Ölkəmizdə dialoq həmişə lazımdır

17:58 13-09-2019 80

Siyasi qüvvələrin mübarizə yeri parlamentdir

Bir neçə gün öncə "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı" mövzusunda dəyirmi masa keçirilib. Tədbirə hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə yanaşı, bir sıra müxalifət partiyalarının nümayəndələri də qatılıb. Görüşdə ciddi müzakirələr aparılıb, təklif və iradlar səslənib.

Tərəflər bu kimi görüşlərin davam etdirilməsində maraqlı olduqlarını nümayiş etdiriblər. Dəyirmi masada iştirak edən siyasətçilər qeyd ediblər ki, Azərbaycanın ümummilli problemlərinin çözülməsi üçün ölkədəki siyasi partiyaların bir araya gəlməsi olduqca vacibdir. Ancaq bu görüşdə müxalifət partiyaları daha geniş tərkibdə iştirak etsəydilər, görüş daha məhsuldar olardı. Ölkənin siyasi spektrini tam əhatə etməklə, növbəti belə görüşlərə ciddi ehtiyac duyulduğu qeyd edilib. Görünən odur ki, iqtidarın özü də bu formatda dialoqun davam etdirilməsində maraqlıdır. Təbii ki, belə görüşlər görüntü xatirinə yox, real iş ortaya qoymaq üçün təşkil olunmalıdır. Görüşdə iştirak edən partiya təmsilçiləri dəvəti qəbul etməyən partiya rəhbərlərinin də növbəti görüşlərdə iştirakının zəruriliyini vurğulayaraq qeyd ediblər ki, müxalifət partiyalarının irəli sürdükləri bütün arqumentlər hakimiyyət tərəfindən araşdırılmalı və mümkün qədər həmin problemlər aradan qaldırılmalıdır. Hansısa müxalifət partiyasının iqtidarla bir masa arxasında oturub xalqın, dövlətin problemlərini ətraflı müzakirə etmək istəməməsinə inanmaq çətindir. Sadəcə, hər partiyanın ölkədaxili situasiyaya özünün yanaşması var. Bunları nəzərə alıb, yenidən belə, daha əhatəli görüşlər təşkil etməyin çox faydalı olduğu da heç kimdə şübhə doğurmur. Dəyirmi masada iştirak edənlər bu dialoqun davamlı olmasını və müzakirəyə qatılanların əhatəsinin genişləndirilməsini təklif ediblər.

Dialoqda bir-birilərini dinləməyin, təhqir və söyüş istisna olmaqla, ən kəskin fikirləri belə,  səsləndirməyin, dövlətimizin və millətimizin zərər görməsinin qarşısını almağın ən yaxşı vasitə olduğu bildirilib.

Görüşdə haqlı olaraq, o da qeyd olunub ki, yaşadığımız yer Skandinaviya deyil, Cənubi Qafqazdır, dünyanın çox qaynar nöqtəsində yaşayırıq, ətrafımız təhlükəlidir, torpaqların 20 faizi işğal altındadır, düşmənlər, xüsusən də xarici düşmən qüvvələr pusquda hazır durublar, boşluqlar axtarırlar ki, üstümüzə hərəkətə keçsinlər. Burada hakimiyyətin üzərinə daha çox məsuliyyət düşür. Ölkədə siyasi qüvvələrin mübarizə aparmalı olduğu yer isə parlamentdir. MM-də isə bütün siyasi qüvvələr təmsil olunmalıdırlar.

Çünki parlamentdənkənar mübarizə küçə toqquşmalarına, ixtilaflara aparır, bu isə düşmənlərimizin maraqlarına daha çox xidmət edir. Ölkəmizə xaricdən müdaxilə etmək ustəyənlər də, daxildə baş verə biləcək qarşıdurmadan faydalanmağa çalışırlar. Ölkə daxilində vətəndaş sülhü, barışıq abı-havası, vətəndaş məmnunluğu nə qədər güclü olarsa, xaricdən müdaxilə təhlükəsi bir o qədər az olar.

Bütün hallarda ölkəmizin siyasi qütblərini təşkil edən qüvvələr arasında dialoqun olması həmişə olduğundan indi daha vacibdir.

Şahnaz Salehqızı