Hicran Hüseynova işinin adı nədir, bilirmi?

15:36 11-10-2019 120
Təssəvvür edin övladınızın əlindən tutub söhbət edə-edə gəzişirsiniz və anidən əlində bıçaq olan bir adam həyat yoldaşının arxasınca gəlir və faciə baş verir...



Ziya Mehti yazır...


Son 5 gündə 12 qadın cinayəti baş verdi. Qadın cinayəti deyirəm, çünki baş verənlər bir faciə idi. Ən azından bir ananın övladının gözü önündə və insanların sıx olduğu bir yerdə vəhşiliklə qətlə yetirilməsi, başqa bir qadının döyülüb atla süründürülməsi kriminal statistikanı bir rəqəm artıracaq qədər adi deyil, yəni mənim vicdanım bunu belə qavramağa əl vermir. Bütün bunlara necə öyrəşə bilərik ki?

Yaddaşımızı təzələyib bu ilin aprel ayına qayıdaq. Elina Hacıyeva təqribən səhər saat 9-da özünü pəncərədən atmışdı və bu son 4 ildə sayca 10-cu məktəbli intiharı idi. Elinanın və cəmiyyətin öldürdüyü digər məktəblilərin də intihar səbəbi çox da fərqli deyildi: intihar edən qadınlar da, kişilər də “qadınaxas” olduğuna görə “qurban” edilmişdi.

Qadına və qadınaxas olana “güc”ün yanaşması fobikdir, çünki “güc” dediyim şey cəmiyyət üzərində formal (məs, dövlət, din vəs.) və ya qeyri-formal (məs,cəmiyyətə hakim olan əxlaq) olan hakimiyyətdir. Bunların hamısı əsrlərin oturuşmuş mülkədar və dindar “kişi”sinin məntiqilədir. Ona görə qonşu evində döyülən, siyasətdə danışan, küçədə öldürülən qadının səsi eşidilmir. Bu cins məsələsi deyil, patriarx sadəcə kişi cinsli hakimdir və digər kişilər də onun sözü ilə oturub durur.

Bu köhnə ənənədir. Hətta Cəlil Məmmədquluzadə kimi bir maarifçi belə öz yazısında qadının çadrasız olmağına qarşı olmadığını, amma həyat yoldaşının çadrasını açacağı halda başqa kişilərin pis nəzər salacağını bildiyi üçün bunu istəmədiyini yazırsa, biz Məmməddən, Əlidən nə mədət umaq? Əgər bizim maarifçimiz belə patriarxa məğlub olubsa, nə etməli?

Hə, doğurdan, axı indi həmin dövr deyil. Buna qarşı adminstrativ mübarizə nəzərdə tutulub və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanan qurum 2019-cu il üçün büdcədən 3.4 milyon pul ayrılıb. Hələ komitənin büdcədən kənar xərclərini demirəm, bunun pulunu da vətəndaşın yığılan vergisindən “sosial təminat” adı ilə xərcləyirlər.

Maraqlı, nüansdır ki, komitənin sədri xanım Hicran Hüseynovanın adını axtaranda da ancaq korrupsiya halları üzə çıxır. Bütün bunlara baxmayaraq, özümə sual verdim ki, görəsən, öldürülən qadınlardan heç olmasa biri bu komitədən, yaxud xanım Hüseynovadan xəbərdar olubmu? Ay-hay! Öz sualımdan özüm utandım.

Bir müddət əvvəl özümə də maraqlı gəlmişdi ki, görəsən, bu QHT-lər, qadın cəmiyyətləri və bu boyda rəsmi komitə qadınlara necə yardım edir? Yerində də gördüyüm, uzaqdan da eşitdiyim o oldu ki, qadın müdafiəçilərimiz hələ “qadın”la “arvad”ı ayırd edə biləcək səviyyə çatmayıblar. Çünki etdikləri kömək bir növ patriarxın “gözüm görməsin bunu” əmrini icra etməkdir.
Bəli, onlar köməyə ehtiyacı olan qadınlar REABLİTASİYA edirlər. Bir sığınacağa salıb “ər”inə qarşı sadiq olmağı, lap yovuşmaz halda da başını aşağı salıb bir müddət sığınacaqda yaşamağı məsləhət görürlər. Bizim “kənd”də də “reablitasiya”ya da “sındırmaq” deyirlər, amma nəisə..

Bir daha mövzuya dönməli olsam, etiraf etməliyəm ki, bəzi şeylər də məni ümidləndirir. Xüsusilə, yeni əxlaqın - gəncliyin reaksiyası heç “ver yeyim, ört yatım”a bənzəmir. Nə qədər də trendləşmə kimi zay mübarizə üsulu gözlərimizin önündən keçsə də, bəzi qadınlar öz hüquqlarını müdaifə etmək üçün hazır olduğunu göstərir. Hadisələr unudulmur, yeniləri olmasın deyə fikirlər söylənilir. Ancaq inanıram ki, bu gənclik qadın qatillərinin də, Hicran Hüseynova kimi saxta feministlərin də dərsini verəcək.

İnsan olun ki, qadınlar da ölməsin.

Hadisələrin xronikası:

Bakı, Binəqədi rayonu, Avtovağzal metrosu yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi ilə qətlə yetirib.

Beyləqanın, Yuxarı Aran kəndində döyülərək yolun kənarına koma vəziyyətində atılan 18 yaşlı Quliyeva Aygün Mehman qızı xəstəxanada vəfat edib. Döyülmə səbəbi müəmmalıdır.

Daşkəsənin Əmirvar kəndində 19 yaşlı, hamilə olan Abdullayeva Ayşə Samir qızı gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən ölümcül döyülüb. Səbəb isə gəlin gələndə özü ilə cehiz kimi qoyun gətirməməsidir.
▪️Bakı, Nizami rayonunda 39 yaşlı İlham Əkbərov yaşadığı evdə arvadı, 36 yaşlı Əkbərova Cəvahir Telman qızını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

Tərtərin Şıxarx qəsəbəsində qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.

Gəncənin Bayan küçəsində, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Sabir qızı əri Məhərrəm Sirati tərəfindən boğazı kəsilib.

Bakının Nəsimi rayonunda qayın ana və qızını beyzbol dəyənəyi ilə döyərək xəstəxanalıq edib.

Abşeronun Masazır qəsəbəsində Abdullayeva Aynurə Bəhmən qızı əri Yaqub Qurbanov tərəfindən döyülərək öldürülüb.

Bakıda məhbus Ramin Bayramov ona baş çəkməyə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və kəsici alətlə ona ağır xəsarət yetirib.

Bakı, Atatürk prospektində Orxan və Aysel adlı şəxslər 1995-ci il təvəllüdlü Musazadə Nurlana İbrahim qızını döyərək, telefonunu alıb, hadisə yerindən uzaqlaşıblar.

Xətai rayonu, NZS qəsəbəsi ailə münaqişəsi zəmnində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızını döyərək ağır xəsarət yetirib.

Nəsimi rayonunda 44 yaşlı Abbasova Nəzirə Ağagül qızı keçmiş əri tərəfindən döyülüb.

 

milletinsesi.info