Görünməyəni görmək imkanı...

22:13 04-10-2019 65

Nigar Orucova 

Radiosiqnallar bizim üçün “uçan xalça”mı, ya “sehrli güzgü”mü?

Amerikalı alimlər Wİ-Fİ siqnalından istifadə nəticəsində insanın hansısa divarın arxasında, ya da binada olub-olmamasını iddia edirlər. Hər halda, biz bunu iddia adlandırırıq. Lakin amerikalılara görə, bu, mümkün olan işdir. Onlar əminliklə deyir ki, bu üsulla nəzarət kameralarından imtina da mümkün olacaq. Yəni sözügedən üsul nəzarət kameralarını əvəz edəcək. Alimlər elə belə də deyir: “Wİ-Fİ router tərəfindən buraxılan radiosiqnallar sözün əsl ənasında, divarın o tərəfini görməyə imkan verir”.

Əcnəbilər sözügedən araşdırmayla geniş mənada nəyə nail olmaq istədiklərini söyləməkdə xəsislik etsələr, bir-iki kəlməylə kifayətlənsələr də, bizim hər mənada deməyə sözümüz, danışmağa söhbətimiz var.

Alim deyil, sadə amerikalı belə, böyük anlamda olan insan hüquqlarının müdafiəçisi rolunda çıxış edir. Ümumiyyətlə, onların insan hüquqlarının qorunmasının hansı həddə olmasını dəqiq deyə bilmərik, amma hər halda, ümumi qənaət belədir ki, hüquqlar barəsində onlar bizdən bir neçə addım irəlidədir. O mənada, amerikalının adi insan hüquqlarının pozulması hallarında hansı mövqe tutmasını, belə vəziyyətlərdə sifətinin necə dəyişməsini görmək maraqlı olardı...

Maraqlı olar, qonşunun internet kodunu sındırıb onun haqqına girən bir adamın insan hüquqlarının təminatından danışmasına amerikalı necə münasibət göstərər. Yaxud, terminallarda aylıq internet və telefon istifadə haqqını köçürəndən sonra da bu xidmət növündən yararlanmayanda, rayon rabitə qovşağından eşidilən arqumentə amerikalının reaksiyası maraqlı olar.

“Aylıq pulu səhvən internet əvəzinə, telefona köçürmüsünüz, nə olacaq, gələn ayın pulu da avans olaraq telefona yüklənib”. Rabitə qovşağı əməkdaşına pulu elə internetə köçürdüyünü əks etdirən qəbzi təqdim etsən də, bu fakt da onu insafa gətirməz, dediyində durar, səni borclu çıxarar. Axırda naəlac qalıb gələn ayın borcunu öncədən köçürdüyünə “inanarsan”. Fəqət həmin pul nə gələn, nə də növbəti aylarda telefona, ya da internetə yüklənməz, sənin cibinə səssizcə girmiş “oğru”nu heç bir üsulla faş edə bilməzsən...

Sıradan, adidən-adi bir hüququnun pozulmasını gələcək hüquqpozulmalarının “müjdəçi”si hesab edərsən, fəqət kimsəni belə məsələlərdə özünə vəkil tuta bilməzsən.

İnternetin sürətinə görə, ən yüksək məbləği köçürmək istərsən, ya da, bu arzunu gerçəkləşdirmək həvəsində olarsan. Lakin eşidib-gördüklərindən özün üçün vacib bir nəticə çıxararsan - 12 manatlıq internetlə 20, 50, yaxud 100, 120 manatlıq tarifin sürətində heç demə, hansısa bir fərq yoxmuş. Fərq sözügedən xidmətə ödədiyin məbləğdə, sadəcə, bir adamın pulunun digərindən az və çox olmasındaymış...

Hələ bu harasıdır, tez-tez kəsilən elektrik enerjisindən sonra, yaxud, müəmmalı səbəblərdən baş verən internet “yüklənmə”lərindən vaxtın boşuna, gözləntilərdə keçəndə, səbrin tükənəndə, əsəblərin pozulanda “insan haqları” deyilən söz birləşməsinə aqressiv münasibətinə özün də məəttəl qalarsan. Mövcud vəziyyətə, situasiyaya layiq, məcbur olub dilinə gətirdiyin sözlərlə minlərlə insanın haqqına girdiyinə xəcalət çəkərsən...

Xəcalət çəkməli nə qədər adamın, məsul şəxslərin, hətta sıravi əməkdaşların da əvəzinə, sən əzab çəkərsən. Adi, elementar hüquqların qorunmadığı məmləkətdə hələ də insan olduğuna çaşıb qalarsan...

Amma sivil cəmiyyətlərdə, ölkələrdə belə situasiyalarda çaşıb qalmazlar. Qonşunun internet parolunun oğurluğu, kodun sındırılması onlara şəxsiyyətin alçalması, sındırılması kimi gəldiyindən, onlar buna getməzlər. Elə bu vəziyyətə düşmədikləri üçün də, çaşıb qalmazlar.

Nə vaxtsa adi insan haqlarından istifadə etmək, o hüququ görmək bizə də müyəssər olsa..

İtkinlərimizi tapmaq üçün divarın o üzündə, hansısa binanın içində baş verənlərdən xəbərdar olmaq xoşbəxtliyi də bizə nəsib olar - lakin hər məqamda başqalarından fərqləndiyimiz kimi, burda da özəlliyimizi qorumaqla. Bizə Wİ-Fİ router tərəfindən buraxılan radiosiqnallar divarın o tərəfini görmək üçün deyil, itkinlərimizi tapmaq, onları evinə-eşiyinə, bu, məcburiyyət kimi başa düşülsə, elinə-obasına qaytarmaq üçün gərəkdir. Onsuz da qoca-cavan, qadın-uşaq, hər gün kiminsə evindən, ailəsindən, kəndindən, rayonundan, hətta paytaxtından, vətənindən çıxıb getməsini eşidirik.

Böyük bir itkin ordusunun qaytarılması üçünsə, sonucda internet siqnalına da ümid bəsləyər əlacsız insan. Hazırda bu məqam bizə keçmişin “uçan xalça”sı, “sehrli güzgü”sü, “sehrli çubuğ”u kimi görünsə də.