Ulu öndər həyatı bahasına ölkəni xilas etdi - Millət vəkili

14:34 03-10-2019 65


Heydər Əliyevin qətiyyəti sayəsində hələ 1970-ci illərdə “Azərbaycan dili” dərsliyi eyni etimada layiq görüldü. Bu, Ulu öndərin millətin genetik kodunun mühüm komponenti hesab etdiyi milli dilə verdiyi əvəzsiz dəyər idi. Elə bu məntiqlə də Heydər Əliyev böyük səylər hesabına 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail oldu.

Bu sözləri Axar.az-a Heydər Əliyevin müstəqil Azərbaycanın prezidenti seçilməsinin 26-cı ildönümü barədə danışan millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Ulu öndərin 1992-ci ildə bir müxalifət partiyası olaraq yaratdığı Yeni Azərbaycan Partiyası hakimiyyətə sivil yolla gəlməyin əsl “yol xəritəsi”ni ortaya qoydu:

“Heydər Əliyev 1993-cü il 3 oktyabrda keçiriləcək prezident seçkiləri öncəsi seçkiqabağı təbliğat kampaniyasına xüsusi əhəmiyyət verir, praktiki olaraq əhalinin bütün təbəqələri ilə görüşürdü, xalq qarşısında çıxışlar edirdi. Bu çıxışlarda Ulu öndər prezident seçiləcəyi təqdirdə xalqı narahat edən mürəkkəb problemlərin köklü həllinə nail olmağı hədəf seçdiyini bəyan etdi. Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi Birinci dövrlə İkinci dövr arasındakı illər, sözün əsl mənasında, tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illəri idi. Xüsusilə, Azərbaycanın tarixinin 1990-1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, “olum, ya ölüm” dövrü kimi qaldı. Moskvaya satılmış xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan AXC rejimi məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu dövrdə - 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalanmasını tələb edən Heydər Əliyev doğma xalqının qurtuluş mübarizəsinin önünə keçib ağır durumda olan xalqa həyatı bahasına dəstək oldu”.

Millət vəkili bildirib ki, o ağır dövrlərdə səriştəsiz rəhbərlər, oyuncaq kürsü düşkünləri Vətən torpaqlarını hərraca qoyurdular:

“Uğursuz Qarabağ müharibəsi, hakimiyyəti ələ keçirmək xatirinə müqəddəs torpaqlarımızın düşmənə təslim edilməsi, xaricdəki ağalara daha sədaqətlə nökərçilik etmək üçün bəhsə-bəhs, vaxtı ilə Nərimanovun qətlə yetirildiyi Kreml labirintlərindən salamat qurtarıb xalqını dardan xilas etmək üçün Vətənə qayıtmış böyük dövlət adamımız Heydər Əliyevin hakimiyyətə yaxın buraxılmaması, onu hətta Naxçıvanda da hakimiyyətdən götürmək cəhdi kimi rüsvayçılıqlar tariximizin ən qara səhifələri, ən bağışlanmaz səhvləridir”.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyev birinci dəfə 3 oktyabr 1993-cu ildə müstəqil Azərbaycanın prezident seçilib.