Kəndlərin boşalmasına laqeyd yanaşılır

19:50 18-09-2019 135

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

Əhalinin xaricə və şəhərlərə axını kəndi boşaldır

Azərbaycanın inkişafı haqqında həddindən çox danışırıq. Bu da lazımdır. Amma təbliğatımızı yalnız ölkəmizin inkişafını tərif, mədhiyyə üzərində qurduqca, inkişafdan geri qalan sahələri tənqid etmədikcə, bu sahələrdə baş verən mənfi hallar daha da dərinləşir. Şəhər və kəndlərdə aparılan tikinti, abadlıq-quruculuq işləri təbii ki, təqdirəlayiqdır. Yollar yenidən qurulur, yeni yaşayış massivləri salınır, təhsil, səhiyyə, mədəniyyət obyektləri yenilənir. Bunların hamısı çox yaxşıdır və alqışa layiqdir.

Bu yazını yazmaqda məqsədim ölkəmiz üçün daha vacib problemlərdən sayılan kəndlərin boşalması barədə cəmiyyətə, ictimaiyyətə, xüsusən, dövləti idarə edən hakimiyyət nümayəndələrinə səslənməkdir.

Bugünlərdə Beyləqan rayonunun Orta Əlinəzərli kəndinə qohum-əqrəba ilə görüşə getmişdim. Bu zaman həm də, kəndimizdə baş verən bir sıra müsbət və mənfi yeniliklərlə də yaxından tanış olmaq imkanı qazandım. Kəndin yolunun yüksək səviyyədə təmir olunub, asfalt örtüyü ilə yenidən döşənməsini görüb, çox sevindim. Doğrusu, kənddə olduğum zaman mənim sevincimə yalnız yolun çəkilməsi səbəb oldu. Kəndimizin sovet dönəmindəki normal durumundan indi heç bir əsər-əlamətin qalmaması, əksinə, çox şeyin sıradan çıxması, ictimai bina və avadanlıqların köhnəlməsi, insanların, xüsusən, gənc nəslin kəndi tərk etməsi məni çox məyus etdi.

Kəndimizin məktəbi ilə tanışlıqdan sonra isə məyusluğum üzüntü ilə əvəz olundu. Məktəb binasının dam örtüyünü, idman zalını, sinif otaqlarını çox pis vəziyyətdə görmək məni dəhşətə gətirdi. Məktəbin təmir baxımından bu cür pis durumda olması məndə şok effekti yaratdı. Hər gün televiziyadan izlədiyim, ölkənin şəhərlərini gəzdikcə gördüyüm yüksək inkişafa malik olan Azərbaycan məktəbi haqqında deyilənləri bu kənd məktəbində görmədim və gördüyüm mənzərə məndə tam başqa, mənfi təsəvvür formalaşdırdı. Sanki, ölkədə şəhər məktəblərindən fərqli olaraq, kənd məktəblərinə ögey münasibət bəslənir.

Sən demə, hələ bu harasıdır? Kənd məktəbində təhsil alan şagirdlərin sayının həddindən çox azalması ilə tanışlıq isə, istər-istəməz, məndə kəndimizin yoxa çıxmaq ərəfəsində olması təsəvvürünü yaratdı. İnsanlardan kənddə yaranmış pis vəziyyətin səbəbləri barədə ətraflı informasiya aldıqca, Azərbaycan kəndinin problemlər məngənəsində çoxdan çırpındığı bəlli oldu. 255 ailənin yaşadığı Orta Əlinəzərli kənd məktəbinin siniflərində 5-7-9 nəfər şagirdin təhsil almasının əsas səbəbinə gəlincə, məlum oldu ki, müstəqillik qazandığımız illərdə işsizlik üzündən orta təhsilini başa vuran gənclər kəndi tərk etmək məcburiyyətində qalıb. Onların bir hissəsi Bakıya, Gəncəyə, Sumqayıta oxumağa və iş dalınca, digər hissəsi isə xarici ölkələrə, əsasən, Rusiyaya dolanışıq arxasınca gedib. Buna görə də kənddə gənc ailələrin sayı həddindən çox azalıb, bu da məktəbdə təhsil alan şagirdlərin sayının azalması ilə nəticələnib.

Kəndimizdəki vəziyyət məndə rayonun digər kəndlərinin də durumu ilə yaxından tanış olmaq marağı yaratdı. Bu məqsədlə, rayondakı kəndlər barədə konkret rəyə gəlmək üçün səyahətə çıxdım. Kəndlərdə müxtəlif yaş qrupuna aid insanlarla söhbət etdim və ümidsizliyin hər kəsi sardığını gördüm. Ürəkaçan söhbət edən insanlarla qarşılaşmadım. Kiminlə görüşdümsə, hər kəsi durumundan, kasıbçılıqdan, hökumətdən narazı, yaşadığı həyat tərzindən gileyli gördüm. Yaşlı insanlarda keçmişə nostaljinin çox güclü olduğunu hiss etdim. Gəzdiyim hər bir kənddə, qəsəbədə, yaşayış məntəqəsində müasir Azərbaycan kəndinin həyatında eyni çətin və problemlərlə dolu mənzərənin şahidi oldum. Kəndlərdə durumun təsəvvür etdiyimizdən də çətin olduğunu müşahidə etdim.

Beyləqandakı kəndlərdə mövcud olan absurd mənzərəni müşahidə etdikdən sonra, rayon rəhbərlərinin kəndlərin inkişafı və xalqın vəziyyəti ilə bağlı yuxarı instansiyaya informasiya verərkən, ölkə rəhbərliyini aldatmaları haqqında məndə aydın fikir formalaşdı. Deməli, ölkədə prezidentin təkidi ilə nazirlər bölgələrə, rayon rəhbərliyi isə kəndlərə əhali ilə görüşə gedir, insanlarla görüş keçirilir, narahatlıq doğuran problemlər yerində, guya həll edilir.

Lakin bu görüşlər cənab prezidentin verdiyi tapşırıqlara uyğun deyil, görüşə gedən məmurların istədiyi kimi keçirilir, tədbirlər planına yekə bir "quş" qoyulur və məsələ bitir. Bu isə ölkə prezidentinin tapşırığını yerinə yetirmək kimi, izah olunur və yalan rəsmi qeydiyyata alınır. Xalq isə hakimiyyətdən narazı qalır, çıxış yolu tapmır, əlacsız qalır və ölkəni xaosa sürükləyənlərin arxasınsa düşməyə məcbur olur. Bir sözlə, ölkədə mövcud olan real vəziyyət ölkə prezidentindən gizlədilir...