“İnsanların ahı üzərindən siyasət aparılmaz…” – Ərdoğan yenə İmamoğlunu hədəfə aldı

13:39 12-09-2019 45

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkənin iri şəhərlərinin bələdiyyə başçılarını bir araya yığaraq, toplantı keçirib.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, tədbirdə çıxış edən prezident növbəti dəfə İstanbul bələdiyyəsinin CHP-li başçısı Əkrəm İmamoğlunu hədəfə alaraq, onun hərəkətlərini tənqid edib.

Vaxtilə İstanbulun bələdiyyə başçısı olmuş R.T.Ərdoğan bələdiyyə sədrlərinə xitabən “sizi ən yaxşı mən başa düşürəm” deyə bildirib. Prezident qeyd edib ki, bələdiyyə sədrlərinə onların partiya mənsubiyyətinə görə heç vaxt fərq qoymayıb: “Siyasi görüşlərimiz fərqli ola bilər. Amma ölkəmizin problemləri müzakirə mövzusu olduqda, bərabər hərəkət edə biləcəyimizə inanıram. Özəlliklə terror və terror təşkilatları ilə məsafə saxlayan bələdiyyə başçılarıyla bərabər olmaqdan məmnuniyyət duyuram”.

Daha sonra ad çəkmədən Əkrəm İmamoğlunun son addımlarını, yəni əvvəlki AKP-li bələdiyyə başçısının xidməti avtomobillərin icarəsi məsələsində israfçılığa yol verməsini qabartması, həmçinin bəzi bələdiyyə görəvlilərini ehtiyac bilmədiyi üçün işdən azad etməsi kimi addımlarını qınayan ölkə prezidenti İmamoğlunun əvvəlki bələdiyyə sədrinin işlərilə həddindən artıq maraqlanmasını tənqid edib: “Bəzi hadisələri üzüntüylə izləyirik. Biz İstanbul Bələdiyyəsinə gəldikdə 2-3 dönəm öncəsindən qalma personal vardı. Toxunmadıq. Nə personalla, nə də avtomobillərlə işimiz olmadı. Vaxtımızı və imkanlarımızı şəhərin sıxıntılarına sərf etdik”.

Ərdoğan deyib ki, bələdiyyə işçilərini işdən azad edib çörəksiz qoymaq doğru addım deyil:“Bələdiyyə başçısı olmaq çörəyinin ardınca gedən insanların həyatlarını istədiyin kimi alt-üst edə bilmək anlamına gəlmir. Qovulan, yuvaları başlarına yıxılan insanların ahı üzərindən siyasət aparılmaz…”

Qeyd edək ki, ötən həftə Türkiyənin daxili işlər naziri Süleyman Soylu da Ə.İmamoğlunu hədəf alaraq, hədələmişdi. Hətta İstanbul bələdiyyə başçısının vəzifəsindən alınması məsələsini gündəmə gətirərək, bazar günü bununla bağlı qərarı açıqlayacağını demişdi. Lakin sonradan televiziyalardan birinə müsahibə verən Soylu bu məsələnin müzakirə mövzusu olmadığını demişdi.

“AzPolitika”