şirin gedirəm , Acı-acı udarsan...
Axı ,kimdir əvəzsiz ?! Bilirəm ,unudarsan !
Ürəyim yelləncəkdir, Nazik teldən asılı...
Əyləşib, yellənirsən , Bir küncünə qısılı...

Əsdikcə başınızdan, Qorxulu, qara yellər,
Yuyur yollarınızı, Duzlu yağışlar,sellər...
Ümidimi xalıtək, İlmə-ilmə hörürəm ,
Dərib ,tər duaları , O xalıya sərirəm ...

Ki,qırılsa yelləncək , Ümidimdən asılın ,
Duaların qoynunda, Yaradana qısılın ...
Guya ,başqa nəyim var , Deyim ,çatsın dadıma ?!
Bircə tel ,üzülməmiş , Yetişsin imdadıma...

F.Əlihüseyn