Ceyhun Bayramov: 20 mindən çox gənc müəllim işə qəbul olunub

11:41 11-09-2019 125
 Növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur. 

paralel.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, son illərdə ölkədə təhsil sahəsində müsbət dinamika müşahidə olunub və bir sıra əsaslı nailiyyətlər əldə edilib.

Nazir müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən də danışıb:

“Bu il müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son beş ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.

Bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi (hər dörd abituriyentdən biri) müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir”.