Saatlıda Səlim Müslümovla bağlı 12 min manatlıq qalmaqal

12:16 11-09-2019 130

Saatlı rayonunda şəhid ailələri üçün mənzil tikən iş icraçıları və ustaların pulu verilməyib

Millətinsəsi.info xəbər verir ki, 2017-ci ilin aprel ayında Saatlı rayonu Qıraqlı kəndində şəhid ailələri üçün 2 otaqlı mənzil tikilib.

Mənzillərin tikintisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparıb. Belə ki, nazirlik katirovkanı "Vüqar 79" Məhdud Məsuliyyətli Cəmiyyətə verib, lakin onlara çatacaq 12000 (on iki min) manat vəsait mənimsənilib.

İş icrasısı Əzizxan Əzizov Arqument.az-a deyib ki, o usta və fəhlələrə pulu cibindən ödəmək məcburiyyətində qalıb: "2017-ci ilin aprelin 23-də tikintiyə nəzarət edən Quliyev Nadir mənə dedi ki, bizə Saatlıda şəhid ailələri üçün 7 mənzilin tikilməsi tapşırılıb. Mənzilin bir neçəsinin tikintisini də mənə həvalə etdilər. Dedilər ki, tikinti başlayanda - özülü qoyanda 30 faiz avans veriləcək. Biz işə başlasaq da, pul verilmədi. Soruşanda dedilər ki, tikintini dayandırmayın, pullar veriləcək.

Özümüzdən 12 manat pul xərclədim, ustalara və fəhlələrə pul verdik ki, kasıb adamlardır, işə gəliblərsə, evlərinə pul aparmalıdır. Pulun da hamısını özümdən ödədim. Halbuki onlar hələ də işlətdikləri fəhlələrə pul verməyiblər".

Onun sözlərinə görə, nazirlik onları aldadıb: "Bizə dedilər ki, yenidən ərizə (forma 2) yazın, pulu verək. Biz də təzədən yazdıq, sənəd təsdiq olundu, amma indiyə qədər mənə çatacaq 12 min manatı qaytarmayıblar. Bu da Səlim Müslümovun nazir olduğu dönəmdə, yəni Dövlət Sosial Müdafiəsi Fondunun Təmir-Tikinti İdarəsinin rəisi Natiq Əzizovun dövründə olub".

Şikayətçi bildirib ki, nazirlikdə dəyişiklik olunandan sonra tikinti onlardan alınıb, yenə də pulları verilməyib: "Sonra nazir dəyişdi. Sahil Babayev də işi başqasına verdi. Tikintini onlar apardı. Bizə də pul qaytarılmadı".

Əzizov ƏƏSMN və "Vüqar 79" MMC-nin məniməsdiyini iddia edir: "Nazirlik bizə dedi ki, pulu "Vüqar 79" MMC-nin rəhbəri yeyib, MMC-də deyir ki, nazirlik ümumiyyətlə bizə pul verməyib. Hətta bizdən sonra tikinti materallarımızı da götürüb işlədiblər. Bununla bağlı Saatlı Rayon Məhkəməsinə müraciət edilib. Məhkəmə isə qətnamə çıxararaq, mənimsənilən materialın dəyərinin 74 min manat olduğunu təsdiqləyib".

Əzizxan Əzizov deyir ki, ona çatacaq 12 min manat pulu almaq üçün bütün hüquqi yollara baş vuracaq.

O, ölkə başçısına müraciət edərək, bu qanunsuzluğa son qoymağı, ortada olan yeyinti faktlarının araşdırılmasını və onlara çatacaq 12 min manatın geri qaytarılmasına yardımçı olmasını xahiş edib.