Abşeron rayonu

19:01 06-09-2019 215

Hər gün dağılan, sökülən, talanan məkan...

Azərbaycan son 20 ildə inanılmaz dərəcədə dəyişib. Ölkəmizin paytaxtı Bakıda o qədər möhtəşəm işlər görülüb ki, sadəcə göz oxşayır. Ancaq təzad yox deyil. Bu gözəllik içərisində  Bakının mərkəzi belə bu gün, talançı harın məmurların və əcnəbi turistlərin meydan suladığı məkana çevrilib. Əgər bütün iaşə obyektlərində qimətlərin ceyran belində (at belində də yaza bilirdim, qorxdum ki, əcnəbilər xoş qəbul etməzlər, bizimkilərində acığına gələr, ceyran belində yazdım ki. cəlbedici olsun) olduğu bir yerdə hələ oktyabır ayıda 200 manat olacaq minimum əmək haqqı  ilə yaşayan ölkə vətəndaşının nə ölümü var? Sözün qısası paytaxtımız çox gözəldir, aqillər demişkən, "neylirəm o qızıl teşti ki, ora qan qusacağam". Hacıbala müəllimin ölənlərinə min rəhmət!

Bölgələrimiz də pis deyil. Sovet dönəmi ilə müqayisədə, müsbətə doğru çox böyük işlər görülüb. Daha da yaxşı ola bilirdi, amma məmurlarımızın "para sevgisi" buna imkan vermir. Min şükürlər ki, hələ insanlarımıza ac-tox buralarda yaşamalarına imkan verilər.

Bu kiçik müqəddimədən sonra keçim əsas məsələyə. Bizmi mötəbər və möhtərm iqtisadçılarımız iddia edirlər ki, Azərbaycan iqtisadiyyatının 80%-i  Abşeron iqtisadi zonasında cəmlənib. Bu iddiaları əsas götürən hökumətimizdə bəyan etdi ki, Abşeron rayonunun paytaxtı Xırdalan qəsəbəsinə şəhər statusu verilir. Əlbətt, belə də olmalıdır. Yoxsa, kimi inandıra bilirsən ki, böyük bir neft ölkəsinin bütöv iqtisadiyyatının 80%-nin yerləşdiyi bir yer bu kiçicik qəsəbədir. "Xırdalan şəhəri" gör nə gözəl səslənir. Lakin çox təəssüflər olsun ki, bu qəsəbə-şəhərin rəhbərlik sarından heç zaman bəxti gətirməyib.

Kimi buraya rəhbər təyin edirlərsə, özünü "bazarkom" kimi aparıb. Burada at oynadan dəllallarla əlbir olub, torpaq satmaqla məşğul olurlar. Abşeron rayonunun əsas "xoze yin"ləri də həmin dəllallardır. Burada onların "aşırdığı" işləri heç kim aşıra bilməz.

Belə deyirlər ki, hər bir ölkənin inkişafı, onun yollarından və bazarlarından bəlli olur. Bu da ondan irəli gəlir ki, hər hansı bir ölkəyə gələn qonaq ilk növbədə onun yolların görür, daha sonra təbii qida tələbatını ödəmək üçün bazarlara yollanır. Bu baxımdan Xırdalan şəhərinin yollarını və bazarını, yalnız Afrikanın Zimbabve, Somali kimi dövlətləri ilə müqayisə etmək olar.

Bu böyük şəhərin Ulu Öndər Heydər Əliyevin adını daşıyan bir küçəsi var. Bu küçə yalan olmasın, 10 ildir ki, təmir olunur. Rayonda da bu 10 ildə 3 icra başçısı dəyişib.

Bu günlərdə Bakı-Sumqayıt yolunda yenidən təmir işlərinə başlanılıb. Ötən il yerə döşənən asfalt «ortüyü o qədər» möhkəm olub ki, onun zədələnməsindən qorxurlar və yenidən təmir etmək qərarına gəliblər. Bunu görən Abşeron rayon rəhbərliyi də (qonşudan qalma dala), həvəsə düşüb Heydər Əliyev küçəsini başdan -başa dağıdıb- töküb ki, kanalizasiya xətləri dəyişdirilir, yol əsaslı təmir olunur və s. Elə bil Abşeron rayonuda təmirə ehtiyacı olan bundan başqa bir küçə yoxdur. Bu küçə ildə ən azından 2 dəfə təmir olunur, səbəbi?! 

Yol məsələsində hər şey aydındır, keçək bazara.

Xırdalan samaatı bilir ki, orada sovet dönəmindən qalma bazar var idi, sökdülər-dağıtdılar, hərçəndi sökülməsinə də heç bir ehtiyac da yox idi. İndi həmin əraziyə "köhnə bazar yeri" deyirlər. Əlqərəz, dağıtdılar, dedilər ki, yaxınlıqda Avropa standartlara cavab verən yeni bazar tikiləcək. Tikdilər, indi ona "təzə bazar" deyirlər. Bilirsiniz də, bizimkilər bazar məsələsində çox həssasdırlar, imkan versən şəhərin istənilən yerində bir gecəyə bazar tikərlər. Bu da elmi kəşf-zad deyil ki, bacarmayaq.

Bir müddət sonra həmin bazarın ətrafında baş qaldıran göydələnlər, bazarı görünməz etdi. Bazara giriş-çıxış çətinləşdi, avtomobillərin parklanması üçün nəzərdə tutulan sahə möhtəkirlər tərfindən zəbt olundu. Bazar rəhbərldiyi və nəzarətçilər isə sanki bu özbaşınalığı, biabırçılığı görmür. Onların gördüyü, yalnız həmin möhtəkirlərdən yığdıqları pul-paradır.

Açığını deyim ki, bazar çox möhtəşəm bazardır və bazar rəhbərliyinin istəyi olarsa, Avropa standartlarına uyğun bir ticarət mərkəzi ola bilər, sadəcə olaraq bir qədər işləmək və orada qayda-qanun yaratmaq lazımdır. Görünəni isə oldur ki, bazar rəhbərliyini puldan başqa heç nə maraqlandırmır, necə ki rayon rəhbərliyini.

Bu yarıtmaz fəaliyyət nəticəsində bazar keçmiş sovet "talkuçka"larından heç nə ilə fərqlənmir.

Buna səbəb bilirsiniz nədir? Birincisi, bazarın ticarət sahəsində çoxsaylı piştaxtalar boş olduğu halda, möhtəkirlər bazar rəhbərliyinin razılığı ilə avtomobillərin parklanması üçün nəzərdə tutulan sahəni zəbt ediblər ki, bu da bazara giriş-çıxışda problemlər yaradır, hətta qəza hadisələri də baş verir. Bu da heç şübhəsiz ki, müştərilərin haqlı narazılığına səbəb olur. Onu da nəzərə almaq lazımdır ki, Abşeron rayonu ərazisində bundan başqa bazar yoxdur və bütün ətraf kəndlərdən və qəsəbələrdən insanlar bazarlıq üçün buraya gəlirlər.

İkincisi, ölkəmizin bölgələrindən burayan gələn kəndli-fermerlərin bazara girişinə qeyri -rəsmi qadlağa qoyulub. Bazara gələn fermerin qarşısını möhtəkirlər kəsir, onun bazara girişinə imkan vermir, malını dəyər-dəyməzinə satmağa məcbur edirlər. Bazar rəhbərliyi də, bu işdə möhtəkirlərə havadarlıq edir.

Abşeron rayon rəhbərliyi isə sanki bütün bunları görmür.

Sabir əfəndimiz demişkən:" Millət necə tarac olur-olsun nə işim var".

P.S. Xırdalan şəhəri barədə bu qədər.

Gələn yazımda sizə Masazırın ponaramasın təqdim edəcəyəm. Bu qəsəbə elə bil bizə 15-16-cı əsirlərdən miras qalıb.

Dünyada gedən quruculuq işlərindən burada əsər-əlamət yoxdur. Bu qəsəbə də dəllalar oylağıdır, bütün Abşeron kəndləri kimi... Bir qədər səbr edin... Daha ətraflı gələn yazımda...

Yusif Seyid