"Türkiyənin Suriyaya girməkdə iki məqsədi var" - Qabil Hüseynli

22:13 08-10-2019 40

Politoloq Qabil Hüseynli ABŞ-ın hərbçilərini Suriyadan çəkməsi qərarını Teleqraf.com-a şərh edib.

Paralel.az onunla müsahibəni təqdim edir:

- ABŞ-ın hərbçilərini Suriyadan çəkmək qərarını necə qiymətləndirirsiniz?

- Türkiyə bir müddətdir ABŞ-la təhlükəsiz bölgə yaradılması barədə danışıqlar aparırdı. ABŞ tərəfi gah “hə” dedi, gah da sükuta daldı və bu minvalla iki ayı bu cür keçirdi. ABŞ PKK-nı, onun uzantısı olan YPG-ni müdafiə edir və onları Suriyanın Demokratik Qüvvələri adı altında birləşdirərək faktiki olaraq, Türkiyəyə qarşı yönləndirir.

Türkiyənin isə Suriyanın şimalında hərbi əməliyyatları həyata keçirməkdə iki istəyi var. Birincisi, təhlükəsiz bölgələr yaradıb terrorçu qüvvələri sərhəddindən xeyli uzaqlaşdırmaq niyyətindədir. Eləcə də Türkiyəyə üz tutan və sayı 3,5 milyona çatan Suriya qaçqınlarını tədricən təhlükəsiz bölgədə yerləşdirmək istəyir. Bu, çox ciddi, həm də humanitar ideyadır. Bu cür insanpərvər ideyanın həyata keçirilməsi ən azı qaçqınların öz vətənlərinə geri dönməsinə kömək edə bilər. Amma ABŞ-ın bu məsələdə tərəddüd göstərməsi, son anda isə Türkiyə ilə birlikdə hərəkət edib tampon bölgələr yaratmaq istəyi Trampın hərdəmxəyal siyasətinin acı nəticəsidir.

- Bu qərarı Donald Trampın Suriya planının iflasa uğramasının nəticəsi sayanlar var. Sizin qənaətiniz necədir?

- ABŞ Suriya döyüş meydanında çoxdan iflasa uğrayıb. Çünki Rusiya ayağını Suriya torpağına basıb yeni hərbi bazaları yaradandan, eləcə də birbaşa hərbi əməliyyatlara cəlb olunandan sonra ABŞ riskə getmədi, müəyyən qədər qorxaraq meydandan çəkildi. Birləşmiş Ştatlar nə qədər özünə bəraət qazandırmağa çalışsa da, Suriyada fəaliyyət dairəsi xeyli zəifləyib, üstəlik burada siyasi-hərbi proseslər Astana prosesi çərçivəsinə keçib. Astana prosesində isə Rusiya, Türkiyə və İran hökmranlıq edir. ABŞ-ın Yaxın Şərq siyasətində ciddi uğursuzluqların olduğunu görməmək mümkün deyil.

- Türkiyənin Suriyanın şimalında başlayacağı əməliyyatlar necə nəticələnəcək?

- Türkiyə bu mövqeyində israrlıdır və ciddi əməliyyat hazırlayıb. Suriya ilə sərhəd bölgəyə yarım milyona yaxın hərbçi və texnika toplanıb.

F-16-lar da havadan dəstək verəcək. Məncə, bu qədər böyük qüvvənin qarşısında heç bir güc tab gətirə bilməz. Belə hesab edirəm ki, Suriya Demokratik Qüvvələri adı altında gizlənmiş qüvvələri, həm də PKK və YPG birləşmələrini tamamilə zərərsizləşdirəcək, təhlükəsiz bölgə yaradaraq müxalif qüvvələri, Suriya qaçqınlarını yerləşdirməyə başlayacaq. Türkiyə nəzərdə tutduğu planın 85-90 faizini həyata keçirə biləcək.

- Bəs Rusiya və İran Türkiyənin Suriya planına necə reaksiya verəcək?

- İran müəyyən əngəl yaratmağa çalışır. Rusiya bu məsələdə Türkiyəyə etiraz etmir. Çünki bu plan Rusiyanın maraqlarına zərər vurmur, əksinə qaçqın problemlərinin həlli üçün perspektivlər açır. İran nədənsə PKK və YPG-nin qorunmasının tərəfdarıdır. Suriyanın təhlükəsizliyi adı altında Türkiyə qoşunlarının hücumunun mənasız olacağı və bölgəni qarışdıracağına dair sərsəm fikirlər səsləndirir. Türkiyə buna baxan deyil, planının həyata keçirilməsinə heç kim müqavimət göstərə bilməyəcək. ABŞ isə neytral qalacağını bəyan edib.