Ölkəmizi bataqlığa sürüyənlər...

17:40 16-09-2019 150

Tapdıq ABBAS

Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

Rüşvətxor məmurlar və radikal müxalifət

Hazırda Azərbaycan həm daxildən, həm də xaricdən müxtəlif vasitələrlə təhdid edilir. Ölkəni daxildən təhdid edən, hakimiyyətlə xalq arasında düşmənçilik toxumu səpməyə cəhd edən qrupların həm iqtidar, həm də müxalifət düşərgəsində fəallaşması hiss olunur.

Əslində, ölkə daxilində təhdidlə məşğul olan bu qüvvələr xarici düşməndən daha təhlükəlidir. Ölkədaxili dağıdıcı qüvvələrin fəaliyyətini araşdıranda, onların dövlət və hakimiyyət üçün daha təhlükəli olması diqqət çəkir.

Daxili hesab etdiyimiz ən təhlükəli düşmən isə dolayı yollarla hakimiyyətə soxulub, əlinə keçən fürsətdən sui-istifadə edən, rüşvətxorluq və korrupsiya fəaliyyətilə dövləti talayan, beləliklə, xalqı dözülməz duruma salan məmurlardır. Bu ünsürlər məkrli və çirkin fəaliyyətlərilə həm xalqla hakimiyyət arasında ixtilaf yaradaraq, onların arasında düşmənçiliyin dərinləşməsinə xidmət edir, həm də sabitliyin qarantı sayılan xalq - hakimiyyət münasibətlərini zəif salaraq, xarici düşmənlərin ölkəmizə qarşı çirkin məqsədlərini həyata keçirməsi üçün münbit şərait yaradırlar. Bunlar ölkədə rüşvətxorluğu, korrupsiyanı, özbaşınalığı, dərəbəyliyi, qanunlara hörmətsizliyi genişləndirirlər. Bu yolla onlar xalqı radikal müxalifətə qoşulmağa məcbur edib, hakimiyyətin əleyhinə qaldırırlar. Bu şəxslərə qarşı ölkə prezidenti tərəfindən müxtəlif vasitələrlə ardıcıl mübarizə aparılsa da, bu mübarizə hakimiyyətdaxili müqavimətlə qarşılaşır və bu da mübarizənin lazımı sonluqla bitməsinə imkan vermir. Ölkədə durum isə getdikcə çətinləşir və düşmənləri təhdidə və təxribata həvəsləndirir.

Ölkə daxilində dövlətə və hakimiyyətə qarşı güclü təhdidlə məşğul olan təhlükəli qüvvələrin bir hissəsinin isə müxalifət düşərgəsində fəaliyyət göstərdiyini hər kəs yaxşı bilir və heç kim bu faktı inkar etmir. Bu qüvvələrin əksəriyyəti hazırda radikal müxalifətin sıralarında yer alıb və ölkəni qarışdırmaq, hətta vətəndaş müharibəsinə sürükləmək məqsədilə dəridən-qabıqdan çıxır.

Ölkəmiz üçün ən böyük təhlükə yaradan başqa bir qüvvə isə, xarici mühacirləri pulla ələ keçirib, sosial şəbəkələr vasitəsilə ölkəmizdəki sabitliyi pozmağa cəhd edən ermənipərəst düşmən qüvvələrdir. Son zamanlar onların fəaliyyəti o qədər güclənib ki, ölkənin sadə əhalisi arasında olan narazıların da xeyli fəallaşmasına səbəb olub. Xüsusən, Qurban Məmmədovun hər gün Bakı vaxtı ilə saat 21-dən Londondan birbaşa yayımladığı "Azərfreedom tv" internet televiziyasının təsiri altına düşənlərin sırası həm ölkədə, həm də xaricdə, xüsusən, Rusiyada və Avropada çoxalır və hər gün genişlənir.

Göründüyü kimi, ölkəmiz üçün böyük təhlükə mənbəyinə çevrilə biləcəyi şübhə doğurmayan, yazıda haqqında bəhs etdiyim daxili və xarici düşmən qüvvələrin zərərsizləşdirilməsi üçün dövlət orqanlarının üzərinə böyük yük düşür. Dövlət orqanlarının üzərinə düşən ən böyük vəzifə isə, ilk növbədə, həm hakimiyyətin, həm də radikal müxalifətin şinelinə bürünüb, ölkədə sərbəst fəaliyyət göstərən düşmənləri müəyyən edib, onları vaxtında, gecikmədən zərərsizləşdirməkdir. Xüsusən, ilk növbədə, hakimiyyəti ölkədə və dünyada nüfuzdan salan, xalqı dövlətdən və hakimiyyətdən narazı edən rüşvətxor və korrupsioner məmurların qanunauyğun olaraq, ciddi cəzalandırılmasına başlamağın vaxtıdır.

Məlumdur ki, ölkəmizin dinamik inkişafı, iqtisadi, siyasi, humanitar və digər sahələrdə qazandığı uğurlar dövlətimizin daxili və xarici düşmənlərini daim narahat edir. Onların ölkəmizin əldə etdiyi müsbət nəticələri kölgə altına almaq üçün hər an müxtəlif üsul və metodlara, yaramaz üsullara əl atması dövlətimizi ciddi tədbir görməyə vadar edir. Ölkəmizə qəsd edən şarlatanlar hər vasitə ilə ermənilərin Azərbaycana, ölkə hakimiyyətinə qarşı uydurduğu yalanlara haqq qazandırmağa çalışırlar. Onlar Azərbaycanda insan haqlarının, qanunun aliliyi prinsipinin kobud pozulmasını, milli ayrı-seçkiliyin və ədavətin movcud olduğunu iddia edərək, Qarabağda azərbaycanlılarla bərabər yaşamağın mümkünsüz olması barədə ermənilərin irəli sürdüyü cəfəng təxribata haqq qazandırmağa cəhd edərək, Qarabağa ya müstəqil dövlət statusunun verilməsini, ya da Ermənistana birləşdirilməsini zərurət kimi, dünya ictimaiyyətinə təlqin etməyə çalışır.

Azərbaycan torpaqlarını ələ keçirmək məqsədilə törədilən bütün bu kimi cəfəngiyyata əsaslanan cəhdlərin baş tutması üçün düşmənlərin məkr nümayiş etdirməsi ilk belə hal deyil və bu hadisələrin tarixi çox qədimlərə gedib çıxır.

Yekunda bir daha qeyd edirəm ki, ölkəmizə qarşı ən böyük təhlükə yaradanlar, onu dərin bataqlığa sürüyənlər rüşvətxor, korrupsioner, hər an cinayət törədən məmurlar və müxalifətdə məskunlaşan fövqəladə radikal qüvvələrdir. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması və müstəqilliyimizin qəti qələbəsi isə bu qüvvələrə qarşı ciddi mübarizə aparıb, onları zərərsizləşdirməkdən keçir...