Aşurada qan tökək, qan
verək, yoxsa heç birini..?

18:04 09-09-2019 35

Qanvermə aksiyası humanizm nümunəsidir

Son illər Azərbaycanda şiə müsəlmanlarının matəm günü olan Aşurada - məhərrəm ayının onunda və ona yaxın günlərdə qanvermə aksiyası bir ənənəyə çevrilib. Dəqiq yadımda deyil, bunun təşəbbüskarı kim olub, amma bir neçə dəfə Şeyxülislam Allahşükür Paşazadənin bu aksiyada iştirakını müşahidə etmişəm və bu aksiyaya qatılmaqla bunun baş yararaq, qan tökməkdən daha səmərəli olduğunu dediyi də yadımdadır. Bəlkə də elə təşəbbüskar da elə şeyxdir, amma dəqiq deyə bilmərəm. Hər halda, ölkədə dini rəhbər kimi belə tədbiri təqdir etdiyinin şahidiyəm. Əvvala Aşura günündə qan tökməyin mənasız bir iş olduğunu müsəlman qardaşlarımıza izah etmək daha doğru olardı, nəyinki qan tökməyi qanverməklə əvəzləmək. Bu nadanlığa son qoymaq lazımdır. Bunun üçün heç də şeyx, üləma və ya müştəhid olmağa da gərək yoxdur. Qan tökməyin, baş yarmağın, zəncir vurmağın boş bir şey olduğunu sadə məntiqlə də insanlara çatdırmaq olar, yetər ki, bunu bir məqsəd kimi qarşıya qoyasan. Belə ki, Məhəmməd peyğəmbərin (s.ə.s) nəvəsi həzrət Hüseyin haqq sözü uğrunda mübarizə aparıb, İslamdan azmış birinə biət etməyib (xəlifə olmasına sadəcə səs verməyib), sözündən dönmədən bir qəhrəmanlıq səlnaməsi yaradaraq şəhidlik zirvəsinə yüksəlib. Digər tərəfdən, İslam fəlsəfəsinə əsasən ölüm faciə deyil, bu dünyadan əbədi dünyaya - Allah dərgahına qovuşmaqdır. Bunun üçün isə üsyan etmək, əsrlərlə matəm saxlamaq, Yaradana asi çıxmağa bərabərdir. Bu mərasim məlum tarixi şəraitdə siyasi ehtiyacdan doğan tələbat kimi ortaya atılıb və ənənəyə çevrilib. Bu ənənə isə vaxtıilə, bəzi hallarda isə bir çoxlarına maddi və mənəvi dividentlər gətirib. O üzdən də aşura ənənəsi bu günümüzə qədər gəlib çatıb. Qurani-Kərim fəlsəfəsindən xəbəri olan müsəlman sözsüz ki, bu mərasimin mənası, hətta, yuxarıda qeyd etdiyim bəzi məqamlara əsaslansaq belə, zərərli bir iş olduğunu mütləq anlayır. Həmin insanların əksəriyyəti məzhəb təəssüfkeşliyinin orbitindən çıxa bilmədiyinə görə aşuranı təqdir edir. Bu məsələnin bir tərəfi.

Digər tərəfdən, aşurada qan tökməyin daha humanist aksiya (qanvermə) ilə əvəz edilməsi təklifi barədə də bir məsələni mütləq qeyd etməyi lazım bilirik. Bu aksiyanı təklif və təqdir edənlərin məramları xoşdur - çünki qana ehtiyacı olan xəstələrə kömək etmək sözsüz ki, savabdır. Amma bu aksiya, sadəcə ilk baxışdan humanist tədbir təsiri bağışlayır. Hörmətli vətəndaşlar, belə aksiyalarda sizin əvəzsiz olaraq verdiyiniz qan Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına yerləşdirilir və orada saxlanılır. Oradan isə bu qan donorlardan alınan qan kimi lazım olan xəstələrə baha qiymətə satılır. Hətta, qan lazım olan xəstənin yaxınları əvəzsiz olaraq öz qanlarını təklif edəndə belə, həkimlər min-bir bəhanə ilə həmin adamlardan qan götürmürlər ki, qoy qanı gedib pulla alsınlar. Bu yolla həkimlər ya öz həmkarlarına müştəri ötürməyə çalışır, ya da qanı ucuz alıb, xəstəyə baha satmaqla qazanc əldə edirlər. Bir neçə ay əvvəl jurnalist Teymur Kərimovun anası xəstə olanda ona və digər xəstələrə qanı pulla necə satdıqları açıqlandı. Əslində isə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankında saxlanılan qan vətəndaşlara pulsuz verilməlidir, çünki ölkənin dövlət tibb müəssisələrində səhiyyə xidmətləri dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Lakin bizim Hippokrat andı içmiş həkimlərimiz bütün xidmətləri satdıqları kimi, qanı da satırlar. Əziz, aşura günü qan verərək humanizm nümunəsi göstərməyə çalışan vətəndaşlar, sizcə belə olan halda qan vermək humanizmdir, yoxsa ölkənin səhiyyə sistemində qurulan korrupsiya-rüşvət dəyirmanına su tökmək?

Onu da vurğulayım ki, bəzən fərqinə varmadan cəmiyyətin müxtəlif təbəqəsindən olan insanlar - iqtidar və müxalifət siyasətçiləri, deputatlar, ictimai xadimlər və s. bu aksiyalara qatılır. Heç olmasa bu insanlar atdıqları addımın fərqinə varmalıdırlar. 

Bütün bunları nəzərə alaraq, hesab edirik ki, Aşura günündə şiə müsəlmanlar tərəfindən düzənlənən mərasimlərə son qoymaq üçün ölkənin dini liderləri gərəkən addımlar atmalıdır. Bu mərasimlərin bir gün içində qadağan edilməsinin əlyhinəyik, bunun təbliğatı getməlidir, şiə müsəlmanlar maariflənməli, onlara Quran həqiqətləri olduğu kimi çatdırılmalıdır. Belə olsa həmin mərasimlər öz-özünə unudulacaq, onun yerini Aşura gününün əsil fəlsəfəsinə aid mərasimlər və imam Hüseynin bir qəhrəman kimi yad edilməsi törəni tuta bilər.

Aşura günü barədə bir məsələni də qeyd edim ki, İslam peyğəmbəri (s.ə.s.) Ramazan ayında oruc vacib olana qədər, məhərrəm ayının 10-da yəhudilərlə birlikdə oruc tutardı. Ramazan orucu vacib olandan sonra Peyğəmbər Məhərrəm ayında iki gün, məhərrəm ayının 9-u və 10-u günü oruc tutmağı niyyət etdiyi barədə hədis var.

Akif Nəsirli